Rusiyanın Ermənistana hərbi müdaxiləsi onun üçün bataqlıq olar - MÜSAHİBƏ
Son zamanlar Şərqi Avropadakı müharibədə ciddi proseslər baş
verir. Bəzilərinin fikrincə, Ukraynanın paytaxt Moskvaya və ətraf ərazilərə
intensive dron hücumları strateji təşəbbüsün Kiyevin əlinə keçməsinə şərait
yaradıb. Xüsusilə Rusiya rəsmilərinin, o cümlədən Prezident Vladimir Putinin
danışıqlar ehtimalını yenidən gündəmə gətirməsini nəzərə alraq baş verənləri
dönüş nöqtəsi kimi qiyməltəndirənlər də var.
Politoloq Aytən Qurbanova Şərqi Avropadakı vəziyyət və beynəlxalq
gündəmdəki digər məsələlərlə bağlı Crossmedia.az-a müsahibə verib?
— Kreml sözçüsü
Dmitri Peskov deyib ki, Ukraynanın hər ötən gün cəbhədə vəziyyəti çətinləşir.
Doğrudan da, belədir?
—
Əslində belə bəyanatlar sadəcə sözdə ifadə
olunan fikirlərdir. Real şəkildə hər hansı bir formada əməliyyatların gedişatı
ilə bağlı informasiya vermir. Çünki cəbhədəki vəziyyətə nəzər salsaq, görərik
ki, Ukrayna kifayət qədər irəliləyir, Rusiya bəzi ərazilərdə geri çəkilməyə məcbur
qalır. Rusiyalı rəsmilərin və jurnalistlərin bəyanatları isə strateji təşəbbüsün
Moskvada olduğu, Kiyevin məğlubiyyət astanasında olması məzmunludur. Real vəziyyət
budur ki, beş il müddətində nə Rusiya tam qələbəyə nail olub, nə də Ukrayna ərazi
bütövlüyünü təmin edib. Proseslərin gedişi belə deməyə əsas verir ki, Rusiya –
Ukrayna müharibəsi qlobal gündəliyin ilk üç sırasındadır. Əslində beş il ərzində
Rusiya-Ukrayna müharibəsi birinci sırada idi. Sonra proseslərin gedişatı, İran-ABŞ münasibətlərinin gərginləşməsi, Orta
Şərqdə baş verən hadisələr onun ikinci, hətta bəzi mərhələlərdə üçüncü sıraya qədər
keçməsinə səbəb olmuşdur. İndiki mərhələdə verilən bəyanatlar Rusiya-Ukrayna
müharibəsinin aktuallığını daha çox artırır. Peskovun bu bəyanatı düşünürəm ki,
Rusiyanın mövqeyinin kifayət qədər güclü olması, ölkənin hərbi cəbhədə irəliləməsi
və danışıqlar prosesində heç bir halda güzəştə getməyəcəyi ilə bağlı beynəlxalq
ictimaiyyətə verilmiş mesaj xarakteri daşıyır. Real şəkildə onu da deyə bilərik
ki, Ukrayna ərazisinin böyük bir hissəsi faktiki olaraq Rusiyanın işğalı
altındadır. Bu işğala son qoya biləcək mexanizmlər hələ də tam şəkildə işlək vəziyyətə
salınmayıb.
— Son zamanlar Moskvaya, o cümlədən
ətraf ərazilərə intensiv dron hücumlarının effektivliyini necə qiymətləndirirsiniz?
— Bu, çəkindirici amil xarakteri daşıyır.
Çünki Rusiya ərazisinin birbaşa hücumlara məruz qalması Rusiya daxilində artıq
müharibə ilə bağlı ajiotaj yarada bilər. Niyə müharibə beş ildən artıqdır davam
edir? Çünki Rusiya əhalisi müharibənin, fəlakətin nəticələrini Ukrayna əhalisi
qədər hiss etmir. Hər nə qədər sanksiyalar tətbiq edilsə də, təcridçilik həyata
keçirilsə də biz aydın şəkildə müşahidə edə bilərik ki, rus əhalisi gündəlik həyat
qayğıları ilə məşğuldur. Həyatını itirənlərin böyük əksəriyyəti etnik
azlıqlardır. Belə ki, məcburi olaraq müharibəyə cəlb olunanlar məhz Rusiya ərazisində
yaşayan etnik azlıqlardır. Həmçinin Rusiyanın hakimiyyətinin siyasətində dəyişiklik
olması üçün xalqın da mövqeyi dəyişməlidir. Mən hər zaman bu fikri müdafiə
etmişəm ki, Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətdən getməsi dövlətin
siyasətində ciddi dəyişikliyə gətirib çıxarmayacaq. Çünki Rusiya əhalisinin
70-80 faizi eyni düşüncədədir. Onlar postsovet məkanını özlərinin çətiri
altında olan vassal bölgə hesab edirlər və düşünürlər ki, bu ərazilər Rusiyaya
tabe olunmalıdır. Elə bilirlər ki, post- Sovet məkanındakı dövlətlər Rusiyanın
diktəsinə uyğun davranmalıdırlar. Nə postsovet məkanında olan digər dövlətlər,
nə də Ukrayna buna tab gətirmək ya da bununla hər hansı bir formada barışmaq
istəyir. Onlar öz ərazi bütövlüyü ilə bağlı öz suveren qərarlarını vermək istəyir.
