Rus-sovet general və marşalların fərasətsizliyi
Ənənəvi
tarix kitablarından fərqli olan yanaşmalarla Rus-sovet hərbi xadimlərinin fəaliyyətinə
kiçik bir nəzər salaq. Bu hərbiçi “dahilərin” şəkilləri hələ də rusiya rəsmi mənbələrində
iftixarla təqdim olunur və yaxalarında müxtəlif qəhrəmanlıqları təmsil edən
orden və medallar əks olunur. Həqiqət isə fərqlidir. Bizə müharibə qəhrəmanları
kimi təqdim olunan bir çox marşal və generallar əslində səriştəsizlikləri
ucbatından yüz minlərlə əsgərin ölümünə səbəb olmuş, içki düşkünü, xəstə düşüncəli
insanlar idi.
Kliment
Yefremoviç Varaşılov 1925-1940-cı illərdə SSRİ-nin müdafiə komissarı (müdafiə
naziri) olub. Sağlığında onun adına şəhərlər adlandırılıb (indiki Luqansk şəhəri)
və zavodlar tikilib. 1940-cı ildə
Finlandiya müharibəsinin uduzulması səbəbləri müzakirə olunan zaman Stalin siyasi
büroda etiraf edir ki, Varaşılovun müasir müharibə haqqında anlayışı yoxdur. 1939-cu
ildə Finlandiya müharibəsi başlayanda irəliləyən sovet qoşunları bir milyon
iki yüz min əsgər, üç min tank, iki min təyyarə ilə hücuma keçir. O zaman Finlandiya
tərəfinin 270 min əsgəri, 30 tankı, 114 təyyarəsi mövcud idi. Belə qüvvələr
nisbətində SSRİ rüsvayçılıqla məğlub olur.
Varaşılov
bu müharibədə 105 gün döyüşlər aparır. Sovet əsgərləri Finlandiyada 40 dərəcə
şaxtada, meşələrdə donurdular və bu ona görə baş verirdi ki, əsgərlərə qış paltarları verilməmişdi.
Varaşılov hesab edilir ki, müharibəni soyuqlar düşənə qədər bitirəcək. Nəticədə
126875 nəfər ölür və 264 min əsgər yaralanır. Bu rəqəm finlandiyanın səfərbər
etdiyi qoşun heyətinə bərabər idi.
Bu
döyüşləri Almaniya da diqqətlə izləyirdi və Adolf Hitler rus hərb sənətinin
yarıtmazlığını da görürdü. 1941-ci ildə Böyük Vətən Müharibəsi başlayanda
Varaşılovu Şimal-qərb cəbhəsinin komandiri təyin edirlər və o, bu cəbhədə gedən
döyüşləri uduzur. Varaşılov müharibənin ilk iki ayında Latviya, Estoniya, Litva
və Leninqrad vilayətinin yarısını əldən verir. Onun səriştəsizliyi ucbatından
200 min əsgər ölür. Stalin onu Moskvaya çağırır, ordu komandanlığından çıxardır,
lakin cəzalandırmır, arxa cəbhədə sakit işə təyin edir və Varaşılov 88 yaşında,
1969-cu ildə vəfat edir.
Marşal Semyon Mixayloviç Budyonnı Suvari qoşunlarının komandanı və vətəndaş müharibəsinin “əfsanəsi” hesab edilirdi. Eyni zamanda orta asiya respublikalarının işğalında “cəllad” ləqəbi qazanmışdı. Sağlığında ona, mahnılar həsr edilmiş, heykəllər qoyulmuş və bütün nüfuzlu təltiflər təqdim olunmuşdu.

(Alman tanklarının üzərinə atlıları hücuma göndərən marşal fenomeni)
Bu şəxs vətəndaş müharibəsi dövrünün süvari quşunlarının komandiri olaraq müharibə haqqında anlayışı da bir o qədər formalaşmışdı. Müdafiə komissiyasında çıxışı zamanı təkid edirdi ki, “tanklar” öz yerində, atlı dəstəsinin yaxşı hücumunu təşkil edəriksə, onlar tanklara qalib gələ bilər. Texnikaya etibar yoxdur, onun matoru xarab ola bilər, lakin at səni mütləq ünvana çatdırar”. Onu dinləyən generallar biri-birinə baxaraq səslərini çıxarmırlar.
Müharibə başlayanda Budyonnunu cənub-qərb cəbhəsinin komandanı təyin edirlər. Bu zaman Sovet ordusunun 32 suvari diviziyası var idi və Budyonnı bu diviziyaların artırılmasını tələb edirdi. Onun qoşun hissələri almanların mühasirəsinə düşdüyü zaman verdiyi əmr ondan ibarət idi ki, “bir addım da geriyə olmaz, son əsgərə qədər müqavimət göstərin və bir başa hücumlar edin...” Nəticədə 665 min əsgərdən 26 min nəfər mühasirədən çıxa bilir.
