Milli yeməklərimizin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi gözlənilir
Paxlavanın mənşəyi ilə bağlı müzakirələr və müxtəlif ölkələrin bu məşhur şirniyyatı öz milli mətbəxinə aid etməsi uzun illərdir beynəlxalq müstəvidə davam edir. Belə ki, ötən gün tarixi və mədəni irsin qorunması baxımından xüsusi əhəmiyyət daşıyan bu məsələ fonunda Azərbaycan və Türkiyə ortaq təşəbbüslə çıxış edərək paxlavanın UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün birgə müraciət təqdim ediblər. Müzakirə zamanı "baklava" və "paxlava" adları altında hazırlanan müraciət həm şirniyyatın ortaq kulinariya irsi kimi tanınmasına, həm də mənşəyi ilə bağlı mübahisələrə aydınlıq gətirilməsinə hesablanıb. Məsələ yenidən milli mətbəx nümunələrinin qorunması, tarixi faktların sənədləşdirilməsi və mədəni dəyərlərin beynəlxalq səviyyədə tanıdılmasının vacibliyini gündəmə gətirib.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bununla bağlı Crossmedia.az-a açıqlama verib.
Onun fikrincə, bu gün dünyada qidalanma sadəcə yemək yemək və ya hər hansı bir qida qəbul etmək deyil: "Eyni zamanda bu, tariximizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi əks etdirən, xüsusilə də turizm baxımından insanları cəlb edən əsas dəyərlərimizdən biridir. Təbii ki, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi də birbaşa olaraq həm adət-ənənələrimizin qorunması, həm də bu sahədə dünyada öz yerimizi tutmaq, təamlarımızı tanıtmaq baxımından önəmli addımlardandır. Xüsusilə də coğrafi mənşəyini göstərmək və bunun hansı ölkəyə, hansı millətə aid olmasını bildirmək həm kulinariya ənənələrini qorumaq, həm də milli kimliyimizi qorumaq baxımından mühüm əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, paxlava ad olaraq təkcə bizim şirniyyatımız olmasa da, türklərlə bizim ortaq mədəniyyətimizin bir hissəsi kimi qiymətləndirilə bilər. Burada Azərbaycanın və Türkiyənin birgə müraciət etməsi də bir çox hallarda göstərir ki, bu, ortaq dəyərlərimizə qiymət verməyin, ortaq tariximizi və mədəniyyətimizi paylaşmağın göstəricisidir".
Mütəxəssis əsas məqsədin ənənələrin qorunması, gələcək nəsillərə düzgün şəkildə çatdırılması və beynəlxalq səviyyədə tanıdılması olduğunu vurğulayıb: "Yaxşı olar ki, bu kimi təşəbbüslər gələcəkdə digər milli yeməklərimizə və şirniyyatlarımıza da aid edilsin. Çünki yaxın coğrafiyada yerləşdiyimiz üçün bir çox yeməklərimiz var ki, onlar bir-birinə oxşardır. Bunların beynəlxalq səviyyədə qorunması və milli mətbəximizin qorunması üçün ən doğru yol tarixi mənbələrə söykənərək araşdırmalar aparmaq, bunları düzgün şəkildə təqdim etmək və UNESCO kimi nüfuzlu təşkilatın qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinə nail olmaqdır. Bu da Azərbaycanın və Türkiyənin böyük uğurlarından biridir. Əks halda, təbii ki, biz bunları qorumasaq, gələcəkdə müxtəlif ölkələr onları öz adına çıxara bilər. Ona görə də bu addım çox təqdirəlayiqdir. Deyərdim ki, bütün qida məhsulları, xüsusilə də milli yeməklərimiz və şirniyyatlarımız barədə bu cür araşdırmalar aparılmalı və onların həmin siyahıya daxil edilməsi üçün müraciətlər olunmalıdır".
Fatimə Məmmədova
17:46 03.07.2026
Oxunuş sayı: 60