Fransa və Azərbaycan İran böhranı fonunda strateji dialoqu bərpa edir
Fransa və Azərbaycan İran ətrafında gərginliyin artması fonunda strateji dialoqu yenidən aktivləşdirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Intelligence Online" nəşri məlumat yayıb.
Bildirilir ki, martın 3-də Fransanın xarici işlər naziri Jan-Noel Barro azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə telefon danışığı aparıb.
Məlumata görə, Paris İrandan fransız vətəndaşlarının təxliyəsinə göstərdiyi köməyə görə Bakıya təşəkkür edib.
Nəşrin yazdığına görə, bu danışıq həm də regional təhlükəsizlik və ikitərəfli münasibətlər üzrə daha geniş müzakirələrin yenidən başlaması üçün imkan yaradıb.
Qeyd olunub ki, İran ətrafında müharibə fonunda Azərbaycan yüksək hazırlıq vəziyyətindədir.
Mənbələrin məlumatına görə, münaqişənin ilk günlərində Bakı həm İsrailə, həm də İrana regionun daha geniş eskalasiyaya sürüklənməməsi barədə siqnal göndərib.
Nəşrin qiymətləndirməsinə görə, Azərbaycanın hərbi potensialı və Cənubi Qafqazdakı strateji mövqeyi də ölkə ətrafında vəziyyətin gərgin olsa da nisbətən sabit qalmasına təsir edən amillərdən biridir.
10:30 06.03.2026
Oxunuş sayı: 561