Sovet tarixində dəhşətli insanlıq cinayətləri
Sovet Konstitusiyasında yazılmışdı ki, bütün insanların hüquqları bərabərdir, yalnız bu hüquqlardan məhrum olunanlardan başqa. 1918-ci ildə Sovet hökuməti yeni vətəndaş kateqoriyası yaratdı. Bu insanlar hər bir şeyi əlindən alınmışlar idi. Keçmiş tacirlər, din xadimləri, zadəgan, çar ordusu zabitləri və onlar kimi yeni dövrlə uyğunlaşa bilməyənlərin səs vermə hüquqları yox idi. Bunlar dövlət müəssisəsində işləyə, ali təhsil ala və eləcə də ərzaq kartoçkalarına sahibi ola bilməzdilər. Bu qaydalar və münasibət valideyndən uşaqlara keçir və övladlar bu “damğa” ilə həyatlarını davam etdirməli olurdular. Bu qaydalar yalnız 1936-cı ildə ləğv olundu və elan edildi ki, yenə də hamının hüquqları bərabərdir. Lakin üzərinə qoyulmuş bu damğa ilə yaşayanların həyatı dəyişmədi.

Gecə yarısı, qara maşınla evə gəlib atasını apardıqları və ya hər iki valideyinini apardıqlarını xatırlayan uşaqlar SSRİ illərində yeni kateqoriya vətəndaşa çevrilirdilər. SSRİ-də formalaşmış “Xalq düşməninin ailə üzvü” anlayışı uzun müddət ən ağır ittiham və insanlar üzərində ən silinməz damğa hesab edilirdi. Bu ittiham deyildi, geri qaytarılması mümkün olmayan bir miras idi. Vətən xaini ailələrinin övladlarını uşaq evlərinə təhvil verir, qohumları tapmasın deyə onların adlarını və soyadlarını da dəyişdirirdilər. Bu uşaqları yaşıdları sevməz və onlarla münasibət qurmazdılar. İşdə etibarsız hesab edilir, yüksək təhsil almaq şansları yox idi. Əsgərlikdə də şübhəli hesab edilirdilər. Bu uşaqlar böyüdükdən sonra da nə baş verdiyini anlaya bilmir, bəzi hallarda valideyinlərinin kim olduğunu axtarmağa və nə üçün bu damğa ilə yaşamağa məhkum olduqlarını araşdırmağa başlayırdılar.

