Yeni tikililərdə gizli problem: Komendant pulları hara xərclənir?
Son illər yaşayış komplekslərində komendant haqqı məsələsi ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Mənzil sahiblərindən hər ay mənzilin sahəsinə uyğun ödənişlərin tələb olunması müxtəlif suallar doğurur. Xüsusilə bu ödənişlərin hansı xidmətlərə görə hesablandığı və məbləğin necə müəyyənləşdirildiyi tez-tez gündəmə gəlir. Bəzi hallarda komendant haqları ilə bağlı mübahisələr sakinlərlə bina idarəetmələri arasında narazılıqlara səbəb olur. Mövcud vəziyyət isə bu sahədə qaydaların və hüquqi mexanizmlərin yenidən diqqət mərkəzinə çıxmasına şərait yaradır.
Əmlak eksperti Elnur Azadov məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verib. Onun sözlərinə görə, ölkədə 2500-dən çox yeni tikilmiş çoxmənzilli bina mövcuddur:

"Orta hesabla 1 milyona yaxın vətəndaş çoxmənzilli binalarda yaşayır. Şəhər əhalisinin təxminən yarısı yeni tikililərdə məskunlaşıb. Bu isə o deməkdir ki, təxminən 1 milyona yaxın vətəndaş komendant özbaşınalığı, yüksək tariflər və müxtəlif qanun pozuntuları ilə üzləşir.
Əminliklə deyə bilərəm ki, ölkədə qanun pozuntusunun müşahidə edilmədiyi yaşayış kompleksi demək olar ki, yoxdur. Bunun əsas səbəblərindən biri vətəndaşların bu sahədə kifayət qədər məlumatlı olmamasıdır. Digər tərəfdən, tikinti şirkətləri əksər hallarda idarəetməni öz nəzarətlərində saxlamağa çalışırlar. Hətta qanunun tələblərinə uyğun olaraq müştərək cəmiyyət yaradılmış binalarda belə müəyyən problemlər və özbaşınalıq halları qalmaqdadır. Ölkədə yalnız az sayda binada sakinlər bir araya gələrək idarəetmə sistemini səmərəli şəkildə qura biliblər. Bununla belə, effektiv idarəetmə təcrübə və zaman tələb edir. Çünki bu istiqamətdə ölkəmizdə həm təcrübə, həm də maarifləndirmə zəifdir. Vətəndaşları bu sahədə istiqamətləndirən xüsusi dövlət qurumu yoxdur, özəl sektorun fəaliyyəti isə məhduddur. Mövcud idarəetmə şirkətlərinin əksəriyyəti isə daha çox kommersiya maraqları ilə fəaliyyət göstərirlər. Nəticədə onların fəaliyyəti əksər hallarda vətəndaşların maraqlarına xidmət etmir".
E.Azadov qeyd edib ki, Mənzil Məcəlləsinə və qüvvədə olan qanunvericiliyə əsasən, hər bir çoxmənzilli bina öz idarəetmə formasını seçməlidir:
"Yeni tikilmiş binalar istismara qəbul edildikdən sonra tikinti şirkətinin həmin bina ilə bağlı funksiyası başa çatmış hesab olunur.
İstismara qəbul aktı verildikdən sonra mənzil sahiblərinə çıxarışlar təqdim edilir. Bundan sonra mülkiyyətçilər ümumi yığıncaq keçirməli və Ədliyyə Nazirliyinə müraciət edərək müştərək cəmiyyət yaratmalıdırlar.
Bu prosesdə mülkiyyətçilərin azı 51 %-ni iştirakı tələb olunur. Müvafiq sənədlər təqdim edildikdən sonra Ədliyyə Nazirliyi yoxlama aparır və müştərək cəmiyyətin fəaliyyətini rəsmiləşdirir.
Bundan sonra idarəetmə orqanları – sədr, müavin və digər məsul şəxslər seçilir. Formalaşmış qurum isə binanın idarəetmə modelini müəyyənləşdirir.
Birinci variant sakinlərin idarəetməni öz üzərlərinə götürməsidir. Bu halda vəzifələr bölüşdürülür və idarəetmə daxili qaydada həyata keçirilir. Əgər bu mümkün olmazsa, kənardan peşəkar mütəxəssislər cəlb edilə bilər".
Müsahibimiz hesab edir ki, digər variant səsvermə yolu ilə binanın idarəetməsinin ixtisaslaşmış idarəetmə şirkətinə həvalə edilməsidir:
"Sakinlər binada hansı xidmətlərin göstəriləcəyinə də özləri qərar verməlidirlər. Buraya mühafizə xidmətləri, domofon sistemi, təmizlik xidməti və digər əlavə xidmətlər daxildir.
Təbii ki, xidmətlərin həcmi artdıqca idarəetmə xərcləri də artır. Lakin qanunvericiliyə əsasən, binanın saxlanılması ilə bağlı ümumi xərclər mülkiyyətçilər arasında onların sahib olduqları sahəyə uyğun şəkildə bölüşdürülməlidir.
Praktikada isə çox vaxt komendant və ya idarəetməni həyata keçirən şəxslər tarifləri özləri müəyyən edir, maliyyə hesabatlılığını təmin etmir və toplanan vəsaitlərin xərclənməsi barədə şəffaf məlumat vermirlər. Bəzi hallarda vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi və ya mənimsənilməsi ilə bağlı şübhələr yaranır. İdarəetmə şirkəti fəaliyyət göstərdiyi hallarda belə, müəyyən müdaxilələr və qeyri-şəffaf yanaşmalar müşahidə oluna bilir. Nəticədə vətəndaşlardan toplanan vəsaitlərin onların maraqlarına uyğun istifadə olunmaması problemi ortaya çıxır".
Fatimə Məmmədova
10:30 05.06.2026
Oxunuş sayı: 78