Mossad Tehranın kameralarına sızaraq Xameneini izləyib
İsrailin kəşfiyyat xidməti Mossad Tehranın CCTV müşahidə şəbəkəsinə müdaxilə edərək İranın Ali Lideri Ayətullah Əli Xamenei və onun ətrafını uzun illər izləyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İddialara əsasən, İsrail paytaxtdakı kameraların böyük hissəsinə çıxış əldə edib. Görüntülərin Təl-Əvivə və ölkənin cənub bölgələrinə ötürüldüyü, bununla da mühafizəçilərin ünvanları və iş qrafikləri barədə məlumat toplandığı bildirilir. Qeyd olunur ki, kameralardan biri Paster küçəsində yerləşən Ali Liderin iqamətgahı yaxınlığında mühafizəçilərin avtomobillərinin park yerlərini izləməyə imkan verib.
Nəşr yazır ki, bu əməliyyat Ayətullah Əli Xameneiyə qarşı həyata keçirilən sui-qəsdlə nəticələnən çoxillik kampaniyanın tərkib hissəsi olub. İsrail kəşfiyyatının nümayəndəsi Financial Times qəzetinə açıqlamasında “Biz Tehranı Qüds qədər tanıyırıq” deyə bildirib.
Məlumatda həmçinin vurğulanır ki, Central Intelligence Agency (MKİ) də prosesdə iştirak edib. Bildirilir ki, qurumun məlumatlandırıcısı və İsrailin süni intellekt alqoritmləri Xameneinin görüş yerinin müəyyən edilməsinə kömək edib. Onun olduğu məkan təsdiqləndikdən sonra İsrail və ABŞ-ın hərəkətə keçdiyi, Mossadın isə aylarla hazırlandığı planı icra etdiyi iddia olunur.
10:48 03.03.2026
Oxunuş sayı: 592