Stalin bunu da Moskvaya çağırır və komandanlıqdan azad edir. Müharibə dövrünün qanunlarına görə belə səriştəsizlik etdiyi üçün onu da güllələməli idilər. Lakin stalin onu da cəzalandırmır, arxa cəbhəyə göndərir. Budyonnı 1973-cü ilə qədər yaşayır və 90 yaşında vəfat edir. Hesab edilir ki, onun ucbatından 700 min insan həlak olur və o fəxri marşal olaraq həyatını davam etdirir.
Marşal Qriqori İvanoviş Kulik Qızıl Ordunun Artileriya qoşunları Baş qərərgahının 1937-1941-ci illərdə rəyisi olmuşdu. Müharibə hazırlıqları zamanı tank əleyhinə minaların istehsalını artırmaq əvəzinə istehsalı dayandıran bu general minlərlə əsgəri silahsız qoydu və müharibənin ilk günlərində çox sayda insanın ölümünə səbəb oldu.
1941-ci ildə Stalin bunu da Moskvaya çağırır, marşallığını əlindən alır və onu ön cəbhəyə göndərir ki, günahlarını qanı ilə yusun. 1946-cı ildə onu təxribatçılığa görə həbs edirlər və 1950-ci ildə güllələyirlər.
Ömrü boyu bir rotaya rəhbərlik etməmiş Marşal Lev Zaxaroviç Mexlis Qızıl Ordunun baş siyasi idərsinin rəhbəri təyin olunur. 1937-1939 cu illərdə sovet generalların güllələnməsini təşkil etmiş, 40 min hərbçini repressiya etmiş bu yüksək dərəcəli general ən böyük təxribatçılardan biri idi. Krımın müdafiəsi zamanı səngər qazmağı tapşırmış komandirləri vəzifəsindən azad edirdi ki, səngər qazmaq qorxaqlıqdır, sovet əsgəri hücum etməlidir, səngərdə gizlənməməlidir. Nəticədə, bu döyüşlərdə 176 min əsgər həlak oldu.
Bunu da Stalin Moskvaya çağırır, danlayır, vəzifəsini azaldaraq onu korpus kamandiri təyin edir. Mexlis 1953-cü ilə qədər yaşayır və sonunda infarktdan vəfat edir.
Marşal Andrey İvanoviç Yeremenko Stalinqrad cəbhəsinin komandiri idi. Stalinqradın azad edilməsi “Uran” əməliyyat planını general Jukov general Vasilevski ilə birlikdə hazırlamışdı. Yeremenko iştirak etdiyi bütün döyüşləri uduzmuş, lakin başqalarının uğurlarını mənimsəməkdə çox bacarıqlı olmuşdur. Stalinqrad döyüşünə görə Qəhraman adını alır və ona marşal titulunu 1975-ci ildə verirlər. 1976-cı ildə 83 yaşında vəfat edir.
Müharibəyə qədər SSRİ Müdafiə komisarı olmuş Semyon Konstantinoviç Timoşenko yaxşı əsgər olduğu hesab edilirdi. Müharibə başlayanda onu qərb cəbhəsinin komandiri təyin edirlər. Sonra cənub-qərb cəbhəsinin komandiri olur və hər təyinatında tapşırıları batırır, keçirdiyi bütün döyüşləri uduzur. Onu da stalin Moskvaya çağırır, komandanlıqdan kənarlaşdırır və ikinci dərəcəli işə göndərir. Timoşenko 1971-ci ilə qədər yaşayır.
Marşal Radion Yakovliviç Malinovski ordu komandiri və SSRİ müdafiə naziri olmuşdu. Bu şəxs xroniki alkoqalizmdən əziyyət çəkirdi və döyüşlər zamanı günlərlə yox olurdu. Müavinləri onu ört-basdır edir və öz cəbhədə olduğunu deyirdilər. Baxmayaraq ki, günlərlə içkinin təsirindən ayıla bilmirdi. Stalin zamanı komandanlıqdan uzaqlaşdırıldısa da Xruşşov zamanı yenidən rəhbərliyə gətirildi. O, 1967-ci ildə qara ciyər serrozundan vəfat edir.
Filip İravanoviç Qolikov Qızıl Ordunun Kəşviyyat idarəsinə rəhbərlik edib. İyun ayının 22-də almanların hücum etməsi ilə əlaqədar 84 məxfi məlumat daxil olmasına baxmayaraq Qolikov Stalini inandırmağa çalışırdı ki, bu məlumatlar provakasiyadır və bizi almanlarla düşmən etmək istəyirlər.
