Kombiləri qoşmazdan əvvəl mütləq buna diqqət edin
Havaların soyuması ilə evlərdə kombilər və radiatorlar yenidən əsas istilik mənbəyinə çevrilir. Lakin qış mövsümündə istilik sistemindən problemsiz istifadə etmək üçün onu əvvəlcədən texniki baxışdan keçirmək vacibdir. Radiatorların və kombinin təmizlənməsi, sistemin ümumi vəziyyətinin yoxlanılması, qaz və elektrik xətlərinə nəzarət mümkün nasazlıqların və təhlükəli halların qarşısını almağa kömək edə bilər.
Xüsusilə uzun müddət istifadə olunan istilik sistemlərində yaranan tutulmalar, təzyiq dəyişiklikləri və texniki nasazlıqlar aparatın sıradan çıxmasına, hətta yanğın kimi ciddi fəsadlara səbəb ola bilər. Kombi açıq ərazidə yerləşirsə, onun soyuq hava və digər xarici təsirlərdən qorunması da ayrıca nəzərə alınmalıdır. Bəs qışa keçid dövründə kombi və radiatorlarla bağlı hansı texniki baxışlar aparılmalıdır?
Mövzu ilə bağlı kombi ustası Samir Məmmədov Crossmedia.az-a açıqlamasında bildirib:
“Qışa keçid dövründə radiatorlar və kombi aparatının özü yuyulmalı, bütün sistem yenilənməlidir. Hətta elektrik və qaz xətlərinə qədər yoxlanılmalıdır. Bunları etmədikdə sistemin tutulması nəticəsində təzyiq artıb xətləri partlada bilər. Əgər kombi aparatı çöldədirsə, onun üçün qışa uyğun üst izolyasiya olunmalıdır. Əks halda kombi aparatı partlayıb yana, hətta yanğın törədə bilər. Çünki orada həm qaz, həm də elektrik enerjisi var. Elektrik enerjisi və qaz səbəbindən hər an arzuolunmaz hal baş verə bilər. Ona görə də qışa tam hazır vəziyyətdə olmaq üçün sistem, radiatorlar və kombi aparatının özü tam yoxlanılmalıdır”.
Zeynəb Həsən
18:30 22.09.2026
Oxunuş sayı: 51