Azərbaycanda özəl məhkəmə ekspertləri - Yeni konsepsiya sistemə nə vəd edir?
Azərbaycanda məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində məhkəmə ekspertizası sahəsində yeni mərhələyə keçid nəzərdə tutulur.
Ədliyyə Nazirliyinin məlumatına əsasən, qəbul edilmiş 2026-2030-cu illər üzrə konsepsiya bu sahədə xidmət keyfiyyətinin yüksəldilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və institusional imkanların genişləndirilməsini əsas prioritetlər kimi müəyyən edir.
Sənəddə xüsusi yer tutan yeniliklərdən biri isə özəl məhkəmə ekspertlərinin fəaliyyətə başlamasıdır. Bu addım ekspertiza xidmətlərində alternativliyin artırılmasına, proseslərin daha operativ həyata keçirilməsinə və rəqabətli mühitin formalaşmasına şərait yaradacaq, eyni zamanda məhkəmə araşdırmalarının səmərəliliyinə mühüm töhfə verəcək.
Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycan Respublikasında ümumilikdə ekspertiza fəaliyyəti, o cümlədən məhkəmə ekspertizası fəaliyyəti “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunla tənzimlənir. Həmin qanunun 11-ci maddəsində özəl məhkəmə ekspertləri ilə bağlı müddəalar əvvəllər də mövcud olmuşdur.
Lakin son dövrdə bu sahənin inkişafını təmin etmək məqsədilə 2026-2030-cu illəri əhatə edən xüsusi konsepsiya qəbul edilmişdir. Bu konsepsiya Azərbaycan Respublikasında özəl məhkəmə ekspertizasının inkişafına yönəlmişdir və burada özəl ekspertlərin fəaliyyətinin təşkili açıq şəkildə nəzərdə tutulmuşdur.
Artıq bu sahə üzrə kifayət qədər hüquqi baza formalaşdırılmışdır. Belə ki, özəl məhkəmə ekspertlərinin kimlərdən ibarət ola biləcəyi, onlara dair meyarlar və tələblər qeyd olunan qanunun 11-ci maddəsində ətraflı şəkildə əks olunmuşdur.
Müvafiq şəxslər özləri müraciət edərək tələb olunan sənədləri təqdim etməlidirlər. Bundan sonra onlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təşkil olunan icbari təlimlərə cəlb ediləcək və təlimi uğurla başa vurduqdan sonra fəaliyyət göstərmək hüququ əldə edəcəklər. Bu şəxslər hüquq və vəzifələr baxımından Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinin ekspertləri ilə eyni statusa malik olacaq və qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyacaqlar.
Özəl məhkəmə ekspertləri ilə vətəndaşlar və hüquqi şəxslər arasında xidmət müqaviləsi bağlanacaqdır. Həmin müqavilədə ekspert yalan rəy verməyə görə daşıdığı məsuliyyət barədə əvvəlcədən məlumatlandırılacaqdır. Müqavilənin imzalanması bu məlumatlandırmanın təsdiqi hesab olunur.
Nəticə etibarilə, özəl məhkəmə ekspertlərinin fəaliyyətə başlaması həm rəqabətli mühitin formalaşmasına, həm də ümumilikdə ekspertiza xidmətlərinin keyfiyyətinin yüksəlməsinə xidmət edəcəkdir. Bu, eyni zamanda dövlət ekspertiza qurumları tərəfindən verilən rəylərin daha məsuliyyətli və dəqiq hazırlanmasına da müsbət təsir göstərəcəkdir".
Elmir Heydərli
16:15 30.04.2026
Oxunuş sayı: 44