Nüvə kodları müzakirəsi - Ağ Evdən sızan məlumatlar nə qədər doğrudur?
Ağ Evdən sızdığı iddia edilən məlumatlar fonunda Donald Tramp administrasiyasının İrana qarşı mümkün addımları ətrafında gedən müzakirələr ABŞ-nin daxili siyasi və hərbi qərar mexanizmlərinin nə dərəcədə mürəkkəb olduğunu bir daha gündəmə gətirir.
Nüvə kodlarına çıxış məsələsinin qabardılması və buna Pentaqon daxil olmaqla hərbi rəhbərliyin ehtiyatla yanaşması, Vaşinqton daxilində vahid mövqenin hər zaman asan formalaşmadığını göstərən mühüm siqnaldır.
Xüsusilə, İranın daha sərt cavab vermə ehtimalı, regionda artan gərginlik və ABŞ-nin geniş beynəlxalq koalisiya formalaşdırmaqda çətinlik çəkməsi bu fikir ayrılıqlarını daha da dərinləşdirən amillər kimi çıxış edir.
Üstəlik, artan hərbi xərclər və gözlənilən nəticələrin əldə olunmaması fonunda daxildə siyasi və institusional mövqelərin toqquşması qaçılmaz görünür.
Bu kontekstdə əsas sual yaranır: belə məlumatlar nə dərəcədə reallığı əks etdirir və əgər doğrudursa, ABŞ daxilində və rəhbərliyində yaranan fikir ayrılıqları ölkənin xarici siyasətinə və qlobal mövqeyinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Crossmedia.az araşdırma aparıb:
Azad Vətən partiyasının sədri Akif Nağı:

“Təbii ki, müharibə hər zaman gözlənilməz nəticələr doğurur. Müharibə aparan tərəflərin həm xarici siyasətində, həm də müttəfiqlər arasında yeni və dəyişkən situasiyalar yaranır. Bu gün müttəfiq olan qüvvələr sabah bir-birinə qarşı mövqe tuta bilərlər – bu, müharibənin təbiətində olan bir haldır.
Eyni zamanda, hər iki ölkənin daxilində də problemlər dərinləşir. Müharibəni dəstəkləyənlər olduğu kimi, ona qarşı çıxanlar da olur. İstər-istəməz müxalifət formalaşır və hətta hakim komandanın daxilində belə müəyyən fikir ayrılıqları üzə çıxır.
Məsələn, İrana qarşı müharibənin başlanğıcında ABŞ vitse-prezidenti Cey Di Vens bu addımın əleyhinə idi. Lakin sonradan komanda prinsiplərinə uyğun şəkildə prosesə qoşuldu və vahid mövqe nümayiş etdirdi.
Ümumilikdə, ABŞ rəhbərliyi daxilində ciddi bir parçalanma müşahidə olunmur; komanda olaraq hərəkət edirlər və proseslər Donald Tramp tərəfindən nəzarətdə saxlanılır”.
A.Nağı qeyd edib ki, bəzi məlumatlara görə, Tramp nüvə silahının kodlarına çıxış məsələsini qaldırsa da, buna razılıq verilməyib:
“Sonradan da aydın oldu ki, belə bir addıma ehtiyac yoxdur və bu, bəşəriyyət üçün böyük cinayət olardı. Bu cür müzakirələr müəyyən fikir ayrılıqlarından xəbər versə də, ciddi daxili qarşıdurma səviyyəsində deyil. Proses ümumilikdə mürəkkəbdir və hətta atəşkəs dövründə belə davam edir. Pakistanın paytaxtı Islamabad şəhərində görüşlər keçirilir və diplomatik fəaliyyət davam edir.
Eyni zamanda, İran daxilində daha ciddi fikir parçalanması müşahidə olunur. ABŞ tərəfi dəfələrlə bəyan edib ki, danışıqların davamı üçün İranda vahid mövqenin formalaşması vacibdir, lakin hazırda bu tam şəkildə görünmür.
