Od və siyasət: İsrail–İran qarşıdurmasının pərdəarxası
Yaxın Şərqdə uzun illər davam edən gərgin münasibətlər yeni, ciddi eskalasiyaya doğru irəlilədi. Bu gün səhər saatlarında İsrail silahlı qüvvələri İranın paytaxtı Tehrana geniş miqyaslı hücumlar həyata keçirdiyini elan etdi.
Mətbuatın verdiyi məlumatlara görə, İsrail və ABŞ-ın birgə iştirakı ilə təxminən otuzdan çox hərbi və strateji hədəf raket və hava zərbələri ilə vurulub; Tehranın mərkəzində partlayış səsləri eşidilib və şəhər səmalarında tüstü müşahidə olunub.
İsrail müdafiə naziri İsrael Kats bu əməliyyatları “dövlətə qarşı potensial təhlükələri aradan qaldırmaq üçün qabaqlayıcı addım” kimi xarakterizə edib. Eyni zamanda, İsrail hökuməti ölkə daxilində fövqəladə vəziyyət elan edib və bütün hava məkanını mülki uçuşlara bağlayıb.
Sirenlər həm İsraildə, həm də İran ətrafında eşidilib və vətəndaşlar sığınacaqlara getməyə çağırılıb. Bu hücumlar, İranın nüvə proqramı, ballistik raket potensialı və regional təsir dairəsi ilə bağlı uzunmüddətli münaqişənin yeni dönəmi kimi qiymətləndirilir.
Bu gərginlik təkcə iki ölkə ilə məhdudlaşmır, münasibətlərin tarixi kökləri daha geniş və mürəkkəbdir.
İsrail və İran arasındakı qarşıdurma artıq illərdir ki, Yaxın Şərqdə ciddi təsir göstərir və bir neçə dəfə silahlı qarşılıqlı zərbələrə, raket atəşlərinə və diplomatik böhranlara səbəb olub.
İranın nüvə proqramı və İsrailin təhlükəsizlik prioritələri, ABŞ və digər beynəlxalq güclərin bu proseslərə əlaqəsi regionda münaqişənin dinamikasını daha da mürəkkəbləşdirir.
Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert, politoloq Əlimusa İbrahimov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

- İsrail ilə İran arasında hərbi eskalasiyanın hazırkı mərhələsi Sizcə lokal qarşıdurma çərçivəsində qalacaq, yoxsa regionu əhatə edən genişmiqyaslı müharibəyə transformasiya riski var?
- Hazırda müşahidə olunan hadisələr göstərir ki, İranın hücuma məruz qalması və İsraillə ABŞ-ın birgə hərbi addımları yaxın Şərqdə ciddi dəyişiklər yarada bilər. Əsas olaraq, bu proses enerji bazarına birbaşa təsir edəcək və qısa müddətli enerji qiymətlərinin kəskin yüksəlməsi ilə nəticələnə bilər. Məlumdur ki, Hörmüz boğazı kimi strateji enerji dəhlizlərinin bağlanması, xüsusilə bomba nəticəsində, bir ildən üç ilə qədər enerji məhsullarının qiymətlərinin qalxmasına səbəb ola bilər.
ABŞ öz digər regionlardakı neft ehtiyatları və strateji imkanları vasitəsilə bu azalmanı müəyyən qədər kompensasiya edə bilər. Lakin istənilən halda müharibənin baş verməsi enerji yollarının kəsilməsinə və qiymətlərin artmasına yol aça bilər. ABŞ həm öz maraqlarını qorumaq, həm də dünya bazarını minimal sarsıntı ilə idarə etmək üçün həm müharibəni qısa müddətdə aparmağa, həm də bazarı enerji məhsulları ilə təmin etməyə çalışacaq.
Bu baxımdan, eskalasiyanın lokal qalması ilə genişmiqyaslı müharibəyə çevrilmə riski mövcuddur, amma ABŞ və digər aktorların müdaxiləsi qısa müddətli, strateji balanslı hərəkətləri prioritetləşdirəcək.
