Məhsulu fermer verir, xeyiri başqası götürür – həll edilə bilinməyən problem
Kənd təsərrüfatında məhsulun yetişdirilməsi qədər onun satışının düzgün təşkili də mühüm əhəmiyyət daşıyır. Fermer üçün istehsal prosesi başa çatdıqdan sonra yeni mərhələ başlayır: məhsulun alıcıya çatdırılması, bazarda münasib qiymətin formalaşması və çəkilən xərclərin qarşılanması. Lakin praktikada istehsalçının məhsulunu bazara çıxarması hər zaman asan olmur. Məhsulun satış prosesində yaranan çətinliklər fermerin gəlirinə birbaşa təsir göstərir. Bəzən istehsalçı məhsulunu əlverişli qiymətə satmaq üçün kifayət qədər seçimə malik olmur, digər hallarda isə bazara çıxış, nəqliyyat, saxlama və satış imkanlarının məhdudluğu onun mövqeyini zəiflədir. Nəticədə fermerin çəkdiyi xərc ilə məhsuldan əldə etdiyi gəlir arasında arzuolunmaz fərq yarana bilər. Bu problem xüsusilə kənd təsərrüfatında gəlirlərin mövsümi xarakter daşıdığı və məhsulun bazara çıxarılmasının müəyyən zaman çərçivəsində həyata keçirilməli olduğu hallarda daha çox diqqət çəkir. Fermer üçün məhsulun vaxtında satılması vacib olduğu halda, bazardakı şərtlər hər zaman onun gözləntilərinə uyğun olmur. Bu isə istehsalçının gəlirliliyinə, növbəti mövsüm üçün planlarına və təsərrüfatın inkişaf imkanlarına təsir göstərə bilər. Digər tərəfdən, kənd təsərrüfatı məhsulunun istehsalçıdan istehlakçıya qədər keçdiyi proses bir neçə mərhələdən ibarətdir. Məhsulun daşınması, saxlanması, çeşidlənməsi, qablaşdırılması və satışa hazırlanması əlavə xərc tələb edir. Bu mərhələlərdə yaranan xərclər və qiymət fərqləri isə son nəticədə həm fermerin gəlirinə, həm də istehlakçının ödədiyi məbləğə təsir edir. Beləliklə, kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı problem yalnız fermerin məhsulu hansı qiymətə satması məsələsi deyil. Burada bazara çıxış, satış kanalları, logistika, rəqabət, məhsulun saxlanması və istehsalçı ilə alıcı arasındakı münasibətlər kimi bir sıra amillər rol oynayır. Bu səbəbdən fermerlərin satış imkanlarının genişləndirilməsi və istehsal etdikləri məhsuldan daha dayanıqlı gəlir əldə etməsi kənd təsərrüfatının inkişafı baxımından mühüm məsələlərdən biri olaraq qalır.