Müharibə başlayan günün sabahı Stalin onu yanına çağırır, “QRU” rəisi vəzifəsindən azad edərək onu ön cəbhəyə göndərir. Müharibənin sonuna qədər sağ qalır və sonralar memuar yazmağa başlayır və özündən başqa hamını günahkar hesab edir. 1982-ci ilə qədər yaşayır.
Marşal Lianid Aleksandroviç Qovorov Leninqrad cəbhəsinin komandanı idi. Onun səriştəsizliyi ucbatından almanların ilk həmləsi ilə Leninqrad mühasirəyə düşdü və uzun müddət böyük bir ərazidə insanlar əzablı həyat sürməyə məhkum oldular. Bu marşal keçirdiyi bütün döyüşləri uduzdu və Leninqradın mühasirədən azad olunması əməliyyatını da başqaları həyata keçirdilər. Qovorov Marşal titulunu aldı və 1955-ci ildə ürək xəstəliyindən vəfat edir.
Marşal Georgi Konstantinoviç Jukov müharibə qəhrəmanı elan edildi və ona ölkənin müxtəlif şəhərlərində 400 abidə qoyuldu. Onun adına şəhərlər salındı, küçələrin adı qoyuldu ona kitablar həsr edildi.
Keçirdiyi bütün döyüşlərdə çox sayda insan tələfatına yol verdiyini ona deyəndə ən məşhur kəlamı “Qadınlar yenə də doğacaqlar...", - deyə, cavab verirdi. Müharibənin sonlarında, yalnız Berlin şəhərinin alınması üçün 80 min sovet əsgəri həlak oldu.
Müharibə qurtardıqdan sonra Jukon Almaniyanı bir quldur kimi qarət etməyə başlayır. Onun qarətçiliklə məşğul olduğunu mərkəzə xəbər edirlər. 1946-cı ildə Stalin onun vəzifəsini aşağı salaraq Adessa hərbi dairəsinə göndərir. Stalinin vəfatından sonra Xruşşov onu yenidən geri çağıraraq qəhrəmana çevirir. 1974-cü ilə qədər yaşayır.
SSRİ-nin ilk marşalı Vasili Konstantinoviç Bluxer – uzaq şərq əməliyyatlarına rəhbərlik edib. Yaponlarla döyüşlər zamanı ən böyük səriştəsizliyi nəticəsində minlərlə əsgərin ölümünə səbəb olur. 1938-ci ildə Blyxeri Soçi şəhərində istirahət etdiyi zaman həbs edilir, həmin yerdə onu xeyli döyərək həbsxanaya salırlar və noyabrın 9-da gülləliyirlər.
Yeqorov Aleksandr İliç 1935-ci ildə SSRİ-nin marşal adını almış ilk beşnəfərdən biri idi. 1939-cu ilin fevral ayında vətənə xəyanətdə ittiham edilir və güllələnir.
Kiril Afanasiyeviç Miretskov qış müharibəsində (Finlandiya) iştirak etmiş və üç ay müddətində 60 min əsgərin tələf olunmasını təmin etmişdi. Vətən müharibəsi illərində də cəbhədə komandanlıq edən Miretskon Vlasov ilə birgə qoşunlara rəhbərlik edir. Vlasov almanlara təslim olur və onlara xidmət edərkən Miretskova SSRİ-də marşal titulu verirlər.
Vətən müharibəsi illərində Azərbaycandan səfərbər olunmuş əsgərlərdən təxminən beş yüz min insan həlak oldu. Bu işdə Sovet hakimiyyətinin maddi-texniki bazasının zəifliyi, silah-sursat çatışmazlığı ilə yanaşı yüksək dərəcəli hərbi rütbə daşıyan zabitlərin səriştəsizliyi də mühüm rol oynamışdı. Rus hərb tarixində əsğər heç vaxt əhəmiyyət daşımayıb. Rus-hərb sənətində ordu rəhbərliyi həmişə şişirdilərək böyüdülüb, mifləşdirilib, sərkərdələrə mahnılar bəstələnib, nağıllar söylənib və filimlər çəkilib. Həqiqətdə isə çox böyük insan tələfatı ilə əldə olunan qələbələr fövqəladə bacarıq və hadisələr kimi təqdim edilib. 1941-1945-ci illərdə almanlara təslim olmuş və onlara xidmət etmiş generallar, əsir düşmüş və itkin düşmüş generallar haqqında rəsmi tarixdə məlumat əldə etmək olur.
Azərbaycanda hərb tarixi ilə məşğul olan mütəxəssislərimiz SSRİ illərində müştərək tariximizin həqiqi mənzərəsini üzə çıxarmalı və rus-sovet tarixşünaslığına alternativ araşdırmalar ortaya qoymalıdırlar.
Dosent Kazimi Pərviz,
Dosent Əhmədov Elçin
15:18 21.04.2026
Oxunuş sayı: 3658