Dövlət Komitəsinin sədri: Mənzil məsələsi həm də iqtisadi və iqlim problemidir
Mənzil məsələsi yalnız sosial deyil, həm də iqtisadi və iqlim problemidir.
Crossmedia.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşündə bildirib.
"Qədim tarixlə müasir inkişafın qovuşduğu Bakının WUF13 kimi qlobal platformaya çevrilməsi xüsusi əhəmiyyət daşıyır: Bu forum Yeni Şəhər Gündəliyinin qəbul edilməsinin 10 illiyi və onun 20 illik icra dövrünün orta mərhələsi ilə üst-üstə düşür", - deyə o qeyd edib.
Sədrin sözlərinə görə, dünyada şəhərləşmənin sürətlənməsi, mənzil çatışmazlığı, iqlim riskləri və münaqişədən sonrakı bərpa prosesləri fonunda beynəlxalq əməkdaşlığa ehtiyac daha da artır.
"WUF13 yalnız hesabat xarakterli tədbir deyil, həm də yeni fəaliyyət mərhələsi üçün strateji imkandır. 2016-cı ildə qəbul edilən Yeni Şəhər Gündəliyi dayanıqlı şəhər inkişafı üçün ortaq baxış təqdim edib və bu baxış inklüzivlik, dayanıqlılıq, rifah və ekoloji məsuliyyət prinsiplərinə əsaslanır. WUF13-ün əsas mövzusu olan "Dünyaya mənzil təmin etmək: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" mənzil məsələsini qlobal urbanizasiya müzakirələrinin mərkəzinə çıxarır. Mənzil insanların imkanlara, təhsilə, səhiyyəyə və dolanışığa çıxışını formalaşdırır. Bu məsələ insan ləyaqəti ilə birbaşa bağlıdır", – deyə o vurğulayıb.
09:37 17.05.2026
Oxunuş sayı: 46