- Mövcud hücumların arxasında hansı geosiyasi və strateji motivlər dayanır? Bu prosesdə böyük güclərin – xüsusilə ABŞ, Rusiya və Türkiyə – mümkün mövqeləri və maraqları necə qiymətləndirilə bilər?
- İsrail–İran qarşıdurmasının arxasında əsas motiv İranın regional təsirinin zəiflədilməsi və onun strateji mövqeyinin məhdudlaşdırılmasıdır. İsrail və ABƏ bu mübarizədə əsas maraqlı tərəflərdir və məqsəd İranın regional oyunçu kimi gücünü minimuma endirməkdir. Bu kontekstdə İran zəiflədikdən sonra İsrail regionda strateji üstünlük qazanacaq.
Digər tərəfdən, Rusiya və Türkiyə bu prosesdə müharibənin baş verməsini istəmir. Onlar regiondakı mövqelərini qorumaq və potensial boşluğu doldurmaq üçün hazır olmalıdırlar. İranın zəifləməsi onların maraqlarına uyğun olmaya bilər, çünki regionda güc balansı dəyişəcək. ABŞ burada həm müharibəni idarə etmək, həm də enerji bazarına təsiri minimal saxlamaq istəyir.
Beləliklə, proses böyük geosiyasi və strateji maraqlarla bağlıdır: ABŞ enerji və bazar stabilliyini qorumağa çalışır, İsrail İranı zəiflətməklə strateji üstünlük əldə etməyə can atır, Rusiya və Türkiyə isə regiondakı güc balansını qorumaq istiqamətində ehtiyatlı siyasət yürüdürlər.
- İsrail–İran qarşıdurmasının enerji bazarlarına və Yaxın Şərq təhlükəsizlik arxitekturasına təsiri nə dərəcədə ciddi ola bilər? Xüsusilə, neft və qaz marşrutlarının təhlükəsizliyi baxımından hansı risklər ön plana çıxır?
- Qarşıdurmanın enerji bazarlarına təsiri çox ciddi olacaq. Hörmüz boğazı kimi əsas enerji dəhlizlərinin bağlanması qiymətlərin bir ildən üç ilə qədər kəskin artmasına səbəb ola bilər. Bu da qlobal neft və qaz bazarlarında qeyri-sabitliyi artıracaq.
ABŞ digər regionlarda mövcud enerji ehtiyatları ilə bu təsiri müəyyən qədər yüngülləşdirə bilər, lakin istənilən halda, enerji yollarının təhlükəsizliyi ciddi risk altındadır. Bazarda qiymət artımı həm iqtisadi, həm də geosiyasi gərginliyi artıracaq. Bu baxımdan Yaxın Şərqdəki təhlükəsizlik arxitekturasında ciddi dəyişikliklər gözlənilir. ABŞ müdaxiləsini qısa müddətdə və bazarı enerji məhsulları ilə təmin edərək qiymətlərin çox yüksəlməməsi üçün çalışır.
- Bu eskalasiya fonunda Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycan üçün hansı siyasi və təhlükəsizlik çağırışları yarana bilər? Bakı balanslaşdırılmış xarici siyasət kursunu necə qoruya bilər?
- İranın müharibəyə məruz qalması Cənubi Qafqaz üçün ciddi çağırışlar yaradır. Azərbaycan İranla qonşudur və iqtisadi, siyasi, mədəni əlaqələr mövcuddur. Həmçinin İranda 35 milyondan çox azərbaycanlı yaşayır ki, müharibə zamanı regiona qaçqın axını baş verə bilər. Bu isə ölkənin iqtisadi və sosial stabilliyinə təsir göstərə bilər.
Azərbaycan bu təsirləri minimuma endirmək üçün yardımlar təşkil edə bilər, sərhədlərini və hava məkanını möhkəmləndirə bilər. Eyni zamanda, müharibə bitdikdən sonra yeni yaranan İranla münasibətləri düzgün və balanslı qurmaq zəruridir. Bu baxımdan Bakı balanslaşdırılmış xarici siyasət kursunu qorumaq üçün ehtiyatlı davranmalı, həm regional, həm də qlobal aktorlarla əlaqələrini strateji şəkildə yönləndirməlidir.
Elmir Heydərli
13:59 28.02.2026
Oxunuş sayı: 1490