Eyni zamanda özünün gələcəyə yönəlik xarici siyasət konsepsiyasını bu əsasda
formalaşdırmağa çalışırlar. Amma Rusiyanın imperiya təfəkkürü yenə də öz təzahürlərini
göstərir. Bunu Gürcüstanda, Ukraynada görmüşük. Həmçinin indi də Ermənistanda
oxşar mənzərə var. Ümumiyyətlə, Rusiya geri addım atmaq istəmir. Bu isə sadəcə
postsovet məkanı və region üçün deyil, ümumilikdə qlobal sistem üçün də ciddi təhdiddir.
Rusiya artıq masada özünü böyük dövlət olaraq görür. Yəni Rusiya-Ukrayna
müharibəsi sadəcə ərazi münaqişəsi, ya da hər hansı bir formada NATO-ya üzvlük,
Avropaya inteqrasiya ilə bağlı bir proses deyil. Düşünürəm ki, bu, daha böyük mənzərədə
dünyanın yenidən bölüşdürülməsi uğrunda mübarizənin aydın təzahürüdür. Çünki
Rusiyanın əraziyə ehtiyacı yoxdur. Rusiyanın əlavə resurslara da xüsusi olaraq
ehtiyacı yoxdur.
—
Elə isə nə istəyir?
— Rusiyanın özünü sübut etməyə, “Böyük yeddiliyə”(G7) qoşulmağa ehtiyacı var. ABŞ Prezidenti Donald Trampın atəşkəslə bağlı təkliflərində bu məsələ xüsusi bənd kimi var. Bu, təsadüfi deyil. Düşünürəm ki, bu, Kreml rəhbəri Vladimir Putinin təkidi ilə salınmış bəndlərdən biri idi. Düzdür, həmin atəşkəs şərtləri bu gün müzakirə mövzusu deyil. Amma ən azından nəbz ölçmək üçün yetəri qədər önəmli mesajlardan biri idi. Bundan sonrakı proseslərin gedişatında da işğal etdiyi ərazilərdən geri çəkilməyən bir Rusiya ilə qarşı-qarşıya qalacağıqmı? Təəssüf ki, bəli. Yəni bu bu müharibənin gələcək onillikləri əhatə edəcək bir danışıqlar prosesini əhatə edəcəyini aydın şəkildə deyə bilərik. Amma rəsmi Kiyevə tabe olan ərazilərin qorunub saxlanılması, sabitliyin müəyyən mənada təmin olunması, atəşkəs dövründə Ukraynanın resurslarının bərpa olunması, onun yenidən qurulması ilə bağlı işlərin aparılması qarşıya qoyulan əsas prioritetlərdən biri olmalıdır. Bunun üçün də Rusiyanın ərazisinin hədəfə alınması, düşünürəm ki, taktiki gedişlərindən biridir. Bu, Rusiya ərazisinin işğalı kimi qiymətləndirilməməlidir. Bu, Rusiya əhalisinin hakimiyyətə təsir və təzyiq mexanizmlərinin daha çox işə düşməsi və nəhayət ki, Rusiyanın geri addım atması niyyətini ehtiva edir. Amma məsələnin digər tərəfi də var.
—
Demək istəyirsiniz
ki, Ukraynanın bu addımları əks effekt də verə bilər?
—
Rusiya ya geri çəkiləcək, ya da daha sərt mövqe
ortaya qoyacaq. Biz Rusiyanın taktiki nüvə silahlarından istifadə ehtimalı barədə
danışarkən həmişə deyirik ki, öz ərazisi təhdid altında olduğu zaman rəsmi
Moskva bu variantı seçəcək. Məlum olduğu kimi, tarixdə bir dəfə strateji nüvə
silahından istifadə olunub. Oxşar ssenari təkrarlana bilər.
— Yəni, dolayısı ilə belə düşünmək
olarmı ki, Ukraynanın təzyiqləri davam elədikcə, nüvə silahından istifadə
ehtimalı da artacaq?
— Medalın iki üzü var. Rusiya geri
addım ata, danışıqlar prosesində müəyyən güzəştlərə gedə bilər. Çünki beş il
uzun bir müddətdir. Hər nə qədər əhalinin itkisi baxımından daxildə çox hiss
olunmasa da, Rusiya vətəndaşı Avropa ölkəsinə səyahət edərkən çox aydın şəkildə
bunu öz üzərində hiss edir. Həmçinin xaricdə təhsil alan rus tələbələr,
rusiyalı iş adamları təcridçilik siyasətinin təsirlərini duyurlar. Təbii ki, təsəvvürlər
fərqli idi. Müharibə başladığı dövrdə Kiyevin 48 saat ərzində işğal olunacağını
iddia edən bir Rusiya var idi. Eyni zamanda Rusiya üzərində mütləq bir qələbə
elan edəcəyini düşünən bir kollektiv Qərb var idi. Amma hər ikisinin təsəvvürləri
və ssenariləri reallıqla üst-üstə düşmədi. Və bu reallıq onu göstərir ki, hər
iki tərəf güzəştə getməyə məcburdur. Rusiya ilk növbədə işğalçılıq siyasətindən
əl çəkməlidir. Moskvanın hansı əraziləri qaytarması müzakirə mövzusu olacaq.
