Denqe qızdırması Azərbaycana da gələ bilər- Həkim simptomları açıqladı
Qlobal iqlim dəyişiklikləri və ekoloji anomaliyalar, regional infeksion xəstəlikləri artıq bütün dünyanın ortaq təhdidinə çevirir. Bu təhlükələrin başında gələn və xüsusi növ ağcaqanadlarla yayılan Denqe qızdırması, beynəlxalq səhiyyə sistemlərini ciddi şəkildə narahat etməkdədir. Kəskin daxili qanaxmalara yol açan bu virus, hemoragik qızdırmalar qrupunun ən bədxassəli nümayəndələrindən biri hesab olunur. Hazırda tam effektiv peyvəndin olmaması və qonşu coğrafiyalardakı hərbi-siyasi böhranlar, xəstəliyin sərhədləri aşma riskini getdikcə artırır. Tənəffüs yolu ilə keçməsə də, virusun keçirə biləcəyi mümkün mutasiyalar qlobal epidemioloji xəritəni hər an dəyişə bilər. İqlim dəyişdikcə daşıyıcı ağcaqanadların məskənini dəyişməsi ehtimalı, ölkəmizin də daxil olduğu region üçün yeni bir sınaq deməkdir. Məhz bu səbəbdən, regional risklərin fonunda daxili səhiyyə sistemində preventiv karantin və nəzarət tədbirlərinin gücləndirilməsi artıq həyati zərurətdir. Xüsusilə qonşu ölkə İranda bu virusun sürətlə yayılması ölkəmizdə də ciddi narahatlıq doğurur. Məsələ ilə bağlı Tibb elmləri doktoru , professor Adil Qeybulla Crossmedia.az-a açıqlama verib: "Denqe qızdırması hemoragik qızdırmalardan biridir. Bu, virus infeksiyasıdır və insandan insana yalnız tropik və subtropik ölkələrdə yayılmış xüsusi növ ağcaqanadlar vasitəsilə keçir. Həmin ağcaqanadlar əvvəlcə xəstə insanı dişləyir, sonra isə sağlam insanı dişlədikdə virusu ona yoluxdurur.
Bu, çox ciddi bir xəstəlikdir. Onun 3 gündən 2 həftəyə qədər davam edən gizli, yəni inkubasiya dövrü var. Xəstəlik bu müddətdən sonra 40 dərəcəyə qədər yüksələn yüksək hərarətlə müşahidə olunur. Bu zaman çox güclü sümük ağrıları baş verir, göz almalarının arxasında şiddətli ağrılar hiss olunur, həmçinin ürəkbulanma və qusma kimi əlamətlər meydana çıxır. Ümumiyyətlə, bu qızdırmalara hemoragik qızdırma deyilməsinin səbəbi onların ciddi qanaxmalarla (hemoragiyalarla) müşayiət olunmasıdır və təəssüf ki, bu xəstəlikdən ölüm halları da yetərincə yüksək olur.
Denqe qızdırması dəfələrlə Afrikada yayılıb, lakin Ümumdünya Səhiyyə Təşkilatının və müvafiq qurumların köməyi ilə vaxtında lokallaşdırılıb. Bir zamanlar Denqe qızdırmasına qarşı vaksin də hazırlanmışdı. Lakin həmin vaksin tətbiq olunduqdan sonra ağırlaşmalar yaratdı ki, bu da peyvənddən sonrakı ilk ciddi fəsadlardan biri idi. Ondan sonra vaksinasiya dayandırıldı və hələlik bu xəstəliyin effektiv peyvəndi yoxdur".
O, bildirib ki, xəstəliyin epidemiya və ya pandemiya yaratma potensialı yoxdur: "Sadəcə olaraq, bu cür viruslar mutasiya edərək gələcəkdə tənəffüs yolu ilə yayılan infeksiyalara çevrilərsə, onda əlbəttə ki, vəziyyət çox təhlükəli olar. Denqe və Ebola başda olmaqla, hemoragik qızdırmaların hamısı olduqca təhlükəlidir. Ona görə də bu virus harada yayılarsa, infeksiyanın qarşısını almaq üçün dərhal karantin elan edilməli və bütün zəruri tədbirlər görülməlidir".
Həkim bu virusun ölkəmizdə yayılma riskinə də aydınlıq gətirib: "Əgər ölkəmizə yoluxmuş xəstə insan gələrsə, əlbəttə ki, bu risk qalır. Düzdür, bizdə həmin növ ağcaqanadlar olmur, amma, İranda baş verən hərbi gərginliklər və dağıntılar səbəbindən bu ağcaqanadların məskəni də dəyişə bilər və hər şey mümkündür. Siz qlobal atmosfer havasının və iqlimin necə dəyişdiyini də görürsünüz. Bu səbəbdən biz gələcəkdə hər halda ehtiyatlı və diqqətli olmalıyıq".
Turqut Ansari
13:54 02.06.2026
Oxunuş sayı: 82