Azərbaycan Rabatda Beynəlxalq Həmrəylik Qastronomiya Festivalında təmsil olunub
Azərbaycan Mərakeşin paytaxtı Rabatda keçirilən II Beynəlxalq Həmrəylik Qastronomiya Festivalında (FIGS) təmsil olunub. Festival Mərakeş Diplomatik Dairəsinin təşəbbüsü və Mərakeş Krallığının Həmrəylik, Sosial İnteqrasiya və Ailə Nazirliyinin dəstəyi ilə təşkil edilib.
Crossmedia.az xəbər verir ki, Mərakeş Krallığının Milli Kitabxanasında keçirilən beynəlxalq tədbirdə 30-dan çox ölkə və qurum iştirak edib. Festival çərçivəsində müxtəlif xalqların mədəni irsi, milli kulinariya ənənələri və həmrəylik təşəbbüsləri nümayiş etdirilib.
Azərbaycanın milli guşəsini ziyarət edənlər ölkəmizin zəngin mədəniyyəti ilə yaxından tanış olmaq, milli mətbəxin özünəməxsus xüsusiyyətlərini kəşf etmək və ənənəvi təamların dadına baxmaq imkanı qazanıblar. Qonaqlara dolma, dovğa, aş və paxlava kimi Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.
Festival çərçivəsində Mərakeş Krallığının həmrəylik, sosial inteqrasiya və ailə naziri Naima Ben Yahia Azərbaycan guşəsinə baş çəkərək, burada sərgilənən milli məhsullar və yeməklərlə tanış olub.
Səmimi və dostluq mühitində keçən festival mədəniyyətlərarası dialoqun genişlənməsinə, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və beynəlxalq həmrəyliyin təşviqinə mühüm töhfə verib.
Xeyriyyə məqsədilə təşkil olunan tədbirdən əldə edilən vəsaitin ehtiyacı olan insanlara yardım göstərilməsi üçün sosial layihələrə yönəldiləcəyi bildirilib.(AZƏRTAC)
16:15 17.05.2026
Oxunuş sayı: 44