Amma təkrarlayıram: Danışıqlar prosesi onillikləri əhatə edə bilər. Ən azından bilirik ki, Krımın taleyi bu gün həll olunmayacaq.
Yarımada qlobal sistemin bəzi aktorları, o cümlədən ABŞ tərəfindən de-fakto
Rusiya ərazisi kimi tanına bilər. Atəşkəslə bağlı bəndlərdə bunu da müşahidə
etmişdik. Bütün bunlara baxmayaraq, sabitliyin təmin olunması, Ukraynaya həyatın
qayıtması kifayət qədər önəmli
faktorlardır. Onu da deyim ki, Rusiyanın geri çəkiləcəyini deyəndə bütün ərazilərdən
çıxmasını yox, danışıqlar prosesində müəyyən güzəştlərə gedəcəyini nəzərdə
tuturam. Amma bir daha deyirəm, Rusiyanın taktiki nüvə silahından istifadə məsələsini
gündəmə gətirməsi də mümkündür. Bunu Belarus və digər strateji tərəfdaşlarının
simasında da edə bilər.
— Bu proseslər, o cümlədən
Ukraynanın təzyiqləri nəticəsində Rusiya hərbi- siyasi elitasında gərginliyin
yaranması, fərqli şəxslərin Kreml rəhbəri Vladimir Putinə qarşı çıxması
ehtimalını necə qiymətləndirirsiniz?
— Əslində, bununla bağlı daha əvvəldən də səsləndirilən fikirlər var idi. Səsləndirilən fikirlər arasında ən çox ifadə olunan keçmiş müdafiə naziri, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə fikir ayrılıqları ilə paralel olaraq xarici işlər naziri Sergey Lavrovla Putin arasında ziddiyətin olması nisbətində idi. Hətta Lavrovun danışıqlar prosesində fərqli mövqe nümayiş etdirməsi, aralıq sazişin imzalanması ilə bağlı fikir ortaya qoyması, Putinin isə birbaşa olaraq yekun sazişi təkid etməsi ilə bağlı fikirlərmüzakirə olunurdu. Ümumiyyətlə, yekun sazişin imzalanması indiki məqamda mümkün deyil. Çünki problem köklü şəkildə həll olunmalıdır ki, Ukrayna ilə Rusiya arasında hər hansı bir yekun sazişə nail olunsun. Aralıq sazişi ya danışıqların davam etdirilməsi ilə bağlı fikirlər səsləndirilə bilər, amma görüntü etibarilə Lavrovun verdiyi mesaj daha sərt xarakter daşıyır. Yadınızdadırsa, rusiyalı diplomat Alyaska görüşünə üzərində SSRİ yazılmış tişörtlə gedərək ciddi siyasi mesaj vermişdi. Fikrimcə, Kreml daxilində fikir ayrılıqları olsa belə, Putin hazırda bu bütövlüyü qoruyub saxlaya bilir. Amma bu nə qədər davam edəcək? Bunun davamlılığını təmin etmək mümkündürmü? Bunlar sual yaradan əsas məqamlardan biridir. Amma yenə əvvəlki fikrimə geri qayıdıram. Nə qədər ziddiyət olsa da Kreml daxilində ya da Rusiya cəmiyyətində, oxşar fikirlər təzahür edəcək. Yəni Putinin imperiya təfəkküründən çox da fərqlənən, daha liberal yanaşmalara sahib olan, Ukraynanın ərazi bütövlüyü ilə bağlı demokratik, ədalətə əsaslanan mövqe nümayiş etdirən kiminsə ön plana çıxacağı ilə bağlı fikirlər sadəlövhlük ola bilər.
—
Belarusun müharibəyə qoşulma ehtimalı nə qədərdir?
