Manual terapiya əslində nədir?: Doğru bildiyimiz yanlışlar var imiş- Müsahibə
Manual terapiya dayaq-hərəkət sistemi ilə bağlı problemlərin müalicəsində tətbiq olunan üsullardan biri hesab olunur. Bu metod zamanı mütəxəssis əl vasitəsilə onurğa sütunu, oynaqlar və əzələlərə təsir göstərərək ağrıların azaldılmasına, hərəkət məhdudiyyətinin aradan qaldırılmasına və bədənin funksional vəziyyətinin yaxşılaşdırılmasına çalışır. Son illərdə bu üsul bel və boyun ağrıları, onurğa problemləri və əzələ gərginliyi yaşayan insanlar arasında daha geniş yayılmağa başlayıb.
Bununla yanaşı, manual terapiyanın həm üstün, həm də mənfi tərəfləri mövcuddur. Mütəxəssislər bildirirlər ki, düzgün tətbiq olunduqda bu üsul ağrıların azalmasına və hərəkət qabiliyyətinin yaxşılaşmasına kömək edə bilər. Lakin qeyri-peşəkar müdaxilə və ya bəzi xəstəliklər zamanı tətbiqi ciddi fəsadlara səbəb ola bildiyindən, manual terapiyaya başlamazdan əvvəl mütləq peşəkar həkim məsləhəti almaq tövsiyə olunur.
Məsələ ilə bağlı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Tibbi Reabilitasiya bölməsinin həkim mütəxəssizi fizioterapevt, reabilitoloq Mehriban Hüseynova Crossmedia.az-la öz fikirlərini bölüşüb:


— Manual terapiya nədir və bununla bağlı əsas miflər nədən ibarətdir?
— Manual terapiya “manus” və “terapiya” sözlərinin birləşməsindən yaranmış tibbi termindir. “Manus” latın dilində “əl”, “terapiya” isə müalicə deməkdir. Bu iki sözün birləşməsi nəticəsində manual terapiya dayaq-hərəkət sistemində yaranan funksional pozulmaların həkimin əli və ya onun tətbiq etdiyi müxtəlif mexaniki vasitələrin köməyi ilə müalicə olunması kimi izah olunur. Başqa sözlə desək, manual terapiya oynaqlarda, əzələlərdə və onurğada yaranan funksional problemlərin xüsusi əl texnikaları vasitəsilə aradan qaldırılmasına yönəlmiş bir müalicə üsuludur.
Manual terapiya haqqında cəmiyyətdə bir sıra yanlış təsəvvürlər mövcuddur. Əslində bu mifləri daha yaxşı başa düşmək üçün əvvəlcə manual terapiyanın nə olduğunu izah etmək vacibdir. Çünki bir çox hallarda insanlar bu üsul haqqında tam məlumatlı olmadıqları üçün yanlış qənaətlərə gəlirlər. Məsələn, ən çox rast gəlinən miflərdən biri xəstələrin düşünməsidir ki, yalnız bir dəfə manual terapiya qəbul etməklə bütün ağrılardan və gərginlikdən tamamilə azad olmaq mümkündür. Halbuki bu doğru deyil. Manual terapiya adətən kompleks müalicə yanaşmasının bir hissəsi kimi tətbiq olunur və digər müalicə üsulları ilə birlikdə daha effektiv nəticə verir.
— Pasiyentlər manual terapiya ilə bağlı ən çox hansı düşüncələrlə müraciət edirlər?
— Pasiyentlərin müraciətlərində tez-tez rast gəlinən yanlış düşüncələrdən biri də odur ki, həkim əli ilə sürüşmüş fəqərəni yenidən öz yerinə qaytara bilər. Tibbdə bu vəziyyət “listez” adlanır və fəqərələrin önə və ya arxaya doğru sürüşməsi ilə xarakterizə olunur. Bu tip problemlərin manual terapiya vasitəsilə tam şəkildə bərpa olunması mümkün deyil və əksər hallarda belə vəziyyətlər cərrahi müdaxilə tələb edir.
Digər geniş yayılmış mif isə disk yırtıqları ilə bağlıdır. Bir çox pasiyent bel və ya boyun nahiyəsində disk yırtığı olduqda düşünür ki, manual terapevt əli ilə həmin yırtığı bərpa edə bilər. Lakin bu da doğru deyil. Manual terapiya disk yırtığını aradan qaldırmır, lakin ətraf əzələlərdə yaranmış gərginliyi azaltmaq, ağrını yüngülləşdirmək və hərəkət imkanlarını yaxşılaşdırmaq baxımından köməkçi rol oynaya bilər.
