Avtomobilin vuruğu olduğunu necə bilmək olar? - ikinci əl maşın alarkən bunlara diqqət edin
İkinci əl avtomobil alarkən yalnız avtomobilin xarici görünüşünə və yürüş göstəricisinə baxmaq kifayət etmir. Nəqliyyat vasitəsinin əvvəlki qəza tarixçəsi, hansı hissələrinin dəyişdirilməsi, yanğın və ya ciddi zədələnmə keçirib-keçirməməsi avtomobilin həm təhlükəsizliyinə, həm də gələcəkdə yarana biləcək xərclərə birbaşa təsir göstərə bilər. Bu məlumatların alıcıya tam təqdim olunmaması isə avtomobil seçimində əlavə risk yaradır.
Belə hallarda avtomobili satın almadan əvvəl onun texniki vəziyyətinin müstəqil şəkildə yoxlanılması mühüm əhəmiyyət daşıyır. Mühərrikdən asqı sisteminə, sürətlər qutusundan elektrik avadanlıqlarına qədər əsas hissələrin diaqnostikası avtomobilin real vəziyyəti barədə daha dolğun təsəvvür yarada bilər. Bəs ikinci əl avtomobil alarkən hansı texniki məqamlara xüsusi diqqət yetirilməlidir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Crossmedia.az-a açıqlamasında bildirib:

“Bununla bağlı onu deyə bilərik ki, bu gün avtomobil alışı zamanı – xüsusilə də ikinci əl avtomobillərdən söhbət gedirsə – texniki tənzimləmələrə müəyyən dərəcədə ehtiyac var. Çünki dünya ölkələrində olduğu kimi, avtomobillərin texniki pasportunda vahid bir sistemin olması vacibdir. Nəqliyyat vasitəsinin texniki göstəricilərini əks etdirən müvafiq sənəd və ya kitabçada avtomobilin hansı qəzanı keçirdiyi, hardan zədə aldığı, aşıb-aşmadığı və ya yanıb-yanmadığı kimi bütün məlumatlar qeyd olunmalıdır. Azərbaycanda da bu istiqamətdə müsbət addımlar atılıb, lakin proses hələ tam yekunlaşmayıb. Ümid edirəm ki, gələcəkdə bu tam təmin olunacaq. Hazırda isə alıcı alacağı avtomobil haqqında kifayət qədər informasiyaya malik olmur; onun daha öncə qəzaya uğradığını, yanaraq zədələndiyini və ya aşdığını bilmir. Buna görə də alıcı avtomobili özü müstəqil şəkildə yoxlatmalıdır".
Ekspert qeyd edib ki, xüsusilə mühərrik sistemi hərtərəfli diaqnostika olunmalı, asqı sistemi (oynaq/şaravoy hissələr), ötürmələr qutusu və texniki-elektrik sistemi diqqətlə yoxlanılmalıdır: "Avtomobildə hər hansı yanğın, elektrik qısaqapanması, ərimə və ya yapışma hallarının olub-olmadığı müəyyənləşdirilməlidir. Bütün bu amillər nəqliyyat vasitəsinin sazlığına və alınan avtomobilin texniki parametrlərinin qaydasında olduğuna əmin olmaq üçün əsas arqumentlərdir”.
Zeynəb Həsən
18:45 22.09.2026
Oxunuş sayı: 41