İraqda “gizli İsrail bazası” iddiaları yenidən gündəmə gəlib
İraqda “gizli İsrail hərbi bazası” ilə bağlı iddialar ətrafında qalmaqal yenidən alovlanıb. Ölkə hakimiyyəti naməlum və icazəsiz qüvvələrlə bağlı əməliyyatların başladığını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hadisələr mart ayında İraqın cənub-qərbində yerləşən səhra bölgələrində qeydə alınıb. İraq təhlükəsizlik qüvvələri ilə kimliyi bilinməyən silahlı qrup arasında baş verən qarşıdurma nəticəsində bir hərbçi həlak olub, daha iki nəfər yaralanıb.
Məsələ ABŞ-nin "The Wall Street Journal" nəşrinin mayın 9-da yaydığı hesabatdan sonra yenidən diqqət mərkəzinə düşüb. Qəzet adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yazıb ki, İsrail İraqın səhra bölgəsində Irana qarşı mümkün əməliyyatları dəstəkləmək məqsədilə gizli logistika bazası yaradıb.
Lakin İraqın Təhlükəsizlik İnformasiya Mərkəzi həmin ərazidə hər hansı xarici qüvvənin mövcudluğunu təkzib edib. Qurumun rəhbəri Səəd Məan bildirib ki, bölgədə geniş təftiş əməliyyatları aparılıb, lakin xarici hərbi qüvvələrə və ya onlara aid avadanlıqlara dair heç bir iz aşkarlanmayıb.
Onun sözlərinə görə, əməliyyatlar martın 5-də Kərbəla yaxınlığında baş vermiş insidentdən sonra həyata keçirilib. Həmin hadisədə İraq qüvvələri naməlum və icazəsiz qüvvələr adlandırılan silahlı qrupla qarşıdurmaya girib.
“The Wall Street Journal” isə iddia edib ki, İsrail xüsusi təyinatlılarının da istifadə etdiyi obyekt İsrail Hərbi Hava Qüvvələrinin logistika mərkəzi kimi fəaliyyət göstərib və ABŞ-nin məlumatı daxilində yaradılıb. Nəşrin məlumatına görə, obyektin mövcudluğu barədə ilk məlumatı bölgədə qeyri-adi hərəkətlilik müşahidə edən yerli çoban verib.
13:08 16.05.2026
Oxunuş sayı: 36