Fermerlər üçün YENİ QAYDA: Məhsul hələ tarlada ikən ALICISI bəlli olacaq
Fermerin məhsulunu istehsal etdikdən sonra alıcının qarşısında qiymət və satış problemi ilə üzləşməsinin qarşısını almaq üçün müqaviləli istehsal modelinin tətbiqi təklif olunur. Yeni modelə əsasən, məhsul istehsalçısı ilə alıcı və ya sifarişçi arasında əvvəlcədən müqavilə bağlanacaq, sənəddə məhsulun növü, miqdarı, keyfiyyət göstəriciləri, qiyməti və ya qiymətin müəyyənləşdirilməsi qaydası razılaşdırılacaq. Bu yanaşma fermerin məhsulu hansı şərtlərlə istehsal edib satacağını əvvəlcədən bilməsinə imkan verə bilər. Məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən dinləmə formatında iclasında müzakirə olunan “Aqrar sahə haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, müqavilədə məhsulun istehsalı və qəbulu, yəni satın alınması üzrə tərəflərin qarşılıqlı hüquq və vəzifələri də müəyyən ediləcək. Bununla fermerlə alıcı arasındakı münasibətlərin əvvəlcədən razılaşdırılmış şərtlər əsasında qurulması və müqavilə əsaslı istehsalın kənd yerlərinin aqrar inkişafı vasitələrindən birinə çevrilməsi nəzərdə tutulur.
Mövzu ilə bağlı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Crossmedia.az-a açıqlamasında bildirib ki, fermerlə məhsulu alan tərəf arasında əvvəlcədən müqavilənin bağlanması ilə bağlı təkliflər uzun illərdir səsləndirilir:

"Mütləq şəkildə arada olan vasitəçilər, emal müəssisələri və ya satışla məşğul olan topdansatış mərkəzləri əvvəlcədən müqavilə bağlamalıdırlar. Müqavilədə vasitəçilərin və ya satışla məşğul olan qurumların nə qədər həcmdə məhsul alacaqları və qiymətin əvvəlcədən müəyyən olunması nəzərdə tutulmalıdır".
Vahid Məhərrəmov bildirib ki, əks halda bu proses nəzarətdə saxlanılmalıdır. Əgər satışla məşğul olan sahibkar və ya topdansatış bazarının sahibi fermerlə müqavilə bağlamadan məhsul satırsa, bunun üçün məsuliyyət və cərimə mexanizmi müəyyənləşdirilməlidir.
Ekspertin sözlərinə görə, elə bir qayda qəbul olunmalıdır ki, sahibkarla vasitəçi və ya alıcı arasında əvvəlcədən mütləq müqavilə olsun:
"Bu təklifləri uzun illərdir səsləndirirlər və indi həmin yanaşmanın qanun layihəsində öz əksini tapması müsbət haldır. Aqrar sahə ilə bağlı digər məsələlərdə də əvvəl irəli sürülən təkliflərin qanun və proqramlarda nəzərə alınması müsbət tendensiyadır. Qanun layihəsində nəzərdə tutulan modelin tətbiqi ilə fermer məhsulu istehsal etməzdən əvvəl alıcının tələblərini, məhsulun miqdarını, keyfiyyət göstəricilərini və satış şərtlərini bilməli olacaq. Bu isə xüsusilə məhsulun bazara çıxarılması mərhələsində fermerin üzləşdiyi qeyri-müəyyənliyin azaldılmasına hesablanıb".
Zeynəb Həsən
18:00 07.10.2026
Oxunuş sayı: 66