— Manual terapiya əsasən hansı hallarda istifadə olunur?
— Manual terapiya daha çox əzələlərdə və oynaqlarda yaranan ağrı və gərginliyi aradan qaldırmaq məqsədilə istifadə olunur. Bundan əlavə, oynaqlarda hərəkət amplitudasını artırmaq, hərəkət məhdudiyyətlərini azaltmaq və bəzi hallarda sinir sıxılmaları nəticəsində yaranan narahatlıqları yüngülləşdirmək üçün tətbiq edilir. Bu üsul xüsusilə dayaq-hərəkət sistemində funksional problemlər olduqda effektiv hesab olunur.
— Manual terapiya zamanı pasiyentin psixoloji vəziyyəti nəzərə alınırmı?
— Bəli, manual terapiya tətbiq edilərkən pasiyentin psixoloji vəziyyəti mütləq nəzərə alınmalıdır. Çünki ağrı yaşayan bir insanın psixoloji vəziyyəti adətən gərgin və narahat olur. Müasir dövrdə insanlar internetdən, xüsusilə də sosial şəbəkələrdən müxtəlif videolar izləyirlər və bu videolarda manual terapiya zamanı eşidilən “xırt” səsləri onları qorxuda bilir. Bir çox pasiyent düşünür ki, bu prosedur ağrılı və təhlükəli ola bilər.
Əslində isə düzgün icra olunduqda manual terapiya nə qorxulu, nə də ağrılı prosedurdur. Həkim ilk növbədə pasiyenti prosedur haqqında məlumatlandırır, tətbiq olunacaq üsulları izah edir və müalicə prosesində pasiyentin də aktiv iştirakının vacib olduğunu bildirir. Bu yanaşma xəstənin psixoloji gərginliyini azaldır və müalicə prosesinin daha rahat keçməsinə kömək edir.
— Xroniki bel ağrılarında manual terapiya ilə digər müalicə üsulları arasında balans necə qurulur?
— Xroniki bel ağrılarında təkcə manual terapiyadan istifadə etmək kifayət etmir. Belə hallarda kompleks və ya multimodal müalicə yanaşması tətbiq olunur. Bu zaman manual terapiya ilə yanaşı hərəkət terapiyası və müalicəvi bədən tərbiyəsi də vacib rol oynayır. Xüsusilə qarın, bel və qalça əzələlərinin gücləndirilməsi bel ağrılarının azalmasına və təkrarlanmasının qarşısının alınmasına kömək edir.
Bununla yanaşı, fizioterapiya prosedurları da tətbiq olunur. Bu prosedurlara elektroterapiya və müxtəlif masaj üsulları daxildir. Bu üsullar vasitəsilə əzələlərdə yaranan gərginlik və ağrı azaldılır. Digər tərəfdən, pasiyentə düzgün duruş qaydaları öyrədilir və gündəlik həyatda onurğaya düşən yükün düzgün bölüşdürülməsi barədə məlumat verilir.
— Elektroterapiya ilə bağlı insanların bəzi qorxuları var. Bu üsul, həqiqətən, zərərlidirmi?
— Elektroterapiya fizioterapiyada geniş istifadə olunan müalicə üsullarından biridir və düzgün tətbiq edildikdə təhlükəli hesab olunmur. Lakin onun da müəyyən əks-göstərişləri mövcuddur. Məsələn, onkoloji xəstəliklər zamanı elektroterapiya tətbiq edilmir. Bununla yanaşı, ağır osteoporozu olan yaşlı insanlarda və vərəm xəstəliyi olan pasiyentlərdə də bu üsuldan istifadə edilmir. Bəzi hallarda ciddi psixoloji problemləri olan insanlarda da elektroterapiya məhdudlaşdırıla bilər.
— Manual terapiya bütün yaş qruplarında tətbiq edilə bilərmi?
— Ümumiyyətlə, manual terapiya müxtəlif yaş qruplarında tətbiq oluna bilər. Lakin hər yaş qrupuna uyğun fərqli yanaşma tələb olunur. Uşaqlarda və gənclərdə daha yumşaq və ehtiyatlı texnikalardan istifadə edilir. Yaşlı insanlarda isə osteoporoz kimi problemlər nəzərə alınaraq daha yüngül manual terapiya üsullarına üstünlük verilir.