Məlum olduğu kimi, son zamanlar Moskva ilə Minsk arasında münasibətlər gərginləşir…
— Müharibəyə qoşulmaq deyəndə birbaşa olaraq Belarusun tərəf olmasını nəzərdə tutursunuzsa, bu, real deyil. Onsuz da Belarus müharibənin ilk günündən tam proseslərin içindədir. Taktik nüvə başlıqlarının Belarus ərazisinə daşınması, onun ərazisindən istifadə olunması məsələsinin gündəmə gəlməsi, Belarus dövlət başçısı Aleksandr Lukaşenkonun Putinin sözçüsü simasında təqdim olunması və digər faktorlar Belarusun əslində, strateji tərəfdaş olaraq Rusiyanın mövqeyindən çıxış etdiyini deməyə icazə verirdi. Amma birbaşa olaraq müharibə elan etmək, Ukraynaya qarşı cəbhədə iştirak etmək, düşünürəm ki, heç Rusiyanın marağına da uyğun deyil. Çünki bu, Ukrayna tərəfindən də hər hansı bir üçüncü, dördüncü dövlətlərin cəlb olunması deməkdir. Biz hamımız bilirik ki, onsuz da bu, Rusiya-Ukrayna müharibəsi deyil, Rusiya- Qərb müharibəsidir. Amma Qərb faktiki olaraq müharibədə iştirak etmir, özünü müharibə elan etmiş tərəf kimi deyil, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edən tərəf kimi təqdim edir. Belarus da bu nöqtədə Rusiyanın mövqeyini müdafiə edən tərəf kimi çıxış edir, amma birbaşa olaraq müharibənin iştirakçısı kimi nə yaxın perspektivdə, nə də gələcəkdə hər hansı bir formada bu proseslərin iştirakçısına çevriləcəyini düşünmürəm. Amma beynəlxalq münasibətlər sistemində baş verən hadisələr elə bir dəyişkən xarakterə sahibdir ki, biz birmənalı “ola bilməz” ifadəsini işlədə bilmirik. Çünki şərait, maraqlar sürətli şəkildə dəyişi. Əlbəttə, pərdəarxasında baş verənləri bilmirik. Odur ki, sadəcə görünənlər əsasında fikir söyləməyimiz mümkündür. Gələcəkdə elə hadisələrin şahidinə çevrilə bilər ki, müharibə daha genişmiqyaslı qarşıdurmaya çevrilsin, onda təbii ki, Belarus da bu proseslərin birbaşa iştirakçısı olacaq. Amma ikitərəfli müharibənin davam etdiyi bir dövrdə sadəcə Belarusun Rusiya tərəfindən müharibəyə qoşulması, düşünürəm ki, əslində, Rusiyanın maraqlarına da zidd və mövqeyini də zəiflədəcək ehtimaldır.

—
Aytən xanım,
Cənubi Qafqazdakı, o cümlədən Ermənistandakı proseslər Rusiya-Ukrayna
müharibəsinin taleyindən nə qədər asılıdır?
—
Böyük ölçüdə asılıdır. Əslində, bu gün beynəlxalq
münasibətlər sistemində baş verən bir çox hadisələr Rusiya-Ukrayna müharibəsinin
nəticələrindən asılıdır. Təsadüfi olaraq qeyd etmədim ki, bu, əsloində Rusiya-
Qərb müharibəsidir. Bu, sadəcə olaraq NATO-ya inteqrasiya, Aİ ilə münasibətlərin
yumşaldılması ya da ki rus dilinin qadağan edilməsi, rus mədəniyyətinə təhdid
xarakteri daşımır. Bu, böyük ölçüdə Rusiyanın beynəlxalq sistemdə formalaşan
yeni nizamda masada öz mövqeyini möhkəmlətmək, təsbit etmək mübarizəsidir. Yəni
bu mübarizənin nəticələri birmənalı şəkildə həm Cənubi Qafqaza, həm Ermənistan
daxilində baş verən proseslər, həm də Orta Şərqə təsir edəcək. Rusiyanın marağı
olduğu, hər hansı bir formada öz addımlarını, öz strateji hədəflərini gizlətmədiyi
bölgələr istisnasız olaraq Rusiya-Ukrayna müharibəsinin nəticələrindən təsirlənəcək.
Əslində bu proseslər beynəlxalq hüququn, ədalətin sınağıdır. Təsəvvür edin, bir
dövlət başqa bir dövlətin ərazisini sadəcə öz mədəniyyətini, öz qanunvericilik
aktlarını, öz rusdilli əhalisini nümunə gətirərək, heç bir əsas olmadan işğal
edir. Bu proses 2014-cü ildə, Krımın ilhaqı ilə başlandı. Sonra Rusiya Şərqi
Ukraynada qondarma rejim yaratdı. 2022-ci il fevralın 24-də isə müharibəyə
başladı. Savaş artıq beşinci ildir davam edir. Görürük ki, nə beynəlxalq hüquq,
nə də qlobal sistem Rusiya üzərində ciddi təsir imkanına malikdir. Əslində,
sahibdir. Həmrəylik nümayiş etdirilsə, bütün dövlətlər Rusiya ilə enerji siyasətində
kifayət qədər önəmli bir blok yanaşmasından, sanksiyalardan istifadə etsələr,
buna nail ola bilərlər. Sadəcə olaraq, hər kəs öz enerji təhlükəsizliyi, öz
milli maraqları, özünün cəmiyyətinin təhlükəsizliyi, sabitliyi nöqteyi-nəzərindən
çıxış edir. “Müharibə mənim sərhədlərimə yaxınlaşmasın, nə olursa- olsun”
prinsipi ilə məsələyə yanaşır, kənardakı
müharibəyə maliyyə yardımı ilə dəstək verirlər. Bu, yetərlidirmi? Xeyr. Ölən
ukraynalıdır, öz resurslarını itirən Ukraynadır, öz infrastrukturu tamamilə
dağılan, iqtisadiyyatı, siyasəti parçalanan tamamilə Ukraynadır. Və kənardan
Ukraynanı dəstəkləmək çox asandır. Beləliklə, bu gün davam edən danışıqlar
prosesi də ədalətli deyil. Çünki masada Ukraynanın suverenliyi və ya müstəqilliyi,
onun ərazi bütövlüyü deyil, Ukraynanın hansı sərhədlər daxilində müstəqilliyinin
qorunması məsələsi müzakirə olunur. Artıq Ukrayna parçalanıb. Yenidən Krım da
daxil olmaqla bütün əraziləri Ukraynaya geri qaytarılacaqmı? Bu sadəlövh yanaşmaya,
düşünürəm ki, nə ekspert cəmiyyətində, nə də sadə insanlar arasında kimsə
inanmır. Bu, Rusiyanın yaratdığı böyük bir presedentdir. Yəni artıq digər dövlətlər
də istənilən ərazilərə hücum edə, o ərazini işğal edə, özünə birləşdirə bilərlər.
