Müasir kitabxanaşünaslıqda süni intellekt və elektron kitabxanaşünaslıq modeli
Cəmiyyətin inkişaf dinamikası onun subyektlərinin innovativ səviyyəsindən çox aslıdır. Cəmiyyətin sosial təsisatları bu və ya digər dərəcədə əhalinin müxtəlif təbəqələrinin intellektual səviyyəsinin yüksəlməsinə xidmət edir. Sosial təsisatlar sırasında olan kitabxanalar bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. 2040-cı ilədək olan bir mərhələni əhatə edən Yeni Mədəniyyət Konsepsiyasında müasir kitabxanaların kitabxana-informasiya fəaliyyətinin modernləşdirilməsi problemi nəzərdə tutulur. Kitabxana-informasiya fəaliyyəti üçün gələcəyə çağırış modeli olan bu prisip eyni zamanda dövlətin kitabxana siyasətinin əsas müddəası kimi təzahür edir. Kitabxanaların maliyyələşdirilməsi və idarə edilməsi, mütəxəssis kadrlarla təminatı, yeni xidmət metodlarının tətbiqi kitabxana-informasiya xidmətində sənəd-informasiya dövriyyəsinin innovasiyalarla təmin edilməsinə stimul yaradır. Beləliklə, kitabxana-informasiya fəaliyyəti ənənələrə söykənərək müasir çağırışlara cavab verən yeni iş sisteminə yiyələnir. Kitabxana-informasiya fəaliyyətində dinamik iş sisteminin formalaşmasında mütəxəssis kadr potensialı, maliyyələşdirmə və idarə etmə prinsipləri xüsusi aktuallıq kəsb edir. Respublikada kifayət qədər ali təhsilli kitabxana-informasiya kadrları hazırlayan ali və orta ixtisas təhsili müəssisələri fəaliyyət göstərir. Kifayət qədər fəlsəfə doktoru, magistrant, bakalavr, səviyyəli kitabxana-informasiya mütəxəssisləri mövcuddur. Bu kadrların kitabxana-informasiya müəssisələrində yerləşdirilməsi müasir kitabxanaların ənənəyə söykənən yeni texnoloji modelə yüklənməsinə tam cavab verə bilər. Müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi kitabxana-informasiya fəaliyyətinin elektron kitabxanaşünaslıq modelinə daha çox stimul yaradır.
Müasir informasiyalaşdırılmış cəmiyyətdə sənəd-informasiya təbliğinin ənənəvi və texnoloji modeli kitabxana-informasiya müəssisələrində uğurla həyata keçirilir. Kitabxanalarda ənənəvi sənəd-informasiya təbliğinin elmi nəzəri məsələləri kitabxanaşünaslıqla bağlıdır. Lakin, sənəd-informasiya təbliğinin texnoloji modeli informatika və riyazi modellərə əsaslansa da onun elmi-nəzəri məsələləri elektron kitabxanaşünaslığa aiddir. Beləliklə, kitabxana-informasiya fəaliyyətində ənənəvi kitabxanaşünaslıq və elektron kitabxanaşünaslıq özünü təzahür etdirir. Bu, həmçinin beynəlxalq təcrübədə də belədir.
Elektron kitabxanaşünaslıq istilahı XX əsrin axırları və XXI əsrin əvvəllərində ilk dəfə ABŞ-da, daha sonra isə Qərbi Avropa ölkələri mətbuatında işlənməyə başlandı. Elektron kitabxanaşünaslıq istilahı ilk dəfə işlədənlərdən biri ABŞ-ın Havay Universitetinin İnformasiya və kompüter elmləri fakültəsinin kitabxanaçılıq-informasiya elmləri üzrə professor köməkçisi Piter Djasko tərəfindən hələ 2000-ci illərdə irəli sürülmüşdür. Piter Djaksoya görə elektron və yaxud rəqəmsal kitabxanaşünaslıq ənənəvi kitabxanaşünasığın bir çox formalarından biridir və onun üç tərkib hissəsi vardır: 1) Jurnalların rəqəmsal fondu, konfransların məlumat kitablarının, almanaxların, ensiklopediyaların, lüğətlərin, hazır informasiya nəşrlərinin və məlumat bazaları toplusu. 2) Ən yaxşı formalaşmış məlumat aparatı və ən yaxşı veb kataloqu və onlardan istifadə mexanizmi. 3) Elektron resursları yaradan yüksək ixtisaslı kitabxana-informasiya mütəxəssisləri. Belə mütəxəssislər dövrlə, zamanla ayaqlaşmağı bacaran, həm ənənəvi kitab və dövrü mətbuatla, həm də elektron nəşrlərlə, elektron kitablarla, vasitələrlə işləyə bilən ənənəvi kitabxanaçılıqla elektron kitabxanaçılığı yaradıcı surətdə əlaqələndirə bilən kitabxanaçı-informatiklər olmalıdır.
Piter Djaksonun elektron kitabxanaşünaslığın tərkib hissəsi kimi göstərdiyi üç əlamət demək olar ki, müasir elmi və xüsusi kitabxanaların əksəriyyətində yaradılmış və oxucuların istifadəsinə verilmişdir. Hazırki şəraitdə əsas vəzifə elektron vasitələrlə aparılan kitabxana işini daha da təkmilləşdirmək, nəzəri cəhətdən əsaslandırıb elmi anlayışlar yaratmaqdır.