— Manual terapiyada istifadə olunan əsas mexanizmlər hansılardır?
— Manual terapiyada bir neçə əsas mexanizm tətbiq olunur. Bunlardan biri traksiya üsuludur. Bu üsul zamanı onurğa və oynaqlara dartılma tətbiq olunur və bunun nəticəsində oynaq daxili təzyiq azalır. Digər mexanizm funksional masajdır. Bu üsul adi masajdan fərqli olaraq yalnız əzələlər üzərində deyil, eyni zamanda oynağın hərəkət imkanlarının artırılması məqsədilə tətbiq olunur.
Bundan əlavə, passiv mobilizasiya üsulu da geniş istifadə olunur. Bu zaman həkim oynağı pasiyentin aktiv iştirakı olmadan müəyyən istiqamətlərdə hərəkət etdirir və hərəkət məhdudiyyətlərini aradan qaldırmağa çalışır. Digər bir mexanizm isə işemik kompressiyadır. Bu üsul zamanı bədəndəki ağrı nöqtələrinə – yəni trigger nöqtələrinə təsir göstərilir və həmin nahiyədə qan dövranı yaxşılaşdırılaraq ağrı və gərginlik azaldılır.
Manual terapiyada tətbiq olunan üsullardan biri də xalq arasında “xırt səsi” kimi tanınan manipulyasiya texnikasıdır. Bu zaman oynaqlara qısa müddətli və nəzarətli təzyiq tətbiq olunur və nəticədə müəyyən səs eşidilə bilər. Bir çox insanlar bu səsi oynağın yer dəyişməsi kimi qəbul etsə də, əslində bu səs oynaq daxilində olan qaz qabarcıqlarının partlaması nəticəsində yaranır.
— Manual terapiya körpə və kiçik yaşlı uşaqlarda tətbiq edilə bilərmi?
Bəzi hallarda manual terapiyanın müəyyən üsulları körpə və kiçik yaşlı uşaqlarda da tətbiq oluna bilər. Bu zaman çox yumşaq və ehtiyatlı texnikalardan istifadə edilir. Məsələn, passiv mobilizasiya üsulu qan dövranını yaxşılaşdırmaq və uşağın fiziki inkişafına müsbət təsir göstərmək baxımından faydalı ola bilər.
— Manual terapiyada müasir texnologiyalar hansı rol oynayır?
— Müasir texnologiyalar manual terapiyada xüsusilə diaqnostika mərhələsində mühüm rol oynayır. Xəstəliyin dəqiq müəyyənləşdirilməsi üçün maqnit-rezonans tomoqrafiyası və kompüter tomoqrafiyası kimi müayinələrdən istifadə olunur. Bu müayinələr vasitəsilə xəstənin vəziyyəti daha dəqiq qiymətləndirilir və uyğun müalicə planı hazırlanır.
Bundan əlavə, bu gün manual terapiyada müxtəlif mexaniki və elektron terapevtik masalar və avadanlıqlar da istifadə olunur ki, bu da müalicə prosesinin daha effektiv aparılmasına imkan yaradır.
— Hansı hallarda manual terapiya ilə yanaşı dərman müalicəsi də tətbiq olunur?
— Bəzi hallarda manual terapiya dərman müalicəsi ilə birlikdə tətbiq edilir. Xüsusilə kəskin ağrılar, ödem və əzələ gərginliyi müşahidə olunan hallarda dərman preparatlarından istifadə etmək lazım gəlir. Bu zaman qeyri-steroid iltihabəleyhinə preparatlar, miorelaksantlar və B qrup vitaminləri müalicə prosesinə daxil edilə bilər. Bu preparatlar ağrının azalmasına, iltihabın aradan qaldırılmasına və əzələlərin rahatlamasına kömək edir.
Beləliklə, manual terapiya dayaq-hərəkət sistemi problemlərinin müalicəsində mühüm yer tutan üsullardan biridir və düzgün tətbiq edildikdə digər müalicə metodları ilə birlikdə olduqca effektiv nəticələr verə bilir.
Elmir Heydərli
14:02 12.03.2026
Oxunuş sayı: 76