Crossmedia.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda aqrar məhsul istehsalçılarının öz məhsullarını daha aşağı qiymətə satmasını şərtləndirən müxtəlif amillər var: “Bunlardan birincisi ondan ibarətdir ki, ölkədə bu məhsul növləri üzrə istehsalçıların əhəmiyyətli hissəsi ailə təsərrüfatları və kiçik mikro təsərrüfatlarıdır. Onların öz məhsullarını birbaşa son istehlakçıya çatdırmaq imkanları məhduddur. Almaniya təcrübəsinə nəzər salsaq, ölkədə istehsal olunan məhsulların təxminən 90 faizinin korporasiyalar tərəfindən istehsal edildiyini görərik. Bu korporasiyalar dəyər zəncirinin müxtəlif halqalarında — logistika, nəqliyyat, topdan və pərakəndə satış mərhələlərində də təmsil olunurlar. Beləliklə, həmin mərhələlərdə formalaşan əlavə mənfəətdən də faydalanmaq və prosesin daha yüksək gəlirlə başa çatmasını təmin etmək imkanına malikdirlər. Çünki bu modeldə resurslar səfərbər olunur və istehsalçı dəyər zəncirinin bütün halqalarında iştirak edə bilir. Azərbaycanda isə təəssüf ki, istehsalçıların belə imkanları məhduddur. Digər məsələ xüsusilə mövsümi dövrlərdə istehsalçının məhsulunu qısa müddətdə reallaşdırmaq məcburiyyətində qalmasıdır. Çünki bir sıra hallarda istehsal prosesi kredit öhdəlikləri hesabına həyata keçirilir. İstehsalçı borc götürərək fəaliyyətini təşkil edir və həmin borcun qaytarılma müddəti də mövsümi dövrlərə təsadüf edir. Bu səbəbdən istehsalçının məhsulu saxlamaq və qeyri-mövsümi dövrdə bazara çıxarmaq imkanları məhdudlaşır. Bəzi məhsullar üzrə isə ümumiyyətlə uzunmüddətli saxlama imkanları yoxdur. Məsələn, süd məhsullarının saxlanma müddəti məhduddur. Saxlanması mümkün olan məhsullar üzrə isə anbar və saxlama xərcləri o qədər yüksək ola bilər ki, istehsalçının bu xərcləri bir neçə ay kompensasiya edərək məhsulu daha sonra bazara çıxarması mümkün olmur.Digər tərəfdən, aqrar ekosistemin, o cümlədən emal sənayesinin zəif inkişaf etməsi alıcıların monopol və ya inhisarçı mövqeyinin formalaşmasına gətirib çıxarır. Yəni emal müəssisələrinin sayının az olması onlara qiyməti diktə etmək imkanı yaradır”.

İqtisadçı qeyd edib ki, bəzi kənd təsərrüfatı məhsulları üzrə isə başqa bir problem mövcuddur: onların əvəzləyiciləri var: “Məsələn, süd məhsulları üzrə müəyyən əvəzləyici məhsullar mövcuddur. Bu halda emal müəssisəsi yerli istehsalçıdan daha yüksək qiymətə məhsul almaqda maraqlı olmaya bilər. Çünki həmin istehsal prosesini, məsələn, quru süddən istifadə etməklə daha optimal qiymətə həyata keçirə bilir. Eyni zamanda pərakəndə satış mərhələsində də monopol və ya bazarda güclü mövqeyə malik şirkətlərin olması istehsalçıların məhsullarını daha aşağı qiymətə satması üçün əlverişli mühit formalaşdırır. Nəticədə Azərbaycanda istehsalçı bir sıra hallarda fəaliyyətini çox kiçik gəlirlə, hətta zərərlə başa vurmaq məcburiyyətində qalır. Bu isə istehsalın genişləndirilməsinə və yeni investisiyaların yatırılmasına imkanları məhdudlaşdırır. Hətta bəzi hallarda ailə təsərrüfatlarının öz dolanışığını təmin etməsi üçün kifayət qədər gəlir əldə etməsinə belə mane olur. Bu, çox ciddi problemdir. Eyni zamanda, oxşar problemlərin həlli ilə bağlı müxtəlif ölkələrdə fərqli modellər tətbiq olunur. Məsələn, son dövrlərdə Türkiyədə buna bənzər problemlərin inzibati yolla həllinə yönəlmiş yanaşmalara müraciət edilib. Lakin bu, uzunmüddətli perspektivdə doğru yanaşma olmaya bilər. Çünki prosesin inzibati yolla tənzimlənməsi son nəticədə istehsala marağın azalmasına və qıtlığın yaranmasına gətirib çıxara bilər. Bu baxımdan daha məqsədəuyğun yanaşma aqrar kooperasiyaların formalaşması üçün institusional mühitin təkmilləşdirilməsi, subsidiyalaşdırma və digər təşviq alətlərindən istifadə etməklə daha təkmil və böyük əməkdaşlıq modellərinin yaradılmasıdır. Eyni zamanda istehsalçının dəyər zəncirinin bütün halqalarında — istehsaldan tutmuş logistika, emal və satışa qədər — daha geniş təmsil olunması üçün imkanlar yaradılmalıdır. Bundan başqa, subsidiya proqramları vasitəsilə müəyyən hallarda məhsulun maya dəyərindən yuxarı qiymətə satılmasını təmin edən mexanizmlər də formalaşdırıla bilər. Bəzi ölkələrdə bu modeldən istifadə olunur. İstehsalçı əvvəlcədən dövlətdən məhsulun alış qiyməti ilə bağlı müəyyən zəmanət alır və bütün istehsal prosesini, eləcə də maliyyə öhdəliklərini buna uyğun şəkildə planlaşdırır. Bilir ki, istehsal etdiyi məhsulu minimum müəyyən edilmiş qiymətdən sata biləcək. Bu isə ona müəyyən gəlir marjası formalaşdırmağa imkan verir. Azərbaycanda da belə bir modelin tətbiqi ilə bağlı müəyyən təşəbbüslər irəli sürülə bilər”.
