Restoranlarda müştərilərə at əti verilib
Ölkədə 600-dən çox ictimai iaşə obyektində, iaşə müəssisələrində, restoran və kafelərdə qanunsuz olaraq at ətinin aşkarlanması xəbəri qida təhlükəsizliyi mövzusunu yenidən ölkə gündəminin mərkəzinə daşıyıb. Belə ki, aparılan yoxlamalar zamanı məlum olub ki, 600 -dən çox uyğunsuzluq aşkarlanan iaşə obyektlərində 500 kq-a yaxın at əti aşkarlanıb və dövriyydən çıxarılıb. İstehlakçıların hüquqlarının kobud şəkildə pozulması və insanların sağlamlığına yaradılan bu ciddi təhlükə cəmiyyətdə böyük narahatlıq və haqlı narazılıq doğurub.
Mövcud vəziyyəti, tətbiq olunmalı hüquqi sanksiyaları və vətəndaşların bu fırıldaqçılıqdan necə qorunmalı olduqlarını Crossmedia.az-a şərh edən qida eksperti Fərid Səfərov bildirib:
"Bu cür halların təkrarlanmaması üçün cəzalar təkcə cərimə ilə məhdudlaşmamalıdır. Əgər müəssisə istehlakçını qəsdən aldadaraq fərqli növ əti başqa ət adı ilə təqdim edirsə, yüksək məbləğdə cərimələr, fəaliyyətinin müvəqqəti dayandırılması, təkrar hallarda isə lisenziyanın ləğvi və qanunvericiliyə uyğun hüquqi məsuliyyət tədbirləri tətbiq olunmalıdır. Bununla yanaşı, nəzarət orqanlarının xəbərdarlıq edilmədən mütəmadi yoxlamalar aparması, laborator analizlərinin sayının artırılması və qayda pozuntusuna yol verən müəssisələrin ictimaiyyətə açıqlanması da çəkindirici təsir göstərər".

Ekspert vurğulayıb ki, istehlakçıların restoranda qəbul etdikləri qidanın tərkibini vizual və ya dad formalı təxminlərlə bilməsi real deyil, burada yeganə çıxış yolu sistemli nəzarətdir: "Sıravi vətəndaşın restoranda qarşısına qoyulan bişmiş ətin at əti olub-olmadığını dəqiq müəyyən etməsi isə praktik olaraq mümkün deyil. Çünki bişirmə, ədviyyatlar və souslar ətin rəngini, qoxusunu və dadını əhəmiyyətli dərəcədə dəyişə bilir. Bəzi insanlar lif quruluşunda və ya dadında fərq hiss edə bilsələr də, bu etibarlı meyar deyil. Dəqiq nəticəni yalnız laborator analizlər, xüsusilə DNT əsaslı müayinələr göstərə bilər. İstehlakçılar riski azaltmaq üçün etibarlı və nüfuzlu restoranlara üstünlük verməli, şübhəli hallarla qarşılaşdıqda isə bunu aidiyyəti qurumlara bildirməlidirlər. Qida təhlükəsizliyində ən vacib məsələ istehlakçının şəxsi təxminləri deyil, effektiv dövlət nəzarəti, şəffaflıq və qanunvericiliyin ciddi şəkildə tətbiq edilməsidir".
Fatimə Cabbarlı
13:00 02.07.2026
Oxunuş sayı: 41