Talassemiya ilə doğulan körpələrin sayının azalması nəyi göstərir?
Azərbaycanda talassemiya diaqnozu ilə doğulan körpələrin sayının azalması son illərdə səhiyyə sahəsində aparılan profilaktik tədbirlərin effektiv nəticə verdiyini göstərən mühüm göstəricilərdən biri hesab olunur.
Talassemiya irsi qan xəstəliyi olduğundan onun yaranmasında əsas faktor valideynlərin daşıyıcı olmasıdır. Xüsusilə, hər iki valideynin talassemiya daşıyıcısı olduğu hallarda uşaqlarda xəstəliyin ortaya çıxma riski daha yüksək olur.
Azərbaycanda nikahdan əvvəl tibbi müayinələrin aparılması, talassemiya daşıyıcılığının erkən müəyyən edilməsi və əhalinin bu mövzuda maarifləndirilməsi xəstəliyin yayılmasının qarşısının alınmasında mühüm rol oynayıb.
Mütəxəssislər hesab edirlər ki, məhz profilaktik nəzarətin gücləndirilməsi və erkən diaqnostika nəticəsində talassemiya ilə doğulan körpələrin sayında azalma müşahidə olunur.
Mövzu ilə bağlı səhiyyə üzrə ekspert Adil Qeybulla Crossmedia.az-a açıqlama verib:

“Talassemiya irsi xəstəlikdir. Bu, hemoglobinin — yəni qanda əsas oksigen daşıyan formalı element olan eritrositlərin tərkibində yerləşən hemoglobinin miqdarının azalması ilə müşayiət olunan xəstəlikdir. Azərbaycanda talassemiya daşıyıcılığı kifayət qədər geniş yayılıb.
Bir gen və iki gen daşıyıcılığı formaları var və buna uyğun olaraq alfa və beta zəncirli daşıyıcılıq nəticəsində alfa və beta talassemiya yaranır”.
Ekspert əlavə edib ki, əgər valideynlərin hər ikisi talassemiya daşıyıcısı olarsa, bu zaman təxminən 25 faiz hallarda uşaqda xəstəliyin yaranma ehtimalı olur:
“Məhz buna görə də nikahdan əvvəl talassemiya daşıyıcılığı ilə bağlı yoxlamalar aparılır və hər iki tərəf bu barədə məlumatlandırılır. Əslində, ultrasəs müayinələri və digər tibbi nəzarət üsulları vasitəsilə bu xəstəliyin əvvəlcədən izlənilməsi, həmçinin xəstə uşaqların doğulmasının qarşısının alınması istiqamətində son illərdə ciddi nəticələr əldə olunub.
Yəni bu, əslində çoxdan proqnozlaşdırılan və tətbiq olunan bir taktika idi və artıq öz bəhrəsini verir. Talassemiya daha çox Aralıq dənizi hövzəsində yerləşən ölkələrdə geniş yayılıb. Azərbaycan da bu coğrafiyaya daxil olduğu üçün burada da xəstəlik kifayət qədər rast gəlinir.
Təəssüf ki, bu xəstəlik bir çox ailələrdə ciddi problemlərə səbəb olub. Qeyd etmək lazımdır ki, talassemiya yoluxucu xəstəlik deyil, tamamilə irsi xarakter daşıyan xəstəlikdir. Xəstəliyin yaranmasının əsas səbəbi valideynlərin talassemiya daşıyıcısı olmasıdır.
Talassemiya daşıyıcıları adətən normal həyatlarını davam etdirə bilirlər və ciddi sağlamlıq problemləri yaşamırlar. Lakin talassemiya xəstələri artıq müəyyən ciddi sağlamlıq problemləri ilə üzləşirlər. Onlara mütəmadi olaraq qan köçürülməsi, eyni zamanda bəzi xüsusi qan preparatlarının qəbul edilməsi tələb olunur”.
Ayhan
10:30 09.05.2026
Oxunuş sayı: 53