Heç bir beynəlxalq sistem, heç bir beynəlxalq hüquq onlara mane olmayacaq. Və
bu, təbii ki, sadəcə Ermənistanda, regionda baş verən proseslərə deyil, bütövlükdə qlobal
sistemdə müşahidə olunan hadisələrə təsirsiz ötüşməyəcək.
—
Bəs Rusiya – Ermənistan münasibətlərinin cari
durumunu necə qiymətləndirirsiniz?
—
Ermənistan
postsovet məkanında, hətta Cənubi Qafqazda Rusiyanın əsas dayaqlarından
biridir. Rusiyanın Ermənistanda hərbi bazası var. İqtisadiyyatı böyük ölçüdə
ondan asılıdır. Rusiyanın Ermənistanın sadəcə kənd təsərrüfatı məhsullarını
bloklaması ölkə daxilində ciddi ajiotaj yaradıb. Ermənistanın sərhədlərinin
mühafizəsi, dəmir yollarının nəzarətdə olunması məsələsi, Avrasiya İqtisadi
Birliyindən 80%-dən çox asılılıq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına
üzvlük — bunların hər biri İrəvanın əlini-qolunu bağlayan əsas istiqamətlərdir.
Nə qədər də Qərbə inteqrasiya etmək istəsə də, nə qədər də balanslı siyasətlə
bağlı Azərbaycanın ortaya qoyduğu modeli
müəyyən mənada imitasiya edib yeni yanaşmalar formalaşdırmağa çalışsa da, Ermənistan
müstəqil dövlət deyil. Və Rusiya Ukrayna cəbhəsində qalib gəlsə, ilk istiqaməti
Ermənistan olacaq. Hətta Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda,
Ermənistanda parlament seçkiləri ərəfəsində də Moskva İrəvana mesajlar verməkdən
çəkinmədi.
—
Hətta artıq Ermənistanda Ukrayna ssenarisinin təkrarlana
biləcəyi deyilir. Rəsmilər də bu barədə açıq mesajlar verir…
—
Bəli. Bu xəbərdarlıqların özü də önəmli
faktordur. Bu, bir daha göstərir ki, Rusiya-Ukrayna müharibəsinin nəticələri
Ermənistanda gedən proseslərə hansı ölçüdə təsir edə bilər. Amma bir məqamı
qeyd edək ki, Ermənistan artıq sadəcə Rusiyanın nəzarətində, onun patronajı
altında olan bir dövlət də deyil. Ermənistan
regional proseslərdə böyük öhdəliklər götürən bir dövlətdir. Azərbaycanla
normallaşma prosesi, Türkiyə ilə paralel olaraq əlaqələrin inkişaf etdirilməsi
ilə bağlı danışıqların davam etməsi, Zəngəzur dəhlizi, “Şimal-Cənub” layihəsi
kimi amilləri mütləq nəzərə almalıyıq. “Şimal- Cənub” layihəsi artıq regional
bir layihə olmaqdan çoxdan çıxıb. Çin, ABŞ, Avropa bu layihəni dəstəkləyir.
