Akademik Valeh Hacıların "Borçalı Mehralı bəy tarixi həqiqətlərdə" kitabının təqdimatı keçirilib
Azərbaycanda Atatürk Mərkəzində mərhum akademik Valeh Hacıların "Borçalı Mehralı bəy tarixi həqiqətlərdə" kitabının təqdimat mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbiri təşkilatçı Nizami Cəfərov açıb.
Belə ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ali təhsil müəssisələrinin müəllimləri, tədqiqatçılar, ictimaiyyət nümayəndələri, media təmsilçiləri, eləcə də müxtəlif ölkələrdən gələn qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan təşkilatçı Nizami Cəfərov akademik Valeh Hacıların Azərbaycan elminə, xüsusilə tarix və türkoloji araşdırmalara verdiyi töhfələrdən danışıb. Bildirilib ki, müəllifin sağlığında ərsəyə gətirdiyi "Borçalı Mehralı bəy tarixi həqiqətlərdə" kitabı Borçalı bölgəsinin tarixi keçmişinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır.
Mərasimdə çıxış edən akademiklər kitabın elmi məziyyətlərindən, müəllifin zəngin yaradıcılıq irsindən və Azərbaycan tarixşünaslığına verdiyi töhfələrdən bəhs ediblər. Onlar qeyd ediblər ki, Valeh Hacıların elmi fəaliyyəti təkcə ölkəmizdə deyil, türk dünyasında da böyük maraqla qarşılanıb.
Xarici ölkələrdən tədbirə qatılan qonaqlar da çıxışlarında əsərin tarixi faktlara söykənən dəyərli tədqiqat olduğunu vurğulayıb, akademik Valeh Hacıların türk dünyasının ortaq tarixi və mədəni irsinin araşdırılması istiqamətində xidmətlərini yüksək qiymətləndiriblər. Çıxışlarda mərhum alimin xatirəsi dərin ehtiramla yad olunub, onun elmi irsinin gələcək nəsillər üçün əhəmiyyəti xüsusi qeyd edilib.
Təqdimat zamanı kitabın məzmunu, Borçalı bölgəsinin tarixi, Mehralı bəyin fəaliyyəti və dövrün ictimai-siyasi hadisələri barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, nəşr tarixi həqiqətlərin araşdırılması və gələcək tədqiqatlar üçün etibarlı mənbələrdən biri kimi mühüm əhəmiyyət kəsb edir.
Tədbirin bədii hissəsində aşıq saz havaları ifa edərək mərasimə xüsusi rəng qatıb. İştirakçılar ifaları maraqla qarşılayıblar.
Sonda tədbir iştirakçıları akademik Valeh Hacıların əziz xatirəsini bir daha ehtiramla anıb, xatirə şəkli çəkdiriblər.
Nigar Xəlilli
16:23 03.07.2026
Oxunuş sayı: 60