İki böyük ölkə üçün sürpriz: Tramp gedir, Conson qayıdır
Müasir beynəlxalq münasibətlər sisteminin ən mühüm aktorlarından biri olan Böyük Britaniyanın daxili və xarici siyasətində baş verən son kəskin transformasiyalar, dünya nizamının yenidən formalaşdığı bir dövrdə xüsusi aktuallıq kəsb edir. Hazırda Londonun qarşılaşdığı geosiyasi mənzərəni təhlil edərkən prosesləri tək tərəfli qiymətləndirmək qeyri-mümkündür: burada həm daxili idarəetmə strukturunun gətirdiyi obyektiv reallıqlar, həm də qlobal liderlərin şəxsi strateji maraqlarından doğan subyektiv amillər bir-birini tamamlayır. Londonun daxildə yaşadığı xroniki hökumət qeyri-stabilliyi fonunda, onun Vaşinqtonla ənənəvi müttəfiqlik bağlarından uzaqlaşaraq Brüssellə ortaq məxrəcə gəlmək cəhdləri beynəlxalq arenada güc balanslarını kökündən sarsıdır. Bu vəziyyət xüsusilə Ağ Ev və Dauninq Strit arasında gizli bir siyasi soyuqluğun yaranmasına, regional münaqişələrdə tərəflərin fərqli cəbhələrdə yer almasına gətirib çıxarıb.

Siyasi analitik Turab Rzayev bu barədə Crossmedia.az-a danışıb: "Görünən odur ki, burada həm obyektiv, həm də subyektiv bir dəyərləndirmə var. Obyektiv dəyərləndirmə ondan ibarətdir ki, İngiltərədə böyük miqyasda bir hökumət qeyri-stabilliyi mövcuddur. Faktiki olaraq, vahid bir hökumət qurula bilmir: sərt, dözümlü, uzunmüddətli və idarəetməni tam tətbiq edə bilən, belə deyək, daha davamlı bir hökumət formalaşmır. Artıq neçə vaxtdır ki, İngiltərədə mütəmadi olaraq hökumət dəyişir. Yəni hər dəfə ya partiyalar çoxluğu öz namizədini dəstəkləmir, ya da baş naziri dəstəkləyən çoxluğun özü parlamentdə rəqib partiyalara yer uduzur. Və yaxud baş nazir özü istifa edir, yaxud da fərqli skandallar ortaya çıxır. Beləcə, şübhəsiz ki, Britaniyada üç aydan, beş aydan bir baş nazir dəyişir. Hətta elə bir vəziyyət yaranıb ki, bəzən baş nazirlərin kimliyi dünya ictimaiyyətində, faktiki olaraq, maraqlı hadisələrə səbəb olur. Məsələn, bir çoxları hələ də Boris Consonun yenidən baş nazir olması ilə bağlı iddialar səsləndirirlər, çünki onun geri qayıtması ilə bağlı belə bir ehtimal da var. Bu, məsələnin obyektiv tərəfidir, yəni Britaniyada hökumətin möhkəm və stabil olmaması problemidir".
Müsahibimiz məsələnin digər aspektlərinə də toxunub: "ABŞ-də Donald Tramp administrasiyası İran böhranı vaxtı Britaniya rəhbərliyindən kömək ala bilmədi, İsrailin müdafiəsi ilə bağlı Britaniyadan gözlədiyi dəstəyi görmədi. Son dövrlərdə Britaniya, ABŞ ilə əvvəlki mütəffiqlik münasibətlərindən sanki uzaqlaşır və Avropa İttifaqı (Aİ) ilə birgə hərəkət edir. Biz görürük ki, Britaniya Aİ-nin üzvü olmasa da, son dövrlərdə faktiki olaraq ABŞ-nin adından yox, Aİ-nin mövqeyindən çıxış edir. Yəni o, Aİ əvəzinə ABŞ ilə olan tam müttəfiqliyi bir növ arxa plana keçirib.
Belə bir dövrdə Britaniyanın istər Çin məsələsində, istər İran, istər Rusiya, istərsə də Avropa məsələsində nümayiş etdirdiyi mövqe Trampın digər planları ilə, xüsusilə Kanada və Panama məsələsi ilə toqquşur. Bildiyimiz kimi, Kanada Britaniyanın dominionu hesab olunur və kralın sonuncu rəsmi səfərində də bu birliyin mənəvi rəmzi olduğu xüsusi vurğulandı. Yəni faktiki olaraq göstərildi ki, Kanada Britaniyaya bağlıdır, Tramp isə oranı sanki özünün təsir dairəsi kimi görür. Bütün bu ziddiyyətlər həm Trampa qarşı şəxsi bir narazılıq yaradıb, həm də onun tezliklə əvəzlənəcəyinə olan ümidləri artırır və siyasətini uğursuzluğa doğru aparır deyə bilərik".
Turqut Ansari
10:48 23.06.2026
Oxunuş sayı: 56