Bakıda mikromobillik zolaqları yaradılmalıdır
Son illərdə paytaxt Bakının nəqliyyat sistemində mikromobillik vasitələrinin, xüsusilə də skuter və velosipedlərin istifadəsində kəskin artım müşahidə olunur. Bu tendensiya ekoloji alternativ və tıxaclara qarşı effektiv həll yolu kimi qiymətləndirilsə də, paytaxtın mövcud yol-nəqliyyat infrastrukturunun bu sürətli inkişaf tempindən geri kalması ciddi təhlükəsizlik və idarəetmə böhranı yaradıb. Küçələrdə özləri üçün xüsusi hərəkət zolağı tapa bilməyən skuter sürücülərinin piyada səkilərinə və gəzinti zonalarına çıxması, xüsusilə uşaqlar, yaşlılar və fiziki məhdudiyyətli şəxslər üçün paytaxt küçələrini real qəza riskli məkana çevirib.
Mövzu ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev mövcud reallığı və problemin köklü həll paketini belə izah edir:
"Bu gün əsas problem skuterlərin mövcudluğu deyil, onların hərəkət edəcəyi təhlükəsiz və ayrılmış məkanların kifayət qədər olmamasıdır. Məsələyə kompleks yanaşmaq lazımdır. Ayrı-ayrı küçələrdə qısa, parça-parça zolaqlar çəkməklə problem həll olunmur. Şəhərin əsas küçələri boyunca bir-biri ilə əlaqələndirilmiş mikromobillik zolaqları yaradılmalıdır. İnsan istifadə etdiyi nəqliyyat vasitəsi ilə marşrutun böyük hissəsini təhlükəsiz şəkildə qət edə bilməlidir".

Məsələnin texnoloji tərəflərinə toxunan ekspert, dünyadakı müasir nəzarət sistemlərinin Bakıda da tətbiqinin vacibliyini vurğulayır: "Piyada sıxlığının yüksək olduğu parklar, bulvar və tarixi mərkəz kimi ərazilərdə skuterlər üçün sürət məhudiyyətləri tətbiq olunmalıdır. Dünyanın bir çox şəhərlərində 'geofencing' (coğrafi çəpərləmə) texnologiyası vasitəsilə skuter müəyyən əraziyə daxil olduqda onun sürəti avtomatik azaldılır və ya hərəkəti məhdudlaşdırılır. Bu təcrübənin Bakıda da tətbiqi təhlükəsizliyə ciddi töhfə verə bilər. Eyni zamanda, səkiləri zəbt edən nizamsız parklanmanın qarşısını almaq üçün xüsusi məntəqələr yaradılmalı və məsuliyyət mexanizmləri tətbiq edilməlidir. Problemin köklü həlli həm də hüquqi tənzimləmələrdən və cəmiyyətdəki hərəkət mədəniyyətindən asılıdır. Qanunvericilikdə mikromobillik vasitələrinin hansı yollarda hərəkət edə biləcəyi, maksimal sürət həddi, istifadəçilərin hüquq və vəzifələri daha konkret müəyyən olunmalıdır. Xüsusilə gecə saatlarında işıqlandırıcı vasitələrdən və qoruyucu elementlərdən istifadəyə dair tələblər gücləndirilməlidir. Bununla yanaşı, maarifləndirmə işləri də genişləndirilməlidir. Çünki təhlükəsiz hərəkət mədəniyyəti yalnız cərimələrlə deyil, qarşılıqlı hörmət və məsuliyyət hissi ilə formalaşır".
Fatimə Cabbarlı
10:30 01.07.2026
Oxunuş sayı: 71