Sovet hakimiyyəti illərində əsasən hamıya pasport verilirdi. Yanlız kəndlilərdən başqa. 1932-ci ildə Stalin SSRİ-də pasport sistemi tətbiq etməyə başlayır. Şəhər əhalisi pasport adlı sənədlər almağa başlayır. Kolxozçulara isə sənəd verilmir. Pasportsuz qatara bilet almaq, ev kirayə etmək, işə düzəlmək olmazdı. Kənddən harasa getmək üçün kolxoz sədrindən alınmış arayış olmadan getmək olmazdı. Kolxoz sədri isə hər adama arayış vermirdi. Yüz milyon sovet insanı kəndlərdə Rusiyanın təhkimçilik hüququnda yaşayırdı. Kolxozçular işlərinə görə “əmək günü” qazanır və haqqı da kənd təsərrüfatı məhsulu ilə ödənilirdi. Yaşayış yerindən icazəsiz getməyə görə cinayət cəzası almaq ehtimalı da var idi. Yalnız 1974-cü ildə kəndlilərə pasport verməyə başladılar.
1931-ci ildə Moskvada “Dalstroy” adlı bir korporasiya təsis edilir. Fransanın ərazisinə bərabər, təxminən 3 milyon kvadrat metr ərazidə qurulan bu müəssisənin özünün ordusu, özünün məhkəməsi, özünün qanunları və özünün valyutası var idi. Məqsəd qızıl axtarmaq və nəyin bahasına olursa olsun daha çox istehsal etmək idi. Dustaqları 50 dərəcə şaxtada isti paltar olmadan, doyunca yemək yemədən şaxtalarda qızıl axtarmağa məcbur edirdilər. Hər bir dustaq üçün gündəlik 8 qram norma müəyyənləşdirilmişdi. Normanı verə bilməyənin yeməyini kəsirdilər. Çox sayda dustaq soyuqdan, aclıq və xəstəlikdən mədənlərdə ölüb yerə yıxılırdılar. Nəzarətçilər həmin yerdə də onları torpağa basdırır və digərlərinə göz dağı olsun deyə işləri davam etdirirdilər. 20 il ərzində “dalstroy” dövlətə 700 ton qızıl tədarük etdi. Bu qızıllar 800 min dustağın həyatı hesabına əldə edildi. Dustaqların neçə faizinin mədənlərdə öldüyünü heç kim bilmir, çünki, ölənlərin qeydiyyatı aparılmırdı.
1930-cu illərdən başlayan sənayeləşmə dünyada bərabəri olmayan vəhşiliklərlə, hüquqsuzluq, aclıq və özbaşınalıqla başladı. Mühəndis, alim mütəxəssisləri əvvəlcədən həbs edirdilər. Onları vətənə xəyanətdə, xarici ölkələrə casusluqda ittiham edirdilər. Sonra, silahlıların nəzarəti ilə tədqiqat laboratoriyasında işləməyə məcbur edirdilər. Bu laboratoriyalara “Şaraşka” adı verildi. Mütəxəssislər kameralarda məhbus həyatını davam edir, səhərlər isə şaraşkada işləyirdilər. Andrey Tupolov da öz təyyarə konstruksiyasını məhz bu şaraşkada hazırlayır. Serqey Karalov da NKVD-nin sorğulanması zamanı çənəsi sındırıldıqdan sonra kosmik layihəsi üzərində işləməyə davam edirdi.
1931-ci ildə Qazaxıstanda əhalinin oturaq həyata keçməsi üçün dövlət qərarı həyata keçirilir. Bu qərarın həyata keçirilməsi ilə eyni zamanda aclıq başlayır. Aclıq 1933-cü ilə qədər davam etdi. Qazaxların həyat tərzi çox sadə idi. Köçəri həyat heyvandarlığa şərait yaradır, şəxsi təsərrüfat da insanların qidalanmasını təmin edirdi. Oturaq həyat məcburiyyəti ənənəvi həyat tərzini pozdu. Bir çox ailə yaşadıqları ərazilərdən köçdü, uzaq-uzaq yerlərdə, mərkəzi hakimiyyətdən qaçmağa çalışır, bəziləri isə ümumiyyətlə Çinə, Monqolustana köçürdü. Bu mərhələdə 1.5 milyon insanın öldüyü haqqında məlumat verilir. Qazax əhalisinin üçdə biri bu hadisələrə davam gətirmədi. Qazaxıstan əhalisinin üçdə biri ya öldü, ya da ölkədən mühacirət etdi.
“Karlaqa” adlandırılan Karaqanda həbs düşərgəsi 1931-ci ildə yaradıldı. Həbsxananın ərazisi 18 min kvadrat kilometr idi və Belçikanın, Niderlandın ərazisindən daha böyük idi. Tikanlı məftillər arxasında bir dövlət qurmuşdular və tikanlı məftillər arxasından qaçacaq bir yer də yox idi. Bu həbsxanaya hamını - professorları, həkimləri, keşişləri, generalları, vətən xaini və həbs olunmuşların ailə üzvlərini gətirirdilər. Bura xüsusi rejimli həbsxana idi. Burada dustaqlar nəinki kömür və metal şaxtalarında işləyirdilər, eləcə də kənd təsərrüfatı ilə də məşğul olurdular. İstehsal olunan ərzaq məhsulları ölkənin təminatı üçün aparılırdı. 25 il müddətində bu həbsxanadan 800 min insan keçdi. Rəsmi məlumata görə 70 min insan öldü. Ətrafda yaşayan qazaxlar milli ideyalarına görə, insanlıq naminə dustaqlar üçün tikanlı məftil üzərindən çörək atırdılar. Həbsxana keşikçiləri isə rus ideyasına görə kömək edənlərə atəş açırdılar.
Rusiyada böyük həbsxanalar həmişə çox olub. “Salavki” deyilən həbsxana rus-sovet tarixində ad çıxarmış və insanların yaddaşında qalmış bir ünvan idi. 1923-cü ildə "Salavki" adlanan xüsusi təyinatlı həbsxana bir şimal regionunda, Ağ dəniz sahilində, provaslav monastırında təşkil edilmişdi. Bura siyasi dustaqları, din xadimlərini, çar zabitlərini, ziyalıları gətirirdilər. Ümumiyyətlə, təhlükəli hesab edilən dustaqlar bu həbsxanada “sındırmaq” məqsədi ilə gətirilir və insan şəxsiyyəti üzərində ilk eksperimentlər aparılırdı. Burada sınaqlar keçirilirdi ki, insan aclığa, soyuğa nə qədər davam gətirə bilər, izolyasiya və karserdə saxlanılma, katorqa əməyi nə qədər təsirli ola bilər və digər müxtəlif eksperimentlər də aparılırdı. Dustaqlar insanlığa yaramayan şəraitdə saxlanılır, döyülür və təhqir olunan insanları həm fiziki, həm də mənəvi sındırmağa çalışırdılar.

20:45 09.06.2026
Oxunuş sayı: 148