“Azəristiliktəchizat” istiliyi niyə təmin edə bilmir? - Köhnə infrastruktur, zəif idarəetmə və nəticəsiz müraciətlər
Azərbaycan insanı üçün ev sadəcə divarlar və damdan ibarət deyil, ailənin qorunduğu, rahatlıq tapdığı ən müqəddəs məkandır. Ona görə də, xalq arasında evə “ocaq” deyilməsi dərin mənəvi məna daşıyır.
Lakin reallıq ondan ibarətdir ki, illərdir istilik sistemində mövcud olan problemlər bu ocaqların istiliyini əlindən alır və minlərlə ailə qış aylarında ciddi çətinliklərlə üzləşir. Mərkəzləşdirilmiş istilik şəbəkəsindən asılı olan köhnə yaşayış binalarında vəziyyət xüsusilə ağırdır.
Bu binalarda yaşayan insanların böyük hissəsi əlavə isitmə vasitələri quraşdırmaq üçün kifayət qədər maddi imkanlara malik deyil. Artan enerji xərcləri fonunda alternativ istilik üsullarından istifadə də hər kəs üçün əlçatan sayılmır.
Uzun müddətdir sakinlər tərəfindən edilən müraciətlərə, mediada qaldırılan məsələlərə baxmayaraq, istilik təminatında nəinki irəliləyiş hiss olunmur, hətta problem daha da gərginləşir. Problemin davamlı xarakter alması artıq sadə kommunal narahatlıq deyil, sosial rifaha təsir edən mühüm məsələyə çevrilib. Qışın sərt günlərində istiliksiz qalan mənzillər ən çox uşaqların, yaşlı insanların və həssas ailələrin həyat şəraitini ağırlaşdırır.
İnsanların elementar yaşayış tələbatının belə təmin olunmaması cəmiyyətdə haqlı narazılıq yaradır. Vətəndaş müraciətlərinin nəticəsiz qalması isə "Azəristiliy"ə olan aqressiyanı daha da artırır.
İstilik təminatı kimi əsas xidmətin davamlı şəkildə problemli qalması artıq təsadüfi hal deyil, "Azəristiliyin" idarəetməsindəki sistemli çatışmazlıqların göstəricisidir. Bu sahədə real dəyişikliklər edilmədiyi təqdirdə, insanların narazılığı qaçılmaz olaraq daha geniş miqyas alacaq.
1.Borular, radiatorlar və istilik şəbəkəsi sıradan çıxır;
2.Vətəndaşlar uzun müddət istiliksiz qalır;
3.Prioritetlər düzgün müəyyənləşdirilmir;
4.Qaydalar hələ də sovet dövründən qalmış tarixlərə və prosedurlara əsaslanır.
5.Effektiv islahatlar həyata keçirilmir.
Qeyd olunan nöqsanları Crossmedia.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib:

"Azəristiliktəchizat"ın fəaliyyəti bir sıra problemlərlə üzləşir. Qaydalara görə istilik noyabr ayının 15-də verilməyə başlayır, aprel ayının 15-də dayandırılır. Lakin bu tarix qlobal iqlim dəyişiklikləri nəzərə alınmadan müəyyənləşdirilib. Nəticədə bəzi hallarda vətəndaşlar hələ də soyuq havada istilikdən məhrum qalır.
Bundan başqa, infrastrukturun köhnəlməsi və texniki avadanlıqların vaxtında yenilənməməsi xidmət keyfiyyətinə mənfi təsir göstərir. Bir çox istilik şəbəkəsində sızıntılar və boruların sıradan çıxması problemləri yaranır ki, bu da həm enerji itkisinə, həm də istehlakçılara təsir edir. Bir çox köhnə binalar var ki, hazırda zirsəmisi istilik sistemindən sızan su səbəbi ilə gölə çevrilib.
Eyni zamanda, idarəetmədə çeviklik çatışmır, yəni fövqəladə soyuq hava şəraiti yarandıqda sürətli və operativ tədbirlər görülmür. Modern tələblərə uyğunlaşdırılmayan bu sistem vətəndaşların rahatlığını təmin etməkdə çətinlik çəkir və enerji səmərəliliyinə mənfi təsir göstərir".
A.Nəsirli əlavə edib ki, "Azəristiliktəchizat"ın problemləri həm qaydaların köhnəliyi, həm texniki infrastrukturun vəziyyəti, həm də idarəetmədə çevikliyin olmaması ilə bağlıdır: “Azəristilik” ASC-nin uzun illər istilik xidmətini tam təmin edə bilməməsinin bir neçə əsas səbəbi var. Birincisi, infrastrukturun çoxu köhnədir və uzun müddət yenilənmədiyi üçün borular, radiatorlar və istilik şəbəkəsi sıradan çıxır, bu da istilik itkisinə və xidmətin keyfiyyətsiz olmasına gətirib çıxarır.
İkincisi, idarəetmədə çeviklik və modern planlaşdırma çatışmır. Fövqəladə soyuq hava və ya texniki nasazlıq yarandıqda operativ tədbirlər görülmür, nəticədə vətəndaşlar uzun müddət istiliksiz qalır.
Üçüncüsü, qaydalar hələ də Sovet dövründən qalmış tarixlərə və prosedurlara əsaslanır, bu da müasir iqlim şəraitində uyğunlaşmanı çətinləşdirir.
Dördüncüsü, büdcə və investisiya çatışmazlığıdır. Sosial baxımdan həssas binalarda təmir və yeniləmə işləri üçün kifayət qədər vəsait ayrılmır, prioritetlər düzgün müəyyənləşdirilmir.
Bu səbəblərdən, sosial şəbəkələrdə və mediada səsləndirilən narazılıqlara baxmayaraq, istilik problemləri sistemli şəkildə həll olunmur və effektiv islahatlar həyata keçirilmir. Sistemi müasir tələblərə uyğunlaşdırmaq üçün həm texniki yenilənmələr, həm idarəetmədə çeviklik, həm də qayda və büdcə mexanizmlərində ciddi dəyişikliklər tələb olunur.
Əgər səmərəli istilik sistemi qurulsa hazırda fərdi qaydada qızdırılan mənzillər də kollektiv şəkildə bu şəbəkəyə qoşular. Hazırda ölkə ərazisində mənzillərin yalnız 15-20%-i "Azəristiliktəchizat" tərəfindən qızdırılır. Xidmət normal olsa onların müştəri şəbəkəsi də genişlənər ki, bu da mənfəətin artmasına səbəb olur".
"Azəristiliktəchizat"ın fəaliyyətində yaranan çatışmazlıqlar əhalinin narahatlığını, narazılığını daha da artırıb. Qurum nümayəndələrinin və rəhbərliyinin yarıtmaz fəaliyyəti problemi get-gedə daha da artırır. Prezident İlham Əliyevin qış aylarında əhaliyə yüksək səviyyəli xidmətin göstərilməsi ilə bağlı tapşırıq və tövsiyyələrinə əməl etməyən "Azəristiliktəchizat"ın təmsilçilərinin öz işlərində dönüş etmələri lazımdır. Əks təqdirdə bu addımlar əhalinin narazılığını daha artırıb, yeni bir sosial gərginliyə səbəb olacaqdır.
Mövzunu diqqətdə saxlamağa davam edəcəyik...
Fatimə Məmmədova
15:59 02.03.2026
Oxunuş sayı: 878