ABŞ daxilində müəyyən etiraz aksiyaları keçirilir, xüsusilə demokratların rəhbərliyi altında müxalif mövqelər səsləndirilir. Hətta Trampa qarşı impiçment ehtimalı ilə bağlı iddialar da gündəmə gəlir.
Bununla belə, cəmiyyətin böyük hissəsinin onun mövqeyini dəstəklədiyi hiss olunur və vəziyyət hələlik ciddi siyasi böhrana çevrilməyib.
Ümumilikdə, hazırkı mərhələdə ABŞ daxilində kəskin parçalanma əlamətləri müşahidə olunmur. Əgər belə risklər yaransa belə, Trampın siyasi gücünün buna qarşı durmaq üçün kifayət edəcəyi düşünülür.
Digər tərəfdən, müharibənin gedişində təşəbbüs daha çox ABŞ-ın əlindədir və bu, Trampın mövqeyini daha da gücləndirir.
Xüsusilə, Hörmüz ətrafında baş verən hadisələr bunu göstərir. İran bu boğaz vasitəsilə təzyiq göstərməyə çalışsa da, ABŞ-ın əks addımları və blokada siyasəti İranı danışıqlara məcbur edib.
Hazırda İran blokadanın aradan qaldırılması üçün şərtlər irəli sürür. İranın beynəlxalq müstəvidə ciddi dəstək bazası da görünmür. Bu səbəbdən ölkə çıxış yolları axtarır. İranın xarici işlər naziri Abbas Əraqçi müxtəlif səfərlər həyata keçirərək İslamabad, Oman və Rusiyada danışıqlar aparır.
O cümlədən Sant-Petersburq şəhərində görüşlər keçirir. Bu addımlar həm dəstək qazanmaq, həm də mümkün müharibə risklərinə hazırlaşmaq məqsədi daşıyır. Ümumilikdə, İran daha çox daxili və xarici çıxış yolları axtarışındadır.
Lakin müharibənin gedişində gözlənilməz dönüşlər hər zaman mümkündür və bu, həm ABŞ-da, həm də İranda ciddi sarsıntılara səbəb ola bilər. Hazırkı vəziyyətdə isə nə ABŞ-da, nə də İranda ciddi daxili böhran və ya sarsıntı əlamətləri müşahidə olunmur”.
Politoloq Aydın Quliyev:

Donald Trampın nüvə zərbəsinə əl atacağı barədə deyilənlər İranın növbəti şantaj üsuluna daha çox oxşayır. Çünki bütün formalarda, hər cür addımlardan istifadə etsələr də, İrana əsaslı dərəcədə öz mövqeyindən əl çəkmə yönündə təsir edə bilmədilər. İranı yolundan döndərə bilmədiklərinə görə indi də görünür ki, belə bir şantaj formasına əl atıblar — guya İrana qarşı atom silahından da istifadə oluna bilər.
Çünki artıq bir dönəm Amerikanın prezidenti olmuş şəxsin nüvə kodlarından tamamilə məhrum olduğunu iddia etmək mənə görə düzgün deyil. Heç ola bilməz ki, onun nüvə kodlarına müəyyən mexanizmlər əsasında çıxışı olmasın. Ona görə bu xəbər daha çox İranı şantaj etmək və qorxutmaq gedişinə oxşayır”.
Politoloq əlavə edib ki, ABŞ-nın daxilində fikir ayrılıqları var və təbii bir haldır:
“Çünki Amerikanın bu müharibədə əsas hədəfi olan İran rejimini çökdürmək mümkün olmasa da, ABŞ özü xeyli dərəcədə ziyanlar görüb.
Birinci, Amerikanın dünyada super dövlət imici əhəmiyyətli dərəcədə zədələnib. Amerikanın hər şeyə qadir və qüdrətli ölkə imici sanki bir karton parçası kimi dağılıb. Kim bilir, bundan sonra Trampdan sonra hakimiyyətə gələnlər Amerikanın əvvəlki nüfuzunu və qüdrətini bərpa etmək üçün nə qədər cəhd göstərəcəklər və buna nə qədər vaxt gedəcək. Bunun fonunda təbii ki, Amerikada Tramp hakimiyyətinə qarşı narazılıq baş qaldırmalıdır.