Rusiya və İran kimi dövlətlər isə bu layihənin öz maraqlarına uyğun şəkildə
reallaşmasını istəyirlər. Biz iddia edə bilmərik ki, Rusiya Zəngəzur dəhlizinin
açılmasında maraqlı deyil. Maraqlıdır. Amma istəyir ki, dəhliz öz nəzarətində
olsun. İran isə istəyir ki, alternativ variantlar dəyərləndirilərək Zəngəzur dəhlizi
hər zaman blok edilsin və bununla bağlı, dırnaqarası, bir “qırmızı xətt”
strategiyası da formalaşdırıb. Amma ABŞ və digər dövlətlərin yaratdığı hər
hansısa bir formada nəzarət mexanizmi onların maraqlarına uyğun deyil. Digər
bir məsələ isə Ermənistanla Azərbaycan arasında daimi süni bir münaqişə
ocağının formalaşdırılmasıdır. Çünki bu, regiona müdaxilə mexanizmidir. İndi olan
bütün təxribatların qarşısını alan tərəf Azərbaycandır. Və bizim qarşısını
aldığımız o təxribatlar Ermənistan üçün də çox böyük müsbət təsirlərə
sahibdir. Çünki Azərbaycanın preventiv və
adekvat addımları Ermənistan daxilində baş verə biləcək böhranların, gərginliklərin
də qarşısını alır və İrəvanın götürdüyü öhdəlikləri yerinə yetirilməsi ilə
bağlı müəyyən bir şərait formalaşdırır. Ondan sonrakı mərhələdə əsas öhdəlik
Ermənistan rəhbərliyinin üzərinə düşür ki, nə qədər qətiyyət, siyasi iradə
nümayiş etdirə biləcəklər. Və bu siyasi iradə davam etdiyi halda biz artıq
normallaşma prosesi ilə bağlı müəyyən bir addımların sürətləndiyini görəcəyik.
Belə olan halda Rusiya-Ukrayna müharibəsinin nəticələri, Rusiyanın hədələri Ermənistan
daxilində təsir mexanizminə sahib ola bilməz. Təbii ki, bizim hədəflərimizə,
regionun hədəflərinə uyğun olaraq formalaşacağı təqdirdə.
—
Bəs Rusiyanın bütün imkanları tükənsə Ermənistana
hərbi müdaxilə edə bilər?
—
Bu, Rusiyanın marağında deyil. Ermənistan sadəcə
Rusiyanın for-postu deyil. Bu ölkədə Ermənistanın ABŞ-nin diplomatik heyəti,
Aİ-nin “mülki missiyası” var. Həmçinin Ermənistanla bağlı Fransanın,
Hindistanın, İranın fərqli maraqları var. Odur ki, Rusiyanın müdaxiləsi onun
özü üçün ciddi, çıxa bilməyəcəyi bataqlığa çevriləcək. Qeyd edim ki, 44 günlük
müharibədən sonar Ermənistan cəmiyyətində Rusiya ilə bağlı narazılıqlar
formalaşdı. Onlar elə bilirdi ki, rəsmi Moskva Ermənistanı müdafiə edəcək və
bunu görmədilər. Ermənistan uzun illər kiminsə onları müdafiə etməsinə öyrəşmişdi.
Yeri gəlmişkən, bildirim ki, bizim ərazilərimiz də Ermənistan işğal etməmişdi.
İşğalda Rusiyanın 366-cı motoatıcı alayının iştirakı faktlarla təsbit olunub. Bizim
ərazilərimizi məhz ATƏT-in Minsk Qrupu 30 il ərzində işğal altında saxladı. Bəzən
deyirlər ki, üç həmsədrdən ən neytral olanı ABŞ-dir. Bununla razı deyiləm. ABŞ
vaxtı ilə Azərbaycanın müstəqilliyini tanıyıb. Amma ölkəmizə hərbi yardımın
bloklanmasını nəzərdə tutan layihənin- 907-ci düzəlişin müəllifi də məhz
ABŞ-dir. Rəsmi Vaşinqton BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri
olaraq BMT-nin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul
etdiyi dörd qətnamənin əlehinə səs verib. Biz yalnız indi ABŞ-nin mövqeyini
neyral qiymətləndirə bilərik. Və bu mövqeyi neytrallaşdıran Azərbaycandır.
ABŞ-də Donald Tramp administrasiyasının Bayden- Blinken cütlüyündən fərqli
olaraq rasional yanaşması Azərbaycanın ortaya qoyduğu reallıqların nəticəsidir.
Artıq Çin Azərbaycana strateji tərəfdaş olaraq baxır, Avropanın on bir ölkəsi
bizdən qaz qalır. Türk dünyası ilə əlaqələrimiz də günü- gündən inkişaf edir.
—
Cənubi Qafqazda Rusiya destuktiv mövqe nümayiş
etdirərsə, Türkiyə də Şərqi Avropadakı savaşla bağlı siyasətini dəyişə bilər?
—
Rusiya Azərbaycan və Türkiyənin siyasətinə ciddi
mənada ziddi mövqe ortaya qoysa, əlbəttə, bu ehtimal istisna olunmur. Ankara bu
zaman Moskvaya təzyiq və təsir mexanizmlərindən istifadə edəcək. Ümumiyyətlə isə
Cənubi Qafqazda formalaşmış yeni reallıqlar Rusiyanın ata biləcəyi sərt
addımların qarşısını alır. Bu mənada Rusiyanın sərt addımları o qədər də
ehtimal olunmur. 2021-ci ildə Azərbaycanla Türkiyə arasında imzalanmış “Şuşa Bəyannaməsi”nə
qədər də Türkiyə ilə önəmli tandem formalaşdırmışdıq. Bu tandem İkinci Qarabağ
müharibəsində özünü göstərdi. Bu sənədə qədər Bakı və Ankara həmişə bir –
birinin yanında olub. Ən ciddi məsələlərdə iki qardaş dövlət bir – birinə dəstək
olub, maraqlarını müdafiə ediblər. Bunu sübut edəcək kifayət qədər fakt var. Yəni
Azərbaycan- Türkiyə münasibətlərinin bənzəri yoxdur. “Şuşa Bəyannaməsi” isə təhdidlərə
qarşı birlikdə addımları, məsləhətləşmələri ehtiva edir. Hər kəs yaxşı bilir
ki, Azərbaycana qarşı yanlış addım Türkiyəyə qarşı yanlış addım kimi qiymətləndiriləcək.
