Mikayıl Müşfiq: Azərbaycan poeziyasının sönməyən ulduzu
Bu gün Azərbaycan ədəbiyyatının ən sevilən, eyni zamanda ən faciəli taleli şairlərindən biri – Mikayıl Müşfiqin doğum günüdür. Cəmi 29 bahar görsə də, o, Azərbaycan poeziyasına elə misralar bəxş etdi ki, illər keçsə də sönmədi. Bu gün də onun şeirləri ən çox oxunan, ən çox əzbərlən misralar sırasındadır.
Mikayıl Müşfiq (əsl soyadı İsmayılzadə) 1908-ci il iyunun 5-də Bakıda dünyaya göz açdı. Uşaqlığı itkilərin kölgəsində keçdi. Hələ erkən yaşlarında həm atasını, həm anasını itirən Müşfiq bu ağrını qəlbinin dərinliklərinə gömdü. Amma o, həyatdan küsənlərdən olmadı. Əksinə, yetimliyə, acıya baxmayaraq, şeirlərində həyat eşqini, sevgini, ümid işığını tərənnüm etdi. Sanki özünün yaşaya bilmədiyi uşaqlığı, məhrum qaldığı məhəbbəti sözləri ilə dünyaya bəxş etdi.
Bakı Darülmüəllimində təhsil alan gənc Müşfiq müəllimliklə yanaşı, qəlbindəki söz ehtiyatını qəzet-jurnal səhifələrinə köçürdü. 1920-ci illərin sonlarından etibarən adı ədəbi mühitdə tez-tez çəkilən, özünəməxsus axıcı dili, səmimi duyğuları ilə seçilən bir səsə çevrildi.
O dövrdə çoxları siyasi şüarların, ideoloji qafiyələrin əsirinə çevrilmişdi. Müşfiq isə fərqli bir yol seçdi. O, insanı, sevgini, azadlığı, təbiəti oxudu. Onun şeirlərində külək nəfəs alırdı, dəniz dalğalanırdı, bahar çiçəklənirdi. Elə bu səbəbdən də Mikayıl Müşfiq Azərbaycan romantik lirikasının ən parlaq siması kimi yadda qaldı.
“Yenə o bağ olaydı”, “Küləklər”, “Ana”, “Dağlar”, “Səhər”.. Hər biri bir duyğu, bir nəfəsdir. Amma “Oxu, tar” ayrıca dayanır. O dövrdə tarı “köhnə” sayanlara qarşı Müşfiq misraları ilə milli musiqi irsimizin müdafiəsinə qalxdı. Bir şeirlə tarixi yaddaşı diriltdi.
Müşfiqin taleyində ən işıqlı səhifə həyat yoldaşı Dilbər Axundzadə ilə sevgisi idi. Onların məhəbbəti Azərbaycan ədəbiyyatının ən saf, ən təsirli hekayələrindən birinə çevrildi. Şairin misralarındakı hərarət, bağlılıq məhz Dilbər xanıma ünvanlanmışdı. Dilbər xanım isə sonralar ərinin irsini qorumaq, adını yaşatmaq üçün ömrünü həsr etdi.
Amma 1930-cu illərin qara buludları Müşfiqi də əsirgəmədi. Sovet repressiyaları Azərbaycan ziyalılarını bir-bir qopardı. 1937-ci ildə “xalq düşməni” damğası ilə həbs edilən şairə qarşı irəli sürülən ittihamların heç biri sübut olunmadı. Yenə də 1938-ci il yanvarın 6-da, cəmi 29 yaşında güllələndi. Qələmi əlindən alındı, səsi susturuldu.
Müşfiqin ölümü Azərbaycan poeziyası üçün sağalmaz yaraydı. Çünki onun ən məhsuldar çağında qələmi qırıldı. Uzun illər adı qadağan edildi, kitabları yandırıldı. Amma sözün gücü güllədən qüvvətli oldu. Stalin dövrü başa çatandan sonra Müşfiqə bəraət verildi. Şeirləri yenidən oxuculara qayıtdı, məktəb dərsliklərinə düşdü, adı Azərbaycan mədəniyyətinin zirvəsinə yüksəldi.
Bu gün Bakıda onun abidəsi ucalır, adı küçələrə, məktəblərə verilir. Əsərləri dillərə tərcümə olunur, haqqında filmlər çəkilir, tamaşalar səhnələşdirilir.
Mikayıl Müşfiqi anlamaq üçün uzun araşdırmaya ehtiyac yoxdur. Onun taleyinə baxmaq kifayətdir: uşaqlıqda yetim qalan, gənclikdə şöhrət qazanan, azad sözünə görə güllələn, amma ölümündən sonra xalqın qəlbində əbədiləşən bir şair.
O, sadəcə şeir yazmadı. O, Azərbaycan xalqının azad ruhunun, həyat eşqinin, bitməyən poeziya nəfəsinin simvoluna çevrildi. Bu gün də misralarını oxuyanda sanki külək onun nəfəsini gətir, tar onun səsini səsləndir. Çünki Müşfiq ölmədi, misralarının içində yaşayır.
Nigar Xəlilli
10:45 05.06.2026
Oxunuş sayı: 84