R.Həsənov bildiirb ki, burada əsas problemlərdən biri də yerli istehsalçıların, xüsusilə ailə və kiçik mikro təsərrüfatların üzərində çoxsaylı öhdəliklərin olmasıdır. Onların qarşılaşdığı problemlərin böyük hissəsini sistem, yəni mövcud ekosistem kifayət qədər öz üzərinə götürmür. Bir çox ölkələrdə fermerin əsas vəzifəsi məhsul istehsal etməkdir. Yəni fermer mümkün qədər daha çox və keyfiyyətli məhsul əldə etməyə çalışır. Bununla yanaşı, sığorta sistemləri də kifayət qədər genişdir. Onlar təkcə təbii fəlakətləri deyil, məhsuldarlığa mənfi təsir edən digər amilləri də sığortalayır. Hətta bəzi hallarda ixrac riskləri sığortalanır, minimum gəlir təminatı formalaşdırılır və gəlir səviyyəsi sığorta mexanizmləri ilə qorunur. Azərbaycanda isə bu mexanizmlərin kifayət qədər inkişaf etməməsi istehsalçıların mövcud çağırışlar qarşısında ciddi müdafiəsizliklə üzləşməsinə səbəb olur. Digər tərəfdən, məhsulun ilkin mərhələdə istehsalçıdan istehlakçıya çatdırılması prosesində də müvafiq dəstəyin təmin olunması vacibdir. Məsələn, dövlət-özəl əməkdaşlığı çərçivəsində nəqliyyat və logistika şirkətlərinin formalaşdırılması, onların müxtəlif rayonlardan, regionlardan və kəndlərdən məhsulları son istehlakçıya — Abşeron yarımadasına və digər əsas satış mərkəzlərinə — daha optimal qiymətlərlə, əlverişli və ədalətli şərtlərlə çatdırması qısamüddətli həll yollarından biri kimi nəzərdən keçirilə bilər. Ümumilikdə, bu, çoxspektrli və mürəkkəb məsələdir. İstehsalçının satış qiyməti ilə son istehlakçının alış qiyməti arasında bu qədər böyük fərqin yaranmasını şərtləndirən bir sıra amillər mövcuddur. Bunlara dəyər zəncirinin müxtəlif halqalarında çoxsaylı vasitəçilərin iştirakı, məhsullar üzrə risklərin yüksək olması, xüsusilə tez xarab olan məhsullarda itkilərin çoxluğu, emal sənayesinin zəif inkişafı, ilkin formada istifadəyə yararsız olan məhsulların emal prosesinə cəlb edilməsi üçün kifayət qədər imkanların olmaması, satış imkanlarının məhdudluğu və digər amillər daxildir. Bütün bunlarla yanaşı, vasitəçi şirkətlərin bir qisminin bazarda monopol və ya dominant mövqedə olması da bu problemin daha da dərinləşməsinə və nəticədə bazar uğursuzluğunun formalaşmasına səbəb olur”.