Türkiyə isə NATO üzvüdür. Bu, o deməkdir ki, Türkiyənin iştirak edəcəyi bütün
proseslərdə Alyans da olacaq. Yəni artıq Cənubi Qafqazda Rusiyanın təsəvvür
etdiyi imperiya təfəkkürünün reallaşması asan deyil. Biz hər nə qədər beynəlxalq
hüququn işləmədiyini bildirsək də, lazım gələndə işləyir. Bunu təmin edən əsas
aktorlardan biri də Azərbaycandandır. Biz bizə qarşı beynəlxalq hüququ
bloklayan dövlətlərə beynəlxalq hüquqla cavab verdik. Bunu İkinci Qarabağ
müharibəsində də, 23 saatlıq antiterror əməliyyatlarında da göstərdik. Beləliklə,
düşünmürəm ki, Rusiya buna cəsarət etsin. Əlbəttə, Azərbaycanla bağlı məsələlərdə,
o cümlədən AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasında, ondan sonra
kompensasiya məsələsində, Rusiyadakı soydaşlarımıza qarşı təzyiqdə rəsmi
Bakının ortaya qoyduğu prinsipial mövqe bu məsələdə mühüm rol oynayır. Bu mənada
əgər dediyiniz ehtimal baş versə, qeyd
etdiyim kimi, Türkiyə bütün təsir və təzyiq mexanizmlərindən istifadə edəcək. Şərqi
Avropadakı müharibə də bu baxımdan istisna deyil. Onsuz da Ankara müharibənin
ilk günündən neytral mövqeyi ortaya qoyur. Və Türkiyənin görüşlərə ev
sahibliyi, vasitəçiliyi davam etsə idi bu gün biz artıq Rusiya- Ukrayna müharibəsindən
danışmayacaqdıq. Təəssüf ki, sonrakı mnərhələdə bəzi Avropa dövlətlərinin, o
cümlədən Böyük Britaniyanın sərt mövqeyi proseslərin inkişafına mane oldu.
Rusiya Cənubi Qafqazda təsir imkanına malik yeganə dövlət deyil. Regionun lider
dövləti Azərbaycandır. Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bölgədə
qüvvələr balansı dəyişib. Artıq ABŞ də, Avropa da, Türkiyə də, Çin də Cənubi
Qafqazda sabitlikdə maraqlıdır. Hətta bizə qarşı olan bəzi oyunçular da. Çünki
Orta dəhliz onların hər birinin mənfəətinə uyğundur. Azərbaycanın ortaya
qoyduğu layihələrin orijinallığı da bundan ibarətdir- bizə qarşı olan dövlətlər
də layihələrdən maraq götürürlər və hansısa təhdidlə qarşı- qarşıya qalmırlar.
Məsələn, müharibə dövründə bizə qarşı olan dövlətlər də Azərbaycandan qaz
alırdılar. Rəsmi Bakı bu məsələlərdə heç vaxt təhdidedici ritorikadan çıxış etməyib.
Çünki bizim “sözümüz imzamızdır” deyən liderimiz var. Biz ədalətli mübarizənin
tərəfdarıyıq. Və ədalətli mübarizənin qalibi hər zaman Azərbaycandır.
—
“Şuşa Bəyannaməsi”ni xatırlatdınız. Gələcəkdə
oxşar sənədlər digər türk dövlətləri ilə imzalana bilər?
