Yorğunluğun səbəbi vitamin çatışmazlığı ola bilər – Həkimdən xəbərdarlıq
Yorğunluq və motivasiya çatışmazlığı müasir cəmiyyətin ən geniş yayılmış problemlərindən biri hesab olunur.
Yaponiyalı alimlərin yeni araşdırması isə göstərir ki, bu hallar təkcə həyat tərzi və ya psixoloji amillərlə deyil, həm də orqanizmdə bəzi vacib vitaminlərin çatışmazlığı ilə əlaqəli ola bilər.
Tədqiqat nəticələri B12 vitamini və fol turşusunun (B9) insanın ümumi fiziki və psixoloji vəziyyətində mühüm rol oynadığını ortaya qoyub.
Osaka Metropoliten Universitetinin professoru Hiroaki Kanouçinin rəhbərlik etdiyi elmi qrupun araşdırmasına görə, sözügedən vitaminlərin aşağı səviyyəsi qanda homosistein adlı biomarkerin artmasına səbəb olur ki, bu da öz növbəsində yorğunluq və motivasiya problemləri ilə əlaqələndirilir.
Təxminən 600 nəfərin iştirak etdiyi tədqiqat, qidalanma ilə insanın enerji səviyyəsi arasında indiyədək az öyrənilmiş əlaqələrə yeni işıq salıb.
Məsələ ilə bağlı tibb üzrə fəlsəfə doktoru, həkim onkoloq Fərid Museyibov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Öncə qeyd etmək lazımdır ki, B12 vitamini orqanizm üçün olduqca vacibdir. Bu vitamin enerji mübadiləsində, yağların parçalanmasında və sinir sisteminin normal fəaliyyətinin tənzimlənməsində mühüm rol oynayır. Ümumilikdə B qrupu vitaminlərinə B1, B2, B3, B5, B6, B7, B9 və B12 vitaminləri daxildir.
B12 vitamini çatışmazlığı daha çox vegetarian qidalanan insanlarda, ət və digər heyvan mənşəli məhsullardan az istifadə edən şəxslərdə, hamilə qadınlarda və 50 yaşdan yuxarı insanlarda müşahidə olunur. Bu vitaminin azlığı yorğunluq, halsızlıq, diqqət zəifliyi və sümük sağlamlığında problemlərə səbəb ola bilər. Buna görə də B12 vitamini orqanizmin sağlam fəaliyyəti üçün böyük əhəmiyyət daşıyır.
Adətən B12 vitamini çatışmazlığı yorğunluqla əlaqələndirilir. Lakin nəzərə almaq lazımdır ki, son dövrlərdə bəzi insanlar həkim məsləhəti olmadan müxtəlif vitaminlər qəbul edirlər.
B12 vitamininin həddindən artıq istifadəsi də müəyyən sağlamlıq riskləri yarada bilər. Buna görə vitamin preparatlarından istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək və qəbulun laborator analizlərin nəticələrinə uyğun aparılması tövsiyə olunur".
Elmir Heydərli
11:55 30.05.2026
Oxunuş sayı: 57