Paşinyan özünü, yoxsa dünyanı aldadır?
Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, Ermənistan–Türkiyə dəmir yolunun tezliklə işə düşəcəyinə ümid var.
Bu müddət ərzində bizim yeni nəqliyyat imkanlarımız da yaranıb. Axalkalaki–Qars dəmir yolunun hər iki xətti fəaliyyət göstərir. Mən bu məsələni Gürcüstan Baş naziri ilə də müzakirə etmişəm və o, hər iki istiqamətdə heç bir problem olmayacağını təsdiqləyib. Biz bunu Türkiyə Prezidenti ilə də danışmışıq və o, bu istiqamətlərin açıq olduğunu təsdiqləyib.
Ümid edirik ki, Ermənistandan Türkiyəyə gedən dəmir yolu da mümkün qədər tez işə salınacaq. Bundan əlavə, TRIPP layihəsi çərçivəsində imkanlar əhəmiyyətli dərəcədə artacaq”, — Paşinyan bildirib.
Baş nazir TRIPP layihəsi çərçivəsində nəzərdə tutulan infrastruktur barədə də danışıb: “Mən TRIPP layihəsi çərçivəsində üç məsələnin olacağını dəqiq bilirəm: dəmir yolu, avtomobil yolu və elektrik xətləri. Bu üç məsələnin həyata keçiriləcəyinə 100 faiz əminəm.
Digər iki məsələ ilə bağlı niyə əmin deyiləm? Çünki orada resursların mərkəzləşdirilməsi və boru kəmərlərinin çəkilməsi kimi mövzular var. Bunlarla bizdən daha çox tərəfdaşlarımız məşğul olmalıdır.
Bu üç məsələnin həyata keçirilməsi artıq sülh deməkdir. Təsəvvür edin, biz Azərbaycana gedib-gəlirik, Azərbaycan da Ermənistan ərazisindən keçərək gedib-gəlir, qatarlar hərəkət edir və s. — bu, elə sülhdür”.
Qeyd edək ki, hökumət dairələri bu günlərdə Ermənistandan Türkiyə vasitəsilə Livana humanitar yardım göndəriləcəyini və bunun üçün “Marqara” sərhəd-keçid məntəqəsinin bir neçə gün müddətinə açılacağını bildiriblər.
Politoloq Elçin Xalidbəyli səsləndirilən fikirlər barədə Crossmedia.az-a danışıb: "Paşinyan müəyyən siyasi və ideoloji manipulyasiyalara yol verməkdədir. O, iddia edir ki, guya Zəngəzur dəhlizinin, yəni "TRIPP" layihəsinin reallaşmasından sonra Ermənistan və Azərbaycan arasında sülhü təmin edən əsas mühit yetişmiş olacaq. Onun fikrincə, nəqliyyat-kommunikasiya xətləri, elektrik xətləri, avtomobil və dəmir yolları açıldıqdan sonra sülhün təminatı veriləcək. Ancaq burada Paşinyanın bilərəkdən buraxdığı əsas səhv ondan ibarətdir ki, geo-iqtisadi layihələr sülhə və sabitliyə töhfə verən faktorlar olsa da, yeganə əsas deyil. Azərbaycan və Ermənistan arasındakı sülhü möhkəmləndirəcək yeganə fundamental amil iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanmasıdır”.

Ekspert vurğulayıb ki, Paşinyan əgər, doğrudan da, tam sülh istəyirsə, ilk növbədə Ermənistanda Konstitusiya islahatları aparmalıdır: "Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarını ifadə edən müddəalar referendum yolu ilə ləğv olunmalıdır. Yalnız bundan sonra iki ölkə arasında sülhü təmin edəcək yekun müqavilənin imzalanması mümkün ola bilər. Əks halda, bu problem davam edəcək".
Boru kəmərlərinin çəkilməsi məsələsinə gəldikdə isə, E.Xalidbəyli rəsmi Bakının Ermənistan ərazisindən hər hansı bir boru kəmərinin keçməsinə qətiyyən həvəs göstərməyəcəyini qeyd edib: "Azərbaycan özünün əsas strateji mexanizmini Ermənistanın nəzarəti altına verməz və buna imkan yaratmaz. Hazırda Azərbaycanın enerji resurslarını nəql edən boru kəmərləri ölkəmizlə dostluq münasibətlərində olan Gürcüstan ərazisindən keçir. Bu, rəsmi Bakını tamamilə qane edir.
Digər tərəfdən,gələcəkdə Orta Asiya enerji resurslarının nəqli də Azərbaycan ərazisindən və ölkəmizin boru kəmərləri üzərindən reallaşdırılacaq. Azərbaycan bu qlobal faktoru da Ermənistanın nəzarətinə verməz. Paşinyan özü də yaxşı anlayır ki, rəsmi Bakı strateji rıçaqlarını Ermənistanın istifadəsinə verməyəcək. Bu baxımdan, Ermənistan ərazisindən hər hansı boru kəmərinin keçirilmə ehtimalı, həqiqətən də, inandırıcı görünmür".
Ayxan İbişov
12:25 13.06.2026
Oxunuş sayı: 79