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov açıqlamasında qeyd edib ki, burada yalnız dövlət amili nəzərə alınmamalıdır, eyni zamanda arada vasitəçilər də var: “Vasitəçilər, ola bilsin ki, məhsulları emal müəssisələrinə təhvil verirlər. Dövlətin emal müəssisəsi yoxdur, dövlət satışla məşğul olmur. Dövlət yalnız bəzi məhsulları alaraq həmin məhsulları müəyyən xüsusi və qapalı təşkilatlara yönləndirir. Düzgün ifadə etmədim: dövlət müəssisələri dövlətin müəyyən etdiyi qiymətə uyğun olaraq deyil, burada əslində bazar qiymətləri nəzərdə tutulmalıdır. Yəni elektron satınalma şəbəkəsində də bu prinsip nəzərdə tutulur. Bilirsiniz, burada müxtəlif oyunçular var. Ümumiyyətlə, bu bazar necə tənzimlənir? Fermer öz məhsulunu neçəyə satmalıdır? Məhsul bazara neçəyə çıxarılmalıdır? Fermerdən alınan qiymətin üzərinə neçə faiz əlavə olunmalıdır? Qiyməti bazar müəyyən edir. Bizdə də belədir. Amma biz bir qədər digər ölkələrlə müqayisədə az işləyib çox qazanmaq istəyirik. Bunu həyata keçirmək olmaz. Yəni burada əsas məsələ arada olan vasitəçilərlə bağlıdır. Bir var fermer əziyyət çəkir, məhsulu yetişdirir. O məhsulu yetişdirən zaman isə arada vasitəçilər meydana çıxır. İndi onlar məhsulu ya alıb bazarda satırlar, ya da alıb emal müəssisəsinə verirlər — fərqi yoxdur. Onlar artıq kəndlinin çətin vəziyyətdə olduğunu bilirlər və buna görə də qiyməti diktə edirlər. Onlar, yəni həmin vasitəçilər və ya emalçılar öz aralarında kartel sövdələşməsinə gedirlər. Yəni qiyməti onlar müəyyən edirlər. Ona görə ki, kəndli məhsulunu birbaşa bazara çıxara bilmir. Kəndlilərin əksəriyyətinin istehsal etdiyi məhsul elə həcmdə deyil ki, məsələn, bir yük maşını, 20 ton məhsulu yığıb aparsın və bazarda özü satsın. Bazar da inhisardadır. Yəni onlara belə imkan verilmir. İmkan verilmədiyi üçün onlar çıxılmaz vəziyyətdə qalırlar. Vasitəçilər hansı qiyməti diktə edirlərsə, kəndli həmin qiymətə satmağa məcbur olur. Üstəlik, söhbət tez xarab olan məhsullardan gedir. Arada olan vasitəçilər də bilirlər ki, məhsul tez xarab olur. Kəndli məcburiyyət qarşısında qalaraq məhsulunu ucuz qiymətə satır. Vasitəçilər də yaranmış vəziyyətdən sui-istifadə edir, qiyməti diktə edir və məhsulu ucuz qiymətə alırlar. Qiyməti dövlət müəyyən edə bilməz. “Bu qiymətə satmalısan, bu qiymətə almalısan” demək mümkün deyil. Ona görə ki, bu, bazar iqtisadiyyatıdır və qiyməti bazar müəyyən edir”.

