AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyevin elmi əsərlərinin biblioqrafiyası çapdan çıxıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin sədri, akademik, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi İsmayıl Hacıyevin 75 illik yubileyi münasibətilə biblioqrafik göstərici işıq üzü görüb.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında “Görkəmli elm xadimləri” seriyasında nəşr olunan biblioqrafiya görkəmli alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini, əsərlərinin biblioqrafiyasını, həmçinin haqqında yazılmış mənbələri əhatə edir.
Akademik İsmayıl Hacıyev vətən tarixinin aktual problemlərinə dair 600-ə yaxın elmi əsərin, o cümlədən 45 kitabın, 17 monoqrafiyanın, 300-dən artıq elmi-kütləvi məqalənin müəllifidir. Alimin yaxından iştirakı ilə Naxçıvan tarixinə, coğrafiyasına, tarix və mədəniyyət abidələrinə aid ümumiləşdirici əsərlər, ensiklopediyalar və atlaslar hazırlanıb.
Biblioqrafiyanın elmi məsləhətçisi və ön sözünün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Nəşrin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktorları Biblioqrafiya şöbəsinin müdiri, fil.ü.f.d. Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə baş biblioqraf Türkan Vahidovadır.
"Elm" nəşriyyatında işıq üzü görən biblioqrafiya tarixçilər, ali məktəb müəllimləri və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Qeyd edək ki, bu nəşrin elektron versiyası ilə kitabxananın saytındakı elektron kitabxana bölməsində tanış olmaq mümkündür.
19:31 05.06.2026
Oxunuş sayı: 52