Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
Azərbaycanda səfərdə olan İrlandiyanın Tirinti Universitetinin professoru, tarix elmləri doktoru Patrik Uolş və Böyük Britaniya Kral Cəmiyyətinin üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Nil Uotson Gəncədə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.
Crossmedia.az xəbər verir ki, AMEA-nın Media və informasiya şöbəsindən verilən məlumata görə, nümayəndə heyətinə rəhbərlik edən akademiyanın Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov qonaqlara Gəncə şəhərinin tarixindən, Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxt şəhəri olmasından, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə şəhərin inkişafına verdiyi töhfələrdən və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söhbət açıb.
Görüş zamanı AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru dosent Əlimuxtar Muxtarov Türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin bəşəri dəyərləri dünya miqyasında təmsil və təbliğ edən dahi bir sənətkar olduğunu qonaqların diqqətinə çatdırıb. Tədqiqatçı qeyd edib ki, istər Şərq, istərsə də Qərb ölkələrində dahi şairin irsinin böyük maraqla öyrənilməsinin əsas səbəblərindən biri onun yaradıcılığında tolerantlıq, multikulturalizm, birgəyaşayış və humanizm kimi ideyaların aparıcı xətt təşkil etməsidir.
Ə.Muxtarov qonaqlara Azərbaycan nizamişünaslığının və dahi şairin məqbərəsinin tarixindən söhbət açıb. Qeyd edib ki, bir əsrdən artıq tarixə malik olan Azərbaycan nizamişünaslığının intibah dövrü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin XX əsrin 60-cı illərinin sonlarından başlayaraq dahi mütəfəkkirin irsinin öyrənilməsi, tərcüməsi, yubileylərinin qeyd edilməsi, həmçinin məqbərəsinin qorunması və bərpası istiqamətində həyata keçirdiyi dövlət tədbirlərinin tarixi əhəmiyyətindən danışan Ə.Muxtarov, bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Dövlət başçısının dahi mütəfəkkirin 870 və 880 illik yubileylərinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamlar, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis edilməsi, Prezidentin himayəsi altında keçirilən Qlobal Bakı forumlarının tarixi missiyası və 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması kimi mühüm addımların məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğu qonaqların diqqətinə çatdırılıb.
Qonaqlar da öz növbələrində Avropada Nizami irsinin XVII əsrdən öyrənilməyə başlandığını deyib, Nizami Gəncəvinin tədqiqatçısı olan hər bir xarici ölkə aliminin həyatında bir dəfə də olsa, Gəncəni - Nizami Gəncəvi məqbərəsini ziyarət etməsinin zəruriliyini qeyd ediblər: “Nizaminin Vətəni, məqbərəsi insanda elə duyğular formalaşdırır ki, sanki bu sehrli, müqəddəs məkanda Nizami özü səninlə danışır”.
Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan Nizami Gəncəvi Muzeyini ziyarət edərək, böyük Azərbaycan şairinin burada sərgilənən əlyazmaları ilə tanış olublar.
20:06 06.06.2026
Oxunuş sayı: 58