Bazarın qiyməti müəyyən etməsi mümkündür. Amma arada olan möhtəkirlərin, alverçilərin və bu vəziyyətdən sui-istifadə edən vasitəçilərin fəaliyyət imkanları məhdudlaşdırılmalıdır. Bəs bu nəyin hesabına edilməlidir? Ən əsası, bir neçə topdansatış bazarı olmalıdır. Dəfələrlə deyirik ki, Bakı şəhərində ən azı üç topdansatış bazarı olmalıdır ki, onların arasında rəqabət yaransın və kəndli üçün seçim imkanı formalaşsın. Kəndlinin seçim imkanı olduqca, o, məhsulunu özünə daha sərf edən qiymətə sata biləcək. Əksinə, imkanlar daraldıqca kəndlinin də imkanları məhdudlaşır. Amma vasitəçilərin imkanları daralmır. Yəni kəndlinin seçim imkanları azaldıqca o, özünə sərf edən qiymətə yox, məcbur olaraq ona diktə edilən qiymətə satacaq. Onun başqa çıxış yolu yoxdur. Məhsulunu uzun müddət saxlaya bilmir, soyuducu anbarı yoxdur. Məhsulunu bazara çıxarıb özü sata bilmir, çünki bazar inhisardadır. Xaricə də çıxara bilmir. Çünki məhsulun həcmi azdır. Digər istehsalçıların məhsulları ilə birləşdirilməli, çeşidlənməli, qablaşdırılmalı və konkret hansısa ünvana göndərilməlidir. Yəni bir çox hallarda bu məsələlər də öz həllini tapmayıb. Kəndli çox çətin durumdadır. Dövlət nə etməlidir? Dediyim kimi, ilk növbədə kəndli üçün seçim imkanlarını genişləndirməlidir. Deməli, bazara çıxış imkanı yaratmalıdır. Sonra, arada olan möhtəkirlər məhsul hazır olandan sonra deyil, məhsul hələ istehsal prosesində olarkən fermerlə, kəndli ilə müqavilə bağlamalıdır. O arada olan vasitəçi müqavilə olmadan məhsulu bazara çıxarmamalıdır. Onun müqaviləsində göstərilməlidir ki, məhsulu hansı fermerdən alıb və həmin məhsul hansı fermerin istehsal etdiyi məhsuldur. Bu, həm də alıcı üçün seçim imkanı yaradır. Məsələn, mən istəyirəm ki, həqiqətən də Gədəbəydə istehsal olunmuş keyfiyyətli kartof alım. Kartofun üzərinə sadəcə “Gədəbək kartofu” yazmaqla bu mümkün olmamalıdır. Bunun üçün müvafiq sənəd olmalıdır”.
Sənədə baxırsan və görürsən ki, məhsul həqiqətən Gədəbəkdə istehsal olunub. Əgər qablaşdırılıbsa, qablaşdırmanın üzərində də bu məlumat öz əksini tapmalıdır. Bu, istehlakçı üçün də seçim imkanı yaradır. Bazar iqtisadiyyatı məhz belə halda normal fəaliyyət göstərə bilir. Bizdə isə bazar iqtisadiyyatının adı var. Düzdür, qiymət məsələsinə gəldikdə deyirlər ki, “qiyməti bazar müəyyən edir”. Məsələn, hərdən görürəm ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi də danışır və bildirir ki, qiyməti bazar müəyyən edir. Amma məsələnin dərinliyinə getdikdə görürük ki, bazarı hər zaman bazarın özü müəyyən etmir. Bəzən qiyməti möhtəkirlər, arada olan vasitəçilər müəyyən edir. Bunu Kənd Təsərrüfatı Nazirliyi də dilə gətirə bilər. Çünki onun funksiyası kəndli ilə bazar arasında olan münasibətləri tənzimləməkdir. Bəs bunu hansı yolla tənzimləmək lazımdır? Qiymətlə yox. Dediyim mexanizmləri həyata keçirməklə. Deməli, kəndli üçün yeni imkanlar, seçim imkanları yaradılmalıdır.
Topdansatış bazarlarının sayı artırılmalıdır. Topdansatış bazarlarında rəqabət qabiliyyəti olmalıdır və kartel sövdələşmələrinə imkan verilməməlidir. Düzdür, üç bazar olsa belə, onlar öz aralarında kartel sövdələşməsinə gedə və yenə də qiyməti diktə edə bilərlər. Amma bu halda hökumət artıq məsələyə çox ciddi nəzarət etməlidir. Əgər bu bazarlar arasında kartel sövdələşməsi varsa, bu, ciddi hüquqi məsuliyyət doğurmalıdır və belə fəaliyyətlə məşğul olan şəxslər uzun müddətə biznes fəaliyyətindən uzaqlaşdırılmalıdır”.
Ayhan
17:00 22.09.2026
Oxunuş sayı: 44