Yeniyetmələri hədəf alan gizli təhlükə: məktəb hücumlarının arxa planı
Kahramanmaraş və Şanlıurfada baş verən məktəb hücumları, eləcə də Azərbaycanda məktəbdə baş verən və dünyada artan bu təhlükəli hadisə elə-belə şəxsi motivlər əsasında icra edilmir.
Siz şəkildəki qrup yazışmalarına baxın, görün bu yeniyetmə və şagirdlər nələr danışırlar öz aralarında.
Bu proses uzun zamandır müxtəlif illərdə özünü göstərir. Lakin son zamanlar isə artmasının arxasında güclü bir sistem olduğunu düşünürəm və bu gün sosial media, kompüter və telefon oyunları, vatsap, telegram və digər vasitələrlə aparılır.
Bu sistem yeniyetmə və şagirdləri psixoloji asılılığa salır və sonda ondan özünə və ya başqalarına qarşı zorakılıq etməsini, yaxud mülkiyyətə zərər vurmasını tələb edir.
Bunu seriallar, kriminal dünya və digərləri ilə bağlamaq cəhdi düzgün deyil. Əlbəttə, burada da neqativ hallar var. Lakin ümumiyyətlə bu dünyada baş verən məktəb hücumlarının arxa fonunda daha təhlükəli güclər dayanır.
Sosial media və vatsap tipli proqramlarda uzun zamandır “Kolumbayn” (məktəb atışmaları) adlı icmalar var və onlar bağlı formada azyaşlıları cinayətə sövq edirlər.
Qrupa üzv olanların əksəriyyəti də məktəblərdə bulinqə məruz qalan uşaqlardır. Psixoloji sarsıntı keçirən şagirdlər və yeniyetmələr bu qrupların təsirinə düşərək qisas almaq məqsədilə ağır cinayətlər törədərək “səni əzəni öldür” təbliğinə yönləndirilirlər.
Sınaq isə sadə əmrlərdən başlanır:
İlk addım kimi şagirdləri, ilk baxışda incəsənət kimi görünsə də, qrafiti yaxud divarlara yazı yazaraq mesajlar verməyə yönləndirən bu güc yeniyetmələri dövlət əmlakına zərər vurmağa, daha sonra isə daha ağır cinayətlərə (məsələn, mağaza qarəti) sürükləyir. Bu, “cəsarət testi” adı altında edilir.
Pul qazanmaq ikinci test üsulu sayılır ki, gənclər cəsarətli olduqlarını sübut etmək üçün məktəblərdə kuryerlik edir, satış məqsədi ilə narkotik vasitələrdən tutmuş digər tərkibli dərmanları daşıyır və yayırlar.
Bu tipli tapşırıqlardan sonra isə daha ağır mərhələlər başlanır.
“Müəllimlər, valideynlər və polis ‘sistemin qulları’ və ya ‘düşmən’ kimi göstərilir və onların yeganə ailəsinin özləri olduğu təlqin edilir.
Seçilən şəxslərə telefon və kompüter ekranını valideyn yaxınlaşanda dərhal bağlamaq, parolları tez-tez dəyişmək, paltarlarında, bədənlərində ya da dəftərlərində naməlum işarələr, döymələr, simvollar çəkmək əmri verilir.
Daha ağır mərhələ isə məktəblərə silahlı hücumlar və qətllərdir. Bunu da son illərdə görürük.
Niyə məhz yeniyetmə və şagirdlər?
Bu güc bilir ki, uşaqlar həm asan idarəolunan, həm də hüquqi baxımdan daha az məsuliyyət daşıyırlar və onların əli ilə çirkin planlarını icra edirlər.
Çıxış yolu varmı?
Sosial mediada yaş senzinin tətbiqi, təhlükəli oyunların bloklanması, məktəblərdə psixoloji işin gücləndirilməsi, ailənin iştirakı ilə tədbirlərin keçirilməsi vacibdir.
Onlar üçün əyləncə yerlərində (karusel, zoopark, uşaq filmləri üçün kinoteatrlar və s.) güzəştlər edilməsi də önəmlidir.
Məktəblərdə valideynlər icması mütləq şəkildə yaradılmalı, uşaqlarla birlikdə ən azı həftədə bir dəfə görüş keçirilməli, birlikdə müzakirələr aparılmalı, dərslər bir yerdə edilməli və kompüter, telefon kimi vasitələrdən uzaq durmaq aşılanmalıdır.
Valideynlərin iştirakı ilə yarışlar, oyunlar keçirilməlidir ki, hər iki tərəf arasında ünsiyyət daha da asanlaşsın.
Telefon və kompüterlə bağlı ciddi ölçülər götürülməlidir ki, məktəblilər məlumatı kitablardan alsın. Dərs sistemi sadələşdirilməlidir ki, şagirdlər internet üzərindən deyil, kitabxanadan bəhrələnmək barədə düşünsünlər.
Azərbaycan həssas bir regiondur və bu gücün ölkəmizə daxil olmasının qarşısını həm mən deyən variantda, həm də peşəkar insanların təklifləri ilə almaq olar.
Prof. Dr. Zaur Əliyev
22:55 16.04.2026
Oxunuş sayı: 69