Fətvalar və müasir münaqişələr: Radikallaşmanın qarşısı necə alınmalıdır?
Son vaxtlar İranda baş verən müharibələr fonunda bəzi Ayətullahlar tərəfindən verilən fətvalar ictimaiyyət arasında müzakirə mövzusuna çevrilib.
Məsələn, bəzi din xadimləri ABŞ əsgərlərinin öldürülməsini müsəlmanlar üçün qanuni sayan fətvalar verir, bu isə din və hüquq çərçivəsində ciddi debat yaradır.
Belə fətvalar İslam hüququnda, xüsusilə də, şəriət prinsiplərində hansı şərtlərlə mövcud ola biləcəyini araşdırmaq vacibdir. Cəmiyyətdə isə bu tip açıqlamalar həm qorxu, həm də radikallaşma riski yarada bilər. İnsanlar arasında bu fətvaların doğru olub-olmaması barədə geniş müzakirələr gedir və fərqli baxışlar formalaşır. Nəticədə, bu cür dini qərarlar həm hüquqi, həm də etik müstəvidə ciddi təsir göstərir.
Bu barədə ilahiyyatçı Əkrəm Həsənov Crossmedia.az-a açıqlama verib:
"Məsələyə baxanda görürük ki, bu mövzu çox həssasdır və insanların emosional şəkildə deyil, bilik və ədalət üzərindən düşünməsi çox vacibdir. Son günlər bəzi ayətullahların ABŞ əsgərlərinin öldürülməsini icazəli hesab edən fətvalar verməsi xəbərləri yayılır və bu da cəmiyyətdə müəyyən suallar yaradır.
Bu məsələyə İslam hüququ, Quranın prinsipləri və tarixi təcrübə baxımından baxmaq lazımdır. İslamın əsas məntiqi budur ki, insan həyatı müqəddəsdir və qan tökmək son dərəcə ciddi məsələdir. Quranda Maidə surəsinin 32-ci ayəsində deyilir ki, kim bir insanı haqsız yerə öldürərsə sanki bütün insanlığı öldürmüş kimi olar, kim bir insanı xilas edərsə, sanki bütün insanlığı xilas etmiş kimi olar.

Bu ayə İslam hüququnda insan həyatının dəyərinin əsas prinsiplərindən biri hesab olunur. Məhəmməd peyğəmbər (s.ə.s) də müharibə məsələsində çox həssas və sərt qaydalar qoymuşdu. Hədislərdə açıq şəkildə qeyd olunur ki, qadınlar, uşaqlar, qocalar, din adamları və müharibədə iştirak etməyən insanlar öldürülməməlidir.
Peyğəmbər (s.ə.s) orduları göndərərkən buyururdu ki, xəyanət etməyin, həddi aşmayın, ağacları kəsməyin və müharibədə iştirak etməyən insanlara toxunmayın. Bu qaydalar İslamın müharibə etikasıdır və klassik fiqh alimləri bu prinsipləri əsrlər boyu qoruyublar".
İlahiyyatçı, həmçinin, vurğulayıb ki, İslam hüququnda müharibə və sülh məsələsi fərdi şəxslərin qərarı ilə deyil, dövlət səviyyəsində müəyyən olunur:
"Klassik alimlərdən İmam Əbu Hənifə, İmam Malik, İmam Şafii və İmam Əhməd ibn Hənbəl müharibə qərarının yalnız legitim hakimiyyət tərəfindən verildiyini qeyd ediblər. Orta əsr alimlərindən İmam Qəzali və İbn Teymiyyə də yazırdılar ki, fərdi şəkildə silahlı əməl etmək, cəmiyyətə qarışıqlıq gətirmək və insanların həyatını təhlükəyə atmaq böyük fitnə hesab olunur.
Quranda Bəqərə surəsinin 190-cı ayəsində açıq şəkildə buyurulur ki, sizinlə vuruşanlarla Allah yolunda vuruşun, lakin həddi aşmayın. Allah həddi aşanları sevməz. Bu ayə göstərir ki, İslam müharibəni təşviq edən din deyil, əksinə onu məhdudlaşdıran və ciddi qaydalarla çərçivəyə salan bir sistemdir.
Tarixə baxanda da görürük ki, siyasi münaqişələr çox zaman dini terminlərlə təqdim edilir. Halbuki, siyasi qərarlarla dini hökmlər həmişə eyni şey deyil. Müasir dövrdə İran, ABŞ və İsrail arasında olan gərginlik siyasi, geosiyasi və strateji maraqlarla bağlıdır. Enerji siyasəti, regional təsir uğrunda rəqabət və təhlükəsizlik məsələləri bu qarşıdurmanın əsas səbəbləridir. Bu münaqişələrə dini rəng verilməsi isə daha çox ideoloji mobilizasiya məqsədi daşıyır.
