Ərəb milyarderdən Trampa: Bölgəmizi müharibəyə sürükləmək səlahiyyətini sizə kim verib?
BƏƏ-li milyarder və iş adamı Xələf Əhməd əl-Habtoor ABŞ-İsrail əməliyyatlarından sonra ABŞ Prezidenti Donald Trampa açıq məktub ünvanlayıb.
Crossmedia.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı məktubda Trampa sərt sual ünvanlayaraq bildirib:
“Bölgəmizi İranla müharibəyə sürükləmək səlahiyyətini sizə kim verib?”
Əl-Habtoor qeyd edib ki, Tramp prezident seçkiləri zamanı ABŞ-ni xarici müharibələrə cəlb etməyəcəyinə və yalnız ölkədaxili məsələlərə diqqət yetirəcəyinə söz vermişdi. Onun sözlərinə görə, Tramp ikinci prezidentlik müddətində Somali, İraq, Yəmən, Nigeriya, Suriya, İran və Venesuelada hərbi əməliyyatlara, həmçinin Karib dənizi və Şərqi Sakit okeanda dəniz əməliyyatlarına göstəriş verib.
İş adamı bildirib ki, təkcə Trampın vəzifədə olduğu ilk ildə 658-dən çox xarici hava hücumu həyata keçirilib. O qeyd edib ki, bu rəqəm Trampın tez-tez tənqid etdiyi ABŞ-ın keçmiş prezidenti Joe Biden-in bütün prezidentlik dövründəki göstəriciyə bərabərdir.
Əl-Habtoor həmçinin qərarın Tramp tərəfindən müstəqil verilib-verilmədiyini, yoxsa İsrailin Baş naziri Benjamin Netanyahu-nun təzyiqi nəticəsində qəbul edildiyini soruşub. Onun sözlərinə görə, region ölkələrinin Yaxın Şərqin niyə “döyüş meydanına” çevrildiyini soruşmaq hüququ var.
Milyarder əlavə edib ki, Fars körfəzi ölkələri Tramp tərəfindən yaradılan “Sülh Şurası”nı maliyyələşdirir və indi sual edirlər: “Biz sülh təşəbbüslərini maliyyələşdiririk, yoxsa bizi təhdid edən müharibəni?”
O, həmçinin Siyasət Tədqiqatları İnstitutunun məlumatlarına istinad edərək bildirib ki, mümkün hərbi əməliyyatların dəyəri 4–5 həftə ərzində 40 milyard dollardan 210 milyard dollara qədər arta bilər və bu vəsait ABŞ vergi ödəyicilərinin hesabına qarşılanacaq.
19:20 06.03.2026
Oxunuş sayı: 610