İncəsənət olimpiadalarının qalibləri Ali məktəblərə imtahansız qəbul oluna bilər
Azərbaycanda təhsil və mədəniyyət sahəsində yeni yanaşmalar müzakirə olunarkən, diqqət çəkən təkliflərdən biri də incəsənət olimpiadası qaliblərinin imtahansız ali məktəblərə qəbul edilməsi ilə bağlıdır.
Bu təşəbbüs Adil Kərimli tərəfindən Milli Məclisin Elm və Təhsil komitəsində keçirilən ictimai dinləmə zamanı səsləndirilib və artıq geniş ictimai müzakirəyə səbəb olub.
Məsələ ondadır ki, incəsənət sahəsi klassik akademik biliklərdən daha çox yaradıcılıq, estetik baxış və xüsusi istedad tələb edir. Bu baxımdan, belə bir qərar istedadlı gənclərin erkən mərhələdə dəstəklənməsi kimi qiymətləndirilə bilər.
Digər tərəfdən isə, imtahan sistemindən kənar qəbul mexanizmi bərabərlik və ədalət prinsipləri baxımından suallar doğurur.
Bəs bu yanaşma həqiqətən ədalətlidirmi, yoxsa müəyyən risklər daşıyır? Bu sual mövzunun əsas müzakirə xəttini müəyyənləşdirir.
Mövzu ilə bağlı təhsil eksperti İlqar Orucov Crossmedia.az-a açıqlama verib:

"İncəsənət olimpiadalarının qaliblərinin imtahansız ali məktəblərə qəbul edilməsi ilə bağlı Milli Məclisdə nazir tərəfindən səsləndirilən fikirlərlə tanışam.
Düşünürəm ki, mədəniyyət və incəsənət ümumilikdə xüsusi istedad və yaradıcılıq tələb edən sahədir. Bu baxımdan incəsənət sahəsində istedadların vaxtında aşkarlanması, onların dəstəklənməsi və stimullaşdırılması istiqamətində atılan bütün addımları müsbət qiymətləndirirəm.
Hesab edirəm ki, incəsənət sahəsində keçirilən olimpiadalarda qalib olmuş şəxslərin ali məktəblərə imtahansız qəbul edilməsi ilə bağlı yanaşma doğrudur. Burada əsas məqsəd istedadları dəstəkləmək və şəffaf şəkildə keçirilmiş olimpiadaların qaliblərinə layiqli münasibəti ifadə etməkdirsə, bu təşəbbüsü dəstəkləmək lazımdır.
Bununla yanaşı, müəyyən risk faktorları da mövcuddur və hesab edirəm ki, bu risklər mümkün qədər minimuma endirilməlidir. Söhbət ondan gedir ki, bu olimpiadalar harada və kim tərəfindən keçirilir, qiymətləndirmə prosesi nə dərəcədə ədalətli və şəffafdır. Əgər münsiflər tərəfindən qiymətləndirmə obyektiv və şəffaf şəkildə aparılarsa, bu zaman imtahansız qəbul mexanizmi tam əsaslı hesab oluna bilər".
Ekspert qeyd edib ki, xüsusilə münsiflər heyətinin tərkibi burada mühüm rol oynayır:
"Onların nüfuzu, peşəkarlığı və ədalət prinsiplərinə sadiqliyi təmin olunarsa, bu model daha effektiv və etibarlı olar. Ümumilikdə, incəsənət yaradıcı sahə olduğundan, bu cür yanaşma gələcəkdə yaradıcı sənayenin inkişafına da töhfə verə və gənclərin motivasiyasını artıra bilər.
Digər tərəfdən, Dövlət İmtahan Mərkəzinin xətti ilə çətin imtahanlardan keçmiş abituriyentlərin kənarda qalması ilə bağlı fikirlər də səsləndirilir.
Lakin düşünmürəm ki, bu, ciddi narahatlıq doğuracaq bir məsələdir. Çünki söhbət kütləvi şəkildə deyil, say etibarilə çox az olan — əsasən beynəlxalq və ya respublika səviyyəli nüfuzlu olimpiadaların qaliblərindən gedir.
Qeyd etmək lazımdır ki, dünyanın bir çox ölkələrində beynəlxalq olimpiada qaliblərinə xüsusi yanaşma mövcuddur.
Məsələn, Beynəlxalq Fənn Olimpiadalarının qaliblərinə dünyanın nüfuzlu universitetlərinin qapıları açıq olur, onlara xüsusi təqaüdlər təqdim edilir və universitetlər bu cür istedadlı gəncləri cəlb etmək üçün müxtəlif təşviqedici addımlar atırlar.
Əlbəttə, burada bütün olimpiadalar eyni dərəcədə qəbul edilə bilməz. Müxtəlif təşkilatlar tərəfindən keçirilən və kifayət qədər nüfuzu olmayan yarışların nəticələri bu kontekstdə nəzərə alınmamalıdır. Söhbət yalnız beynəlxalq səviyyədə tanınan və ya respublika üzrə ən yüksək nəticələrin əldə olunduğu nüfuzlu olimpiadalardan gedir.
Yekun olaraq hesab edirəm ki, bu yanaşma doğru və məqsədəuyğundur. Çünki incəsənət sahəsi xüsusi estetik yanaşma, qabiliyyət və istedad tələb edir.
Belə bir sahədə nüfuzlu münsiflər qarşısında özünü təsdiqləmək, düşünürəm ki, bir çox hallarda test və ya digər imtahan nəticələrindən daha yüksək göstərici kimi qiymətləndirilməlidir.
Bu baxımdan, istedadların vaxtında aşkarlanması və onların növbəti mərhələdə dəstəklənməsi cəmiyyət üçün yalnız müsbət nəticələr verə bilər".
Ayhan
14:34 19.03.2026
Oxunuş sayı: 67