Digər tərəfdən, Trampın özünün hakimiyyətə çox ziddiyyətli bir şəraitdə gəldiyini unutmaq olmaz. Tramp hakimiyyətə gələndən sonra Amerika dövlətçiliyi tarixində ənənəvi olmayan bir üsula əl atdı — bu da özündən əvvəlki hakimiyyətlərə qarşı qisas xarakterli mövqe sərgiləmək idi”.
A.Quliyev qeyd edib ki, Tramp hər addımda nəinki Baydeni, həm də bütövlükdə Demokratlar Partiyasını və onların hakimiyyətini Amerikanın tarixində sanki cinayətkar qurum kimi təqdim etməyə çalışır:
“Dəxli olub-olmamasından asılı olmayaraq, bütün hallarda demokratların hakimiyyətini yada salır və onların Amerika üçün dağıdıcı rol oynadığını göstərməyə çalışır. Bundan başqa, Trampın media üzərinə ilk gündən etdiyi hücumlar da unudulmur. Onun mediaya qarşı atdığı addımlar Amerika cəmiyyətində indiyə qədər görünməyən, təəccüb doğuran və ciddi müqavimətlə qarşılaşan amillərdən birinə çevrilib.
Digər tərəfdən, Trampın hakimiyyət komandası xeyli dərəcədə qeyri-peşəkarlardan ibarətdir. Bir neçə mühüm dövlət vəzifəsini tutan şəxslərin ciddi dövlət təcrübəsi yoxdur. Ağ Evdə vəzifəyə gətirilən şəxslərin təxminən 60-70 faizi haqqında “qeyri-peşəkar” ifadəsini işlətmək mümkündür.
Bütün bunlar təbii ki, ABŞ-də Tramp hakimiyyətinə qarşı daxildə ciddi müxalif fikrin formalaşmasına səbəb olur. Trampın hakimiyyətə gəlişi çox böyük ictimai təbəqələşmə şəraitində baş verib.
Demək olar ki, seçicilər ciddi şəkildə bölünüb. Hətta bu gün Trampın partiyasının əksəriyyət təşkil etdiyi Senatda belə, üç dəfə prinsipial qərarların qəbulunda onun tərəfdarları cüzi üstünlüklə qalib gəliblər.
Üç dəfə mühüm məsələ müzakirə olunarkən Tramp tərəfdarları cəmi bir-iki səs fərqi ilə üstünlük əldə ediblər. Ona görə də, Trampın ölkə daxilində zəifləyən mövqeyi, onun xüsusilə, İran siyasətində təzyiq imkanlarını da zəiflədə bilər. Nə daxili vəziyyət, nə də xarici müharibə ssenarisi Trampın mövqeyini gücləndirən faktor kimi görünmür”.
Politoloq Azad Məsiyev:

“Amerika imperiyasında hakimiyyətə gətirilən diktator bu imperiyanın strategiyasını qorumaq üçün bütün vasitələrdən istifadə edir.
ABŞ formal olaraq demokratik dövlət kimi təqdim olunsa da, əslində imperiya xarakteri daşıyan bir sistem kimi çıxış edir. Bu imperiyanı qorumaq üçün hakimiyyətə gələn istənilən şəxs – istər Demokratlar Partiyasından, istərsə də Respublikaçılar Partiyasından olsun – eyni strateji xətti davam etdirir və məqsədə çatmaq üçün müxtəlif vasitələri məqbul hesab edir.
Bu imperiya üçün üç əsas təhlükə mənbəyi mövcuddur. Bunlardan biri hərbi gücünə görə Rusiya, digəri iqtisadi gücünə görə Çin, üçüncüsü isə maliyyə gücünə görə Avropanın ortaq valyutası olan avro hesab olunur.
Hakimiyyətdə olan rəhbərlik bu üç istiqamətdə təhlükələri neytrallaşdırmağa çalışır. Bu kontekstdə iddia olunur ki, Co Bayden dövründə Rusiyanın hərbi gücünü zəiflətmək və Rusiya ilə Avropa arasında qarşıdurma yaratmaq məqsədilə Rusiya Ukrayna müharibəsi stimullaşdırılıb.
