Cari il üçün neft qiymətinin "dəhlizi" açıqlanıb
“Fitch” agentliyinin geosiyasi riskləri nəzərə alaraq neftin qiyməti ilə bağlı proqnozlarını yenidən gözdən keçirəcəyi açıqlaması enerji bazarının gələcək dinamikasının hələ də qeyri-müəyyən olduğunu göstərir. Son dövrlərdə regional və qlobal gərginliklər, həmçinin müharibələr və siyasi gərginliklər neft qiymətlərində dalğalanmalara səbəb olur. Bu şəraitdə sual yaranır: neftin qiyməti artmağa davam edəcəkmi və Azərbaycan nefti bu şəraitdən maksimum fayda götürərək satışlarını artıracaq, yoxsa bazara yeni rəqiblər çıxacaq? Belə proqnozlar həm iqtisadi siyasət, həm də strateji planlaşdırma baxımından xüsusi önəm daşıyır.
Mövzu ilə bağlı neft məsələləri üzrə ekspert İlham Şaban Crossmedia.az-a açıqlama verib:

"Bu, normaldır. Adətən fevralın sonu, martın əvvəlində beynəlxalq enerji agentlikləri, beynəlxalq maliyyə institutları və neft bazarının ekspertləri ötən ilin sonunda verilmiş proqnozlar əsasında cari ilin qiymət kolleksiyalarını təqdim edirlər. Və bu baxımdan artıq Amerika bankları da öz qiymət proqnozlarını açıqlayıb".
İ.Şaban əlavə edib ki, cari il üçün neftin qiymətinin 61–63 dollar arasında dəyişəcəyi gözlənilir: "Artıq bunun 66–70 dollar arasında dəyişəcəyi ilə bağlı da ilkin məlumatlar mövcuddur. Azərbaycan neftinə gəldikdə isə, bizim rəqiblərimizə nisbətən dünya bazarında çox kiçik həcmdə satışımız mövcuddur. Təsəvvür edin, ümumilikdə gündəlik istehsal olunan neft 103–104 milyon barreldirsə, Azərbaycan bazara yalnız 0,38–0,4% həcmdə neft çıxarır. Yəni bizim payımız bazarda çox kiçikdir".
Ayhan
10:33 12.03.2026
Oxunuş sayı: 45