Heyvana qarşı qəddarlıq edən insan araşdırılmalıdır – Sosioloqdan XƏBƏRDARLIQ
İnsan və vəhşi heyvan arasında qarşıdurma çox vaxt instinkt və qorxunun toqquşmasından yaranır. İnsan heyvanı potensial təhlükə kimi qəbul edir, heyvan isə insanın hərəkətlərini öz həyatı üçün risk hesab edərək müdafiəyə keçir. Nəticədə qarşılıqlı qorxu, aqressiya və bəzən də faciə ilə nəticələnən hadisələr meydana çıxır. Lakin belə vəziyyətlərdə daha mürəkkəb suallar da ortaya çıxır: Heyvanın instinktiv şəkildə özünü qoruması təbiidirsə, insanın ona qarşı zor tətbiq etməsi hansı həddə qədər əsaslandırıla bilər? Təhlükənin qarşısını almaqla heyvana qarşı səbəbsiz qəddarlıq arasındakı sərhəd haradan keçir? Əslində, vəhşi heyvanlarla münasibət təkcə təhlükəsizlik məsələsi deyil, həm də insanın təbiətə və canlılara münasibətinin göstəricisidir. Çünki insanın özündən daha zəif və müdafiəsiz canlıya qarşı davranışı onun mərhəməti, məsuliyyəti və cəmiyyət olaraq formalaşdırdığı dəyərlər haqqında da çox şey deyir.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, istər heyvana, istər insana, istərsə də hər hansı digər canlıya qarşı zorakılıq göstərən insanın psixoloji vəziyyəti qiymətləndirilməlidir:

"Belə şəxslər psixoloji diaqnostikadan keçirilməli və ehtiyac olduğu halda reabilitasiyaya cəlb olunmalıdır.
Orta statistik, normal bir insanın hansısa canlıya qarşı qəddarlıq göstərməsi və zorakılıq törətməsi üçün səbəb olmamalıdır. Bu baxımdan həmin şəxsin psixoloji vəziyyətinin araşdırılmasına ehtiyac var. Burada söhbətin insandan və ya heyvandan getməsinin fərqi yoxdur. Normal davranış və münasibət bütün canlılara qarşı nümayiş etdirilməlidir. Hər hansı canlı müdafiəsiz ola bilər, lakin bu, ona qarşı zorakılıq tətbiq edilməsinə əsas vermir.
Belə davranışlar insanın şüuraltında olan psixoloji travmalarla, müəyyən natamamlıq kompleksləri ilə və digər psixoloji amillərlə əlaqəli ola bilər. Əks halda, normal psixoloji vəziyyətdə olan insanın hansısa canlıya qarşı zorakılıq törətməsinin məntiqi izahı yoxdur".
Sosioloq hesab edir ki, belə insanların psixoloji diaqnostik qiymətləndirməyə, reabilitasiyaya, psixokorreksiyaya və terapiyaya ehtiyacı ola bilər:
"Cəmiyyətin münasibəti necə olursa-olsun, belə hallara bəraət qazandırmaq mümkün deyil. İstər insana, istər heyvana, istərsə də başqa bir canlıya qarşı zorakılıq yolverilməz və qəbuledilməz davranışdır.
Eyni zamanda, belə halların qarşısının alınması üçün tərbiyə işlərinə də ciddi diqqət yetirilməlidir. Uşaqlıqdan, bağçadan və orta məktəbdən başlayaraq insanlara təbiəti, heyvanları, digər canlıları və ümumilikdə həyatı sevmək aşılanmalıdır. Cəmiyyətdə kin və qəzəbi deyil, mərhəməti və empatiyanı formalaşdırmaq lazımdır.
Əgər belə zorakı davranış nümayiş etdirən insanlar varsa, bu, onların psixoloji müdaxiləyə ehtiyacının ola biləcəyini göstərir".
Nuray Oqtayqızı
17:45 07.10.2026
Oxunuş sayı: 71