Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə qaz nəqli artıb
Bu ilin yanvar-may aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 9 milyard 507,2 milyon kubmetr qaz nəql edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 234,9 milyon kubmetr və ya 2,5% çoxdur.
Ümumilikdə hesabat dövründə magistral qaz kəmərləri ilə 17 milyard 574,3 milyon kubmetr qaz nəql olunub ki, bu da ötən ilin yanvar-may aylarındakı göstərici ilə müqayisədə 2,6% çoxdur. Qazın ümumi həcminin 54,1%-i Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə nəql olunub.
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır. Kəmər 2006-cı ilin sonunda istismara verilib və “Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasil olunan qazın nəqli başlanıb. 2018-ci ilin yayından etibarən isə “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş qaz kəməri – TANAP vasitəsilə Türkiyəyə tədarükünə start verilib.
18:08 18.06.2026
Oxunuş sayı: 43