Naxçıvanın İlandağ yazısı: 2800 illik tarixi əsər
Qeyd olunur ki, ötən gün təşkil olunan arxeoloji səfər zamanı Naxçıvanın ən maraqlı tarixi abidələrindən biri olan İlandağ yazısı nəhayət ki, yenidən aşkar edildi.
Təxminən 30 il davam edən axtarışlardan sonra bu mühüm kitabənin yeri müəyyənləşdirildi.
İlandağ yazısı ilk dəfə 1988-ci ildə geoloq V. A. İqumnov tərəfindən sənədləşdirilmişdi. Kitabə hamarlanmış qaya səthinə həkk olunub və Urartu dövlətinin Naxçıvan və ətraf ərazilərdəki fəaliyyəti barədə qiymətli məlumatlar verir.
Yazıda Urartu hökmdarları İşpuini və onun oğlu Minuanın Arşini və Aniani adlı şəhərləri fəth etməsindən, bölgədə hakimiyyət qurmasından və tanrı Haldinin şərəfinə dini mərasimlərin təşkil edilməsindən bəhs edilir.
Kitabədə yazılır:
“Tanrı Haldinin himayəsi ilə Sardurinin oğlu İşpuini və İşpuinin oğlu Minua Arşini şəhərini fəth etdilər. Onlar Arşini və Aniani ölkələrini məğlub edib dağıtdılar. Daha sonra Tanrı Haldi üçün stel ucaltdılar və Puluadi ölkəsində dini ayin təsis etdilər.”
Kitabədə adı çəkilən Urartu hökmdarları İşpuini və Minua dövrü nəzərə alındıqda, yazının e.ə. VIII əsrin sonları – VII əsrin əvvəllərinə aid olduğu ehtimal edilir. Bu da onun təxminən 2800 illik bir tarixi əhatə etdiyini göstərir.
Yazı Urartu dövlətinin bölgədəki hərbi yürüşləri, şəhərlərin fəthi və tanrı Haldi adına aparılan dini ayinlər haqqında məlumat verir. Bu isə Naxçıvan ərazisinin qədim Yaxın Şərq sivilizasiyaları ilə birbaşa əlaqədə olduğunu təsdiqləyən mühüm sübutlardan biridir.
Taleh Turanlı
20:40 03.06.2026
Oxunuş sayı: 55