Türkiyə bayrağının yandırılması - Azərbaycanla anlaşmaya üsyan kimi başa düşürük
Son günlər sosial şəbəkələrdə və mediada İrəvanda Türkiyə bayrağının yandırılması hadisəsi geniş müzakirə olunur və regionda onsuz da həssas olan normallaşma prosesinə yeni kölgə salır.
Bu hadisə bir tərəfdən revanşist meyllərin hələ də mövcud olduğunu göstərirsə, digər tərəfdən rəsmi səviyyədə səsləndirilən sülh və əməkdaşlıq mesajları ilə ziddiyyət təşkil edir.
Xüsusilə, Nikol Paşinyanın bu addımı pisləməsi müəyyən siyasi iradənin mövcudluğuna işarə etsə də, yaranan suallar açıq qalır: normallaşma istiqamətində atılan addımlar fonunda bu kimi təxribat xarakterli hərəkətlər sülh prosesinə nə dərəcədə təsir göstərə bilər?
Yalnız pisləmə bəyanatı kifayətdirmi, yoxsa daha konkret və sistemli addımların atılması zəruridir?
Crossmedia.az mövzu ilə bağlı araşdırma aparıb:
Milli Məclisin deputatı Hikmət Babaoğlu:

“Bir millətin bayrağını yandırmaq barbarlıq nümayişi və etnik nifrətin açıq göstəricisidir. Bu kimi hallar bir daha göstərir ki, Ermənistanda uzun illərdir müşahidə olunan türkofobiya və Azərbaycana qarşı düşmənçilik meylləri hələ də qalmaqdadır. Eyni zamanda, digər millətlərə qarşı dözümsüzlük nümunələri də diqqətdən yayınmır. Ermənistanın monoetnik dövlət kimi formalaşması belə, orada fərqli xalqlara münasibətin nə qədər aqressiv və nifrət zəminində qurulduğunu anlamaq üçün kifayət edir.
Mövcud regional reallıqlar fonunda bayraq yandırılması kimi hadisələr xüsusi narahatlıq doğurur və məsuliyyəti daha da artırır. Çünki bir tərəfdən erməni rəsmiləri sülh çağırışları edir, Türkiyə ilə münasibətlərin normallaşdırılması və sərhədlərin açılması barədə danışırlar, digər tərəfdən isə belə təxribat xarakterli addımlar atılır. Bu ziddiyyət, diplomatik bəyanatlarla reallıq arasında ciddi uyğunsuzluğun olduğunu göstərir”.
Deputat əlavə edib ki, bu cür hərəkətləri bütün erməni cəmiyyətinə şamil etmək doğru olmasa da, radikal düşüncəli qrupların mövcudluğu danılmaz faktdır:
“Ermənistanın baş naziri tərəfindən bu addımların pislənməsi müsbət hal kimi qiymətləndirilə bilər, lakin bu, kifayət deyil. Belə halların qarşısını almaq üçün yalnız qınama ilə kifayətlənmək yox, konkret hüquqi tədbirlər görülməli, qanun pozuntusuna yol verən şəxslər məsuliyyətə cəlb olunmalıdır.
Eyni zamanda, bu cür hadisələrə qarşı Ermənistan ictimaiyyətindən geniş və prinsipial qınama gözləmək real görünmür. Çünki müəyyən istisnalar olsa da, cəmiyyətdə bu kimi davranışlara meyilli düşüncə tərzinin mövcudluğu hiss olunur.
Məhz buna görə də, gələcəkdə oxşar halların təkrarlanmaması üçün hüquqi mexanizmlərin tətbiqi və cəza tədbirlərinin qaçılmaz olması vacibdir”.
Ədalət partiyasının sədri Mütəllim Rəhimli:

“Ermənistanda yürüş zamanı Türkiyə bayrağının yandırılması əvvəlcədən planlaşdırılmış məqsədli addımdır. Bu revanşist qüvvələrlə onların xaricdəki havadarlarının birgə işidir.
Çoxsaylı xarici güclər var ki, Cənubi Qafqazda sabitliyin əldə olunmasında maraqlı deyil. Məhz həmin güclər uydurma ideyalarla yanlış istiqamətə yönəldilmiş ermənilərdən istifadə edirlər. Uzun illər boyük Ermənistan xəyalları ilə yaşayan erməniləri qızışdırırlar. Bu yolla Ermənistanla qonşuları arasında konflikt yaradaraq onu idarə etməyə və regiona hakim olmağa çalışırlar.
Erməni daşnakları da bu oyuna həvəslə qoşulurlar. Bu da Ermənistanın təcridinə və bütün regional layihələrdən kənarda qalmasına gətirib çıxaracaq. Bir qrup avantürist erməninin hərəkətləri bütün ölkəni və xalqı fəlakətə sürükləməkdədir.
Ermənistanda baş verən bu hadisə Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesinə də ciddi zərbə vurur. Həqiqi sülh üçün yalnız qulağa xoş gələn bəyanatlar yetərli deyil, bu həm də sübut istəyir. Ermənistan tərəfi isə 2020-ci ildən bəri ortaya əsaslı sübut qoya bilməyib. Əksinə biz qonşulara qarşı bu cür irgənc münasibətə rast gəlmişik.
Bu da onu göstərir ki, Ermənistan sülhə hazır deyil. Ona görə də Paşinyan iqtidarı doğurdan da sülh istəyirsə ictimai fikrin düzgün tərbiyə edilməsinə çalışdığını əməli addımları ilə sübut etməlidir.
Türkiyə bayrağının yandırılması Azərbaycanla anlaşmaya üsyan kimi qiymətləndirilməlidir. Çünki Türkiyə bizimlə qardaş ölkə və əbədi müttəfiqimizdir”.
Politoloq Zeynal Əmrəliyev:
“Ermənistanda, çox təəssüf ki, radikal meyilli qruplar hələ də mövcuddur və bu radikallıq davam etməkdədir. Onların Azərbaycan və Türkiyə bayraqlarını yandırması da məhz bu düşüncə tərzinin açıq təzahürüdür.
Bu kimi hallar heç bir halda qəbulolunan deyil və Ermənistan dövləti bununla bağlı konkret hüquqi addımlar atmalıdır.
Məsələ ondadır ki, Nikol Paşinyanın bu hadisəni qınaması ilə iş bitmiş hesab oluna bilməz. Ermənistan hüquq-mühafizə orqanları, xüsusilə də Baş Prokurorluq səviyyəsində, bu əməlləri törədən şəxslərə qarşı cinayət işi açmalı və onların cəzalandırılmasını təmin etməlidir. Əgər Ermənistan dövləti həqiqətən sülh prosesində maraqlıdırsa, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını istəyirsə, bu məsələdə də açıq və prinsipial mövqe ortaya qoymalıdır.
Qeyd edilməlidir ki, bu kimi radikal yanaşmalar əsasən Daşnaksütyun Partiyası ətrafında cəmləşən şəxslər tərəfindən təbliğ olunur.
Onlar xüsusilə, Robert Köçəryan və Serj Sarkisyanın hakimiyyəti dövründə daha fəal mövqe nümayiş etdirir, hətta müəyyən mənada ölkə daxilində təşəbbüsü ələ almış qüvvələr kimi çıxış edirdilər.
Bu gün də Ermənistanda Azərbaycan və Türkiyəyə qarşı düşmənçilikdən siyasi və ideoloji divident qazanan dairələrin mövcudluğu danılmaz faktdır”.
Politoloq bildirib ki, bu isə son dərəcə təəssüf doğuran bir reallıqdır:

“Ermənistan hakimiyyəti məhz bu cür destruktiv qüvvələrin təsirini neytrallaşdırmaq üçün ciddi və ardıcıl addımlar atmalıdır. Çünki həmin şəxslər özlərini millətçi kimi təqdim etsələr də, əslində populyizm ilə məşğuldurlar və bu “millətçiliyi” əsasən Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik üzərində qururlar.
Azərbaycan və Türkiyə bayraqlarının təkrar-təkrar yandırılması, davamlı təhdid və təhqir xarakterli bəyanatların səsləndirilməsi artıq sistemli xarakter alıb və buna son qoyulmalıdır.
Bu baxımdan, Ermənistan hakimiyyəti, xüsusilə də Baş Prokurorluq orqanları, bu şəxslərə qarşı dərhal cinayət işi açmalı və onların qanun qarşısında cavab verməsini təmin etməlidir. Yalnız bu halda real sülh niyyətindən və normallaşma prosesinə səmimi yanaşmadan danışmaq mümkün olar”.
12:58 27.04.2026
Oxunuş sayı: 718