Bu münaqişənin məqsədi kimi Rusiyanın zəiflədilməsi ilə yanaşı, Avropa iqtisadiyyatına zərbə vurmaq və nəticədə avronun qlobal valyuta kimi mövqeyini zəiflətmək göstərilir.
Uzunmüddətli münaqişə həm Rusiyanın resurslarını tükəndirmək, həm də Avropanın iqtisadi dayanıqlığını sarsıtmaq baxımından vasitə kimi qiymətləndirilir”.
Politoloq qeyd edib ki, hazırda isə ABŞ-nın İran siyasəti dolayısı ilə Cin faktoruna yönəlmiş sayılır. Çin iqtisadi gücünə görə əsas rəqib kimi qəbul edilir.
Bu baxımdan, Donald Tramp administrasiyasının İsrail ilə birlikdə İrana qarşı siyasət yürütməsi, İranda hakimiyyət dəyişikliyi və ABŞ maraqlarına uyğun yeni siyasi düzənin formalaşdırılması kimi qiymətləndirilir.
Eyni zamanda, ABŞ daxilində də ciddi siyasi rəqabət mövcuddur. Demokratlarla respublikaçılar arasında mübarizə davam edir və Trampın atdığı hər bir addım onun əleyhinə siyasi alətə çevrilə bilir.
Son dövrlərdə Trampın nüvə kodları ilə bağlı addımlar atdığı və bununla İranı hədələdiyi barədə məlumatlar yayılıb. Bu isə onun siyasətinin daha sərt və riskli – hətta avantürist xarakter daşıdığı iddialarını gücləndirir.
Belə bir yanaşma fonunda İranın da özünü müdafiə etmək hüququnun gündəmə gəlməsi qeyd olunur. Əgər ABŞ tərəfindən nüvə təhdidləri səsləndirilirsə, bu halda İranın da nüvə silahına sahib olmaq istəyi müəyyən mənada əsaslandırılmağa çalışılır.
ABŞ qanunvericiliyinə əsasən, hərbi əməliyyatlar 60 gündən artıq davam edərsə, bu zaman Konqres tərəfindən təsdiq alınmalıdır.
Eyni zamanda, böyük maliyyə xərcləri ilə müşayiət olunan hərbi fəaliyyətlər üzrə də Konqresə hesabat verilməsi tələb olunur. Bu isə daxili siyasi mübarizədə əlavə alətə çevrilir.
Qarşıdan gələn 2026-cı ilin payızında ABŞ-da Konqresə aralıq seçkilər keçiriləcək. Əgər bu seçkilərdə demokratlar üstünlük qazanarsa, Trampın siyasi mövqeyi zəifləyə və hətta ona qarşı impiçment prosesi gündəmə gətirilə bilər. ABŞ-da demokratlar və respublikaçılar arasında hakimiyyət uğrunda mübarizə tarixi xarakter daşıyır və bu gün də davam edir.
Bu şəraitdə Tramp çalışır ki, İranla danışıqlara gedərək müəyyən bir saziş əldə etsin və bunu ABŞ ictimaiyyətinə siyasi qələbə kimi təqdim etsin.
Bu addım onun reytinqini artırmaq məqsədi daşıyır. Müxtəlif sorğulara görə, onun reytinqində azalma müşahidə olunur və bu səbəbdən uğurlu diplomatik nəticə əldə etmək onun üçün vacib sayılır.
Nəticə etibarilə, bu yanaşmaya görə ABŞ qlobal miqyasda müəyyən gərginlik və xaos fonu yaradır və bu mühitdən istifadə edərək, öz geosiyasi maraqlarını reallaşdırmağa çalışır.
Eyni zamanda, bu siyasətin həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə müxtəlif reaksiyalar doğurduğu və müəyyən risklər yaratdığı da vurğulanır”.
12:00 29.04.2026
Oxunuş sayı: 78