Son bir neçə gündə Azərbaycan üzərindən əlavə 150-dən çox tranzit uçuş olub
Yaxın Şərqdə tətbiq olunan müvəqqəti hava məkanı məhdudiyyətləri nəticəsində bir sıra qlobal aviadaşıyıcılar marşrutlarını yenidən planlaşdıraraq Azərbaycan üzərindən uçuş tezliyini yüksəldib.
Crossmedia.az xəbər verir ki, xüsusilə son bir neçə gün ərzində ölkə üzərindən əlavə 150-dən çox tranzit uçuş həyata keçirilib.
Hazırda Azərbaycan qlobal aviasiya sistemində əlverişli coğrafi mövqeyi ilə yanaşı, formalaşdırdığı müasir aeronaviqasiya infrastrukturu və idarəetmə potensialı ilə seçilir. Avropa – Asiya və Şimal – Cənub nəqliyyat axınlarının kəsişməsində yerləşən ölkə regional və qitələrarası uçuşlar üçün etibarlı hava körpüsü funksiyasını yerinə yetirir.
"Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Qlobal Hava Naviqasiya Planına (GANP), eləcə də regional və Avropa proqramlarına uyğun olaraq hava hərəkətinin təhlükəsiz və səmərəli təşkili, müasir Hava Hərəkətinin İdarə Edilməsi (ATM) texnologiyalarının tətbiqi və rəqəmsal transformasiya istiqamətində ardıcıl inkişaf strategiyası reallaşdırır.
Bu gün Azərbaycanın hava məkanından mütəmadi olaraq 200-dən artıq beynəlxalq aviadaşıyıcı müxtəlif istiqamətlər üzrə istifadə edir. 30-a yaxın aviadaşıyıcı uçuş marşrutlarını yenidən konfiqurasiya edərək Azərbaycan hava məkanına üstünlük verib. Onların sırasında "Aerologic", "Air Arabia", "Air Atlanta Europe", "Air Cairo", "Air France", "ASL Airlines Belgium", "Austrian Airlines", "British Airways", "DHL Air", "Edelweiss Air", "European Cargo", "FlyDubai", "GullivAir", "ITA Airways", KLM, "Polish Airlines", "Lufthansa", "Malaysia Airlines", "My Freighter", "Pegasus Airlines", "Qantas", "Singapore Airlines", "SriLankan Airlines", "Swiss International Air Lines", "TUI Airways", "Turkish Airlines", "Utair", "Uzbekistan Airways", "Vietnam Airlines" və "Virgin Atlantic" yer alır.
AZANS beynəlxalq standart və tövsiyələrə uyğun olaraq hava məkanının buraxıcılıq qabiliyyətinin artırılması, əməliyyat dayanıqlılığının gücləndirilməsi və artan trafik həcminin təhlükəsiz şəkildə qarşılanması istiqamətində fəaliyyətini davam etdirir. (Report)
17:21 02.03.2026
Oxunuş sayı: 613