—
İstisnasız. Münasibətlər onsuz da Türkiyə - Azərbaycan
münasibətləri modelində inkişaf etdirilir. Bizim Qazaxıstanla, Özbəkistanla,
Qırğızıstanla münasibətlərimiz hər zaman inkişaf edən tempdə olub. Adətən Türkmənistan
istisna olub, təcridçilik siyasətinə üstünlük verib. Son bir neçə ildə səfərlər
intensivləşib, münasibətlər bərpa edilib. Artıq daha açıq əməkdaşlıq modelini
müşahidə edirik. Bunun səbəbkarı da rəsmi Bakıdır. Türk Dövlətləri Təşkilatının
inkişafı Türkmənistanın da daha müstəqil siyasət yeritməsinə şərait yaradır. Gələcəkdə
hətta Şimali Kiprlə də oxşar əməkdaşlıq formatının şahidi ola bilərik. Məlumdur
ki, Şimali Kiprlə bağlı rəsmi Bakının aydın mövqeyi var. Türk dünyası öz
birliyini qorumaqla həm də ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf
etdirir. Bu da Türk Dövlətləri Təşkilatını daha da gücləndirəcək. “Şuşa Bəyannaməsi”
isə bu baxımdan çox önəmli sənəddir. Biz müttəfiqlik üçün lazım olan bütün
elementləri həmin sənəddə görə bilirik. Əslində Bakı və Ankara 1918-ci ildən
indiyə qədər bu elementlərin hər birini tarixi təcrübədə yaşayıb. Düzdür, həm hər
iki ölkə daxilində, həm xaricdə Azərbaycan- Türkiyə münasibətlərini sarsıtmaq
istəyənlər var. Amma onlar təsir gücünə sahib deyil. Çünki bizi birləşdirən
tarix, mədəniyyət, dil, kimlik, milli inanc var. Bu birliyi aradan qaldırmaq
mümükn deyil. Bizi eyni zamanda özbəklərlə, qazax və qırğızlarla birləşdirən
xüsusiyyətlər var. Sadəcə onlar uzun illər imperiya təfəkkürü onların müstəqil
siyasət yeritməsinə imkan verməyib. Baxmayaraq ki, daim milli kimliklərini
qoruyublar. İndi tarixi fürsət yaranıb. Bu fürsət 2009-cu ildə Naxçıvanda
imzalanan sənəd nəticəsində əvvəlcə Türk Dövlətləri Şurasının yaranması, sonra
isə həmin təşkiların Türk Dövlətləri Təşkilatına çevrilməsi ilə ortaya çıxıb.
Prezident İlham Əliyevin Prezident İlham Əliyevin 2025-ci ildə Türk Dövlətləri
Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə
verdiyi mesajlar da göstərir ki, artıq bizim vahid strategiyamız var. Bu isə
bizim əlaqələrimizin inkişafını daha da sürətləndirir.
—
Yeri gəlmişkən, Türkmənistan Prezidenti Sərdar
Berdimuhəmmədovun Azərbaycana səfərini və Prezident İlham Əliyevlə görüşünü necə
qiymətləndirirsiniz?
—
Qarabağa səfər Azərbaycanın ərazi bütövlüyünü
tanımaq, rəsmi Bakının sülh gündəliyini dəstəkləmək deməkdir. Türkmənistan
Qarabağda inşa olunan məscidə töhfə verməklə bizim dost-qardaş və strateji tərəfdaş
olduğunu göstərmiş oldu. Bilirik ki, hər dövlət yox, yalnız dostlarımız
Qarabağda yenidənqurma işlərində iştirak edə bilərlər. Cənab Prezident İlham
Əliyevin də bu məsələ ilə bağlı aydın strategiyası var. Bizim kimsənin
yardımına ehtiyacımız yoxdur.
—
Son olaraq, Böyük Britaniyada baş nazir Kir
Starmerin istefasını necə qiymətləndirirsiniz? Bəzilərinin iddiasına görə,
sabiq hökumət başçısı Boris Conson yenidən hakikmiyyətə gələ bilər. Siz bu
ehtimalı necə qiymətləndirirsiniz?
—
Consonun siyasəti ilə bağlı ciddi tənqidlər var.
Böyük Britaniyan yeni formalaşan beynəlxalq münasibətlər sisteminə adaptasiya
problemi yaşayır. Avropa İttifaqından rəsmi olaraq ayrılma prosesi, yəni
Breksit onlar üçün çox uğursuz oldu. Bunu rəsmi London da etiraf edir.
Britaniya artıq Avropa dövlətlərini ətrafında birləşdirə bilər. Həmçinin tarixi
anqlo-saks ittifaqı da əvvəlki effektivliyini itirib. Hazırda “Dəmir Ledi”
Marqaret Tetçerin vaxtı ilə təmsil etdiyi Britaniyanı görmürük. Düzdür,
ingilislərin beynəlxalq münasibətlər sistemində yenə mühüm rol oynayırlar.
Ümumiyyətlə, bəzi analitiklərdən fərqli olaraq mən ABŞ ilə Britaniyanın xarici
siyasətində ciddi fikir ayrılıqlarının olduğunu düşünmürəm. Consona gəldiksə isə
deyim ki, bu siyasətçinin xarici diplomatiyasında müəyyən fərqliliklər var idi.
O, sələflərindən və xələflərindən fərqli olaraq daha çox Avropanın tamlığı barədə
düşünürdü. Həmçinin Ukrayna ilə bağlı daha sərt siyasətin tərəfdarı idi.
Consondan sonra fərqli siyasətçilər baş nazir vəzifəsini icra etməyə
başladılar. Amma heç biri özünü doğrultmadı. Bundan sonra isə Consonun yenidən
hakimiyyətə gəlməsi istisna edilməsə də, belə bir ssenarinin nəyisə dəyişəcəyini
düşünmürəm.
12:25 25.06.2026
Oxunuş sayı: 94