Müasir İslam alimlərinin böyük hissəsi də bu məsələdə çox ehtiyatlı mövqe tutur. Məsələn, Yusif əl-Qaradavi, Vəhab əz-Zühəyli və digər fiqh alimləri qeyd edirlər ki, fərdi şəkildə kiminsə hansısa dövlətin əsgərini öldürməsi İslam hüququnda qanuni müharibə sayılmır və bu, anarxiyaya yol açır. Müasir beynəlxalq hüquq da eyni prinsipi qəbul edir. Dövlətlərarası müharibə belə ciddi qaydalarla tənzimlənir və fərdi terror aktları cinayət sayılır.
Burada başqa bir mühüm məqam da var. Dünyada milyonlarla müsəlman müxtəlif ölkələrdə yaşayır və onlar həmin ölkələrin vətəndaşlarıdır. Əgər hər hansı siyasi münaqişəyə görə fərdi şəxslərin başqa ölkələrin vətəndaşlarını və ya əsgərlərini hədəf alması dini baxımdan legitim hesab edilsə, bu, müsəlmanların yaşadığı cəmiyyətlərdə böyük qarşıdurmalar yaradar. İslam isə fitnəni və qarışıqlığı qadağan edir. Quranda fitnənin qətldən də ağır olduğu bildirilir.
Bu məsələyə Azərbaycan təcrübəsindən də baxmaq olar. Qarabağ müharibəsi illərində regionda müxtəlif dövlətlərin siyasi mövqeləri fərqli idi. İran da bu regionun qonşusudur və mürəkkəb siyasi münasibətlər mövcud idi.
Amma buna baxmayaraq, müsəlman dünyası bizim tərəfimizdə idi. Onda heç bir İran ayətullası çıxıb erməni əsgərlərinin öldürülməsi ilə bağlı dini çağırış etmədi. Çünki belə bir yanaşma İslam hüququnun əsas prinsiplərinə uyğun deyil. Müharibə dövlətlərin qərarıdır, fərdlərin emosional reaksiyası ilə aparılan silahlı əməl isə İslam hüququnda fitnə hesab olunur.
İslamın əsas mesajı ədalət və məsuliyyətdir. Quranda Nisa surəsinin 135-ci ayəsində buyurulur ki, ey iman gətirənlər, ədaləti möhkəm qoruyun, hətta öz əleyhinizə olsa belə.
Bu ayə müsəlman düşüncəsində universal ədalət prinsipini formalaşdırır. Bir insanın hansı ölkənin vətəndaşı olması onun həyatının dəyərini dəyişmir. İslam baxımından insan həyatı milliyyətə və siyasətə görə ölçülmür.
Müasir elmi araşdırmalar da göstərir ki, dini motivli zorakılıq çağırışları əslində siyasi və sosial gərginliyi daha da artırır".
Müsahibin sözlərinə görə, sosiologiya və politologiya sahəsində aparılan tədqiqatlar göstərir ki, dini legitimasiya verilmiş zorakılıq ideologiyaları cəmiyyətlərdə radikallaşma yaradır və nəticədə ən çox zərər yenə həmin cəmiyyətlərin özünə dəyir:
"Bu səbəbdən belə fətvalar çox diqqətlə qiymətləndirilməlidir. İslamın ruhu qisas və qəzəb üzərində deyil, ədalət və hikmət üzərində qurulub. Məhəmməd peyğəmbərin (s.ə.s) həyatına baxanda görürük ki, o, ən çətin siyasi və hərbi şəraitdə belə insan həyatını qorumağa çalışırdı və sülh imkanlarını həmişə üstün tuturdu. Hudeybiyyə müqaviləsi bunun ən məşhur nümunəsidir.
Bu gün müsəlman dünyasının ən böyük ehtiyacı emosional çağırışlar deyil, düşüncəli və məsuliyyətli yanaşmadır. İslam dini insanların siyasi qarşıdurmaların alətinə çevrilməsini deyil, ədalətli və ağıllı mövqe tutmasını istəyir.
Bir müsəlmanın hansısa dövlətin siyasətinə görə başqa bir insanı öldürməsi dini baxımdan çox ciddi və ağır məsələdir və bu məsələ sadə şüarlarla həll edilə bilməz. İslamın əsas prinsipi budur ki, insan həyatına hörmət göstərmək və ədaləti qorumaq hər bir siyasi və ideoloji mövqedən daha üstündür".
Fatimə Məmmədova
13:55 12.03.2026
Oxunuş sayı: 103