Hər bitki dərman deyil: Xalq təbabətində təhlükəsizlik qaydaları
Xalq təbabəti və bitki mənşəli dərman vasitələri minillik təcrübəyə malik olsa da, onların sağlamlıq üzərindəki təsiri yalnız təcrübə ilə deyil, elmi baxışla da qiymətləndirilməlidir.
Təbii mənşəli olmalarına baxmayaraq, bu bitkilər bioloji aktiv maddələr və təsirli komponentlər ehtiva edir və dərman kimi qəbul edilməlidir. Nəzarətsiz və uzunmüddətli istifadəsi ciddi sağlamlıq risklərinə yol aça bilər.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, xalq təbabətində istifadə olunan maddələr də dərman vasitəsi kimi qəbul olunur.
"Düzdür, bunlar təbii qarışıqlardan ibarətdir, amma dərman prinsip etibarilə identifikasiya edilmiş təsirli maddədir – istər təbii, istərsə də süni yolla hazırlanmış olsun", - deyə o, qeyd edib.

A.Qeybulla bildirib ki, dərman bitkilərinin tərkibində yalnız nəzərdə tutulan təsir edici komponentlər deyil, həm də xeyli sayda mikroelementlər və bioloji aktiv maddələr mövcuddur.
Bu səbəbdən onların uzun müddətli qəbulu yalnız mütləq tibbi nəzarət altında aparılmalıdır.
"Bəziləri təzyiqin həddən artıq artması və ya azalmasına, bəziləri ürək fəaliyyətinə və digər orqanlara zərər verə bilər", – deyə, professor əlavə edib.
O həmçinin vurğulayıb ki, xalq təbabətində istifadə olunan dərman bitkilərini həkim təyin etməli və qəbul müddətini müəyyən etməlidir.
"Daimi qəbul edilən süni dərmanlarda olduğu kimi xalq təbabətində istifadə olunan bitkilərin də istifadəsi yalnız xəstəliyə uyğun olaraq həkim qərarı ilə mümkün olmalıdır", - deyə o, vurğulayıb.
Məsələnin digər tərəfi isə bazar və apteklərdə satılan qurudulmuş dərman bitkilərinin təhlükəsizliyidir.
Qida eksperti Fərid Səfərov bildirib ki, bu bitkilər əslində qida və ya bitki mənşəli məhsullar kimi qiymətləndirilir və onların təhlükəsizliyi müəyyən qaydalar çərçivəsində nəzarətdə saxlanılır:
"Apteklərdə satılan bitkilər adətən daha ciddi nəzarətdən keçir. Onlar qablaşdırılmış olur, üzərində istehsalçı məlumatı, istifadə müddəti və saxlanma şərtləri göstərilir.

Açıq bazarlarda satılan məhsullarda isə bu məlumatlar çox vaxt olmur və nəzarət daha çətindir. Qurudulmuş bitkilərin təhlükəsizliyi qida təhlükəsizliyi və sanitariya qurumlarının laborator analizləri vasitəsilə yoxlanılır. Bu analizlər məhsulda kif göbələkləri, ağır metallar, pestisid qalıqları və zərərli mikroorqanizmlərin olub-olmamasını müəyyən edir.
Bitkilər düzgün qurudulmadıqda və ya rütubətli şəraitdə saxlanıldıqda kiflənmə və toksin yaranma riski artır, bu da sağlamlıq üçün təhlükəlidir. İstehlakçılar məhsul seçərkən qablaşdırılmış və üzərində istehsalçı məlumatı olan bitkilərə üstünlük verməli, solğun və ya həddindən artıq qaralmış məhsullardan uzaq durmalı, kəskin kif və nəm qoxusunu hiss etdikdə belə bitkiləri almamalıdırlar. Həmçinin toz, torpaq, sap və yad qarışıqların çoxluğu keyfiyyətin aşağı olduğunu göstərə bilər".
F.Səfərov əlavə edib ki, bitkilərin düzgün tanınması da vacibdir, çünki bənzər bitkilər səhv toplanaraq satışa çıxarıla və zəhərlənmə riskini artırıla bilər.
"Bu səbəbdən xüsusilə müalicə məqsədilə istifadə ediləcək bitkilər etibarlı mənbələrdən alınmalı və istifadə etməzdən əvvəl mütəxəssis məsləhəti alınmalıdır", - deyə o, qeyd edib.
Ekspert vurğulayıb ki, qurudulmuş dərman bitkilərinin təhlükəsizliyi toplama, qurudulma, saxlanma və satış mərhələlərindən birbaşa asılıdır və istehlakçılar seçim zamanı məhsulun mənşəyinə, görünüşünə və saxlanma şəraitinə diqqət yetirməlidirlər.
Nigar Yahyazadə
15:38 16.03.2026
Oxunuş sayı: 79