Emin Əmrullayev DİM-in 10 illiyinə həsr olunan beynəlxalq konfransda iştirak edib
Aprelin 10-da Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Konfransın keçirilməsində əsas məqsəd təhsilin qiymətləndirilməsi və dövlət qulluğu sahəsində əldə olunmuş nailiyyətlər və təcrübənin paylaşılması, eyni zamanda müvafiq istiqamətlər üzrə aktual məsələlərlə bağlı müzakirələrin aparılmasıdır.
Konfransın işində Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Misir, Cənubi Afrika Respublikası və Keniyadan, eləcə də müxtəlif beynəlxalq təşkilatlardan ümumilikdə 200-dən artıq nümayəndə iştirak edir.
Konfransın rəsmi açılış mərasimində Dövlət Himni səsləndirilib. Daha sonra Mərkəzin 10 illik yubileyinə həsr olunan videoçarx nümayiş etdirilib.
Konfransı giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə qonaqları salamlayıb və bu 10 ilin milyonlarla vətəndaşımızın həyat yolunun ayrılmaz hissəsinə çevrilmiş bir təşkilatın inkişafında mühüm mərhələ olduğunu qeyd edib. Sədr Mərkəzin tarixinin yalnız bu 10 ildən ibarət olmadığını, onun xeyli əvvəl – ölkədə subyektiv qərarlara deyil, biliklərə əsaslanan qiymətləndirmə sisteminin yaradılması lehinə prinsipial siyasi seçimin edildiyi andan başladığını vurğulayıb.
Məleykə Abbaszadə çıxışının sonunda təşkilata göstərilən etimada və hərtərəfli dəstəyə görə ölkə rəhbərliyinə təşəkkür edib və hər kəsə minnətdarlığını bildirib.
Daha sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Bakıda qiymətləndirmə sahəsində bu cür beynəlxalq tədbirin təşkilinin əhəmiyyətini vurğulayıb və ölkəmizdəki mərkəzləşdirilmiş imtahan modelinin şəffaflıq və iştirakçılar arasında rəqabət yaratması baxımından həlledici rolunu qeyd edib. Emin Əmrullayev konfransın təhsilin qiymətləndirilməsi sahəsində ən yaxşı təcrübələri bölüşmək və qarşıya çıxan ümumi problemləri müzakirə etmək üçün əlverişli platforma olacağına inandığını bildirib. Nazir qeyd edib ki, Dövlət İmtahan Mərkəzi vətəndaşlar haqqında ən geniş informasiyaya malik bir qurumdur və bu gün konfransda əyləşənlərin çoxu vaxtı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və ya Dövlət İmtahan Mərkəzinin imtahanlarından keçən şəxslərdir. Nazirin sözlərinə görə, Azərbaycan xalqı və dövləti qarşısında ədalətli imtahanların təşkili əldə olunmuş uğurlardan biridir. Qeyd edilməlidir ki, DİM tərəfindən keçirilən imtahanlar təkcə ali və orta ixtisas müəssisələrinə qəbul funksiyası daşımır. Həmin imtahanların nəticələri müəyyən təhlillər aparmaq və buna uyğun olaraq strateji qərarlar qəbul etməyə imkan yaradır.
Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə (ÖSYM) Mərkəzinin prezidenti Bayram Əli Ərsoy Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10-cu ildönümünü qeyd etmək üçün bir araya gəlməkdən məmnun olduğunu qeyd edib və bu əlamətdar görüşü yalnız bir qurumun yubileyi deyil, eyni zamanda ölçmə və qiymətləndirmə sahəsində ortaq keçmişi və ortaq gələcəyi paylaşan qurumların görüşü kimi dəyərləndirib.
Digər çıxışçılar konfransın təhsilin qiymətləndirilməsi və dövlət qulluğu sahəsində peşəkar mübadilə vasitəsinə çevriləcəyinə və stimullaşdırıcı rol oynayacağına əminliklərini ifadə ediblər.
Açılış mərasimində həmçinin Kolumbiya Universitetindən (ABŞ) Amra Sabik-El Rayessin “Süni intellekt dövründə qiymətləndirmə sistemlərinin qorumalı olduğu dəyərlər” mövzusunda videomüraciəti təqdim olunub.
Konfransda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin imtahan mərkəzləri arasında təhsildə qiymətləndirmə və imtahanların keçirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında Niyyət Protokulu da imzalınıb.
Rəsmi açılışdan sonra beynəlxalq elmi-praktik konfrans panel müzakirələrlə davam edir. Sessiyalar yazı işlərinin qiymətləndirilməsi, xarici ölkələrdə qiymətləndirmə sistemi, beynəlxalq qiymətləndirmə tədqiqatları, dillər üzrə qiymətləndirmə, yaradıcılıq və bacarıqların qiymətləndirilməsi, dövlət qulluqçularının seçimi, dövlət qulluğuna qəbulda səriştə əsaslı qiymətləndirmə, elektron imtahan sistemləri və digər mövzuları əhatə edir.
16:01 10.04.2026
Oxunuş sayı: 55