Elektron kitabxanaların yaradılması və fəaliyyəti ilə bağlı elmi-nəzəri və təcrübi məsələlərlə yanaşı belə kitabxanaların yaradılmasının təşkilati məsələlərini də həll etmək lazım gəlir. Çünki bu mühüm problemi həll etmədən istiqamətverici fikirləri formalaşdırmadan problemin həllinə aydınlıq gətirmək mümkün olmayacaq. Bu mühüm problemi həll etmək üçün hər şeydən əvvəl müəyyən etmək lazımdır ki, elektron kitabxanalar müstəqil müəssisə olmalıdır, yoxsa ənənəvi kitabxanaların yanında təşkil edilməli, onların strukturuna daxil edilməlidir.
Bu məsələyə münasibət birmənalı deyil. Bir qrup mütəxəssislər, əsasən informatiklər belə müəssisələrin, yəni elektron kitabxanaların müstəqil fəaliyyət göstərməsinə üstünlük verirlər. Doğrudur, onların sayı çox azdır. Həm də zaman keçdikcə onların sayı daha da azalır. İkincilər isə az da olsa informatiklər, ənənəvi kitabxanaçılar, elm və təhsil sahəsində çalışan mütəxəssislər və demək olar ki, bütün oxuculardır. İkinci qrup insanlar elektron kitabxanaların müstəqil olmasının oxuculara xidmət işinin təşkilini çətinləşdirdiyini, oxuculara ayrı-ayrı kitabxana müəssisələrindən istifadə etmək məcburiyyətində qalacağını, vahid, bütöv kitabxana xidmətindən məhrum olacaqlarını ön plana çəkirlər.
Həmçinin müstəqil elektron kitabxanaların yaradılması dövlət təşkilatlarının və ayrı-ayrı idarə və müəssisələri böyük maddi çətinliklər qarşısında qoyduğunu, əlavə maliyyə vəsaitlərinə ehtiyac yaranmasını və bu vəsaitlərin asanlıqla əldə edilə bilməməsini əsas müddəa kimi irəli sürür. Doğrudur, dünyanın super dövlətlərindən bəzilərində “elektron kitabxanalar” təşkil edilmişdir. Ancaq elektron kitabxanaların fəaliyyəti və təcrübələri istənilən nəticəni vermədiyindən, oxuculara kitabxana-informasiya xidmətinin səmərəli, keyfiyyətli təşkili haqqında nə oxucular, nə də ki kitabxanaların təşkilatçıları hələlik elə də ciddi optimal fikir söyləməkdən çəkinirlər. Belə olduğu tərzdə çoxsaylı oxucuların, görkəmli alimlərin, ziyalıların və yüksək ixtisaslı peşəkar kitabxanaçıların belə bir qənaəti ilə razılaşmaq yerinə düşər ki, ənənəvi kitabxanalarla, elektron kitabxanaların vahid, bütöv bir kitabxana müəssisəsində birləşməsi müasir oxuculara kitabxana informasiya xidmətinin təşkilində böyük bir töhfə ola bilər. Təcrübə göstərir ki, ənənəvi mədəniyyət və elektron mədəniyyət arasında heç bir münaqişə yoxdur. Elektron mədəniyyət ənənəvi mədəniyyətin davamıdır, onun inkişaf etmiş, daha da təkmilləşmiş, insan intellektinə səmərəli xidmət edən sahəsidir. Elektron kitabxana ənənəvi kitabxananın gələcəyə gediş körpüsüdür, bu körpü nə qədər elmi əsaslara söykənərsə əsil kommunikasiya sisteminə çevrilə bilər.
Məlumdur ki, kitabxana-informasiya fəaliyyətində sual-cavab rejimi sənəd dövriyyəsinin əsas meyarlarından biri sayılır. Çünki kitabxanalarda sənəd-informasiya axınının məqsədəuyğun istiqaməti sənəd dövriyyəsinin əsas atributlarından biridir. Hazırda kitabxanalarda süni intellektin rol və əhəmiyyəti sənəd-informasiya fondlarından informasiya axtarşının təminatını operativləşdirir. Təbii ki, süni intellekt imkanlarının yaradılması üçün əsas motivasiyalardan ən vacibi verilənlər bazasının mövcudluğudur. Verilənlər bazasının zənginliyi süni intellektin iş prisipinin səmərəlilik meyarına təsir edən əsas amil olaraq xarakterizə olunur. Hazırda respublikanın akademik kitabxanalarında: Milli Kitabxana, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası, BDU-nun Elmi Kitabxanası, ADA Universitetinin kitabxanası, Xəzər Universitetinin Elmi Kitabxanası və digərlərində süni intellektin tətbiqi istiqamətində davamlı işlər aparılır və bu istiqamətdə xeyli nailiyyətlər əldə olunur.
Bakı Dövlət Universitetinin Elmi Kitabxanası EBSCO Host şirkətinin uzunmüddətli və önəmli tərəfdaşıdır. Buna görə də şirkət universitetin tədqiqatlarına və oxucularına “EBSCO-da süni intellekt” (“EBSCO AI İnsights”) sistemindən istifadə imkanı yaradıb. Bu sistem BDU-da fəaliyyət göstərən Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna (Az.KİK) üzv olan, ölkənin EBSCO məlumat bazası və “EBSCO Discovery Service”dən istifadə hüququ qazanan 15 ali təhsil müəssisəsinin tədqiqatçı və istifadəçiləri üçün də əlçatan və təkmilləşdirilmiş sistemdir. EBSCO süni intellekt imkanlarını kitabxanalara transformasiya edərək, tədqiqat prosesini dəyişdirməyi və məqalələri nəzərdən keçirməyə sərf olunan vaxtı azaltmağı nəzərdə tutur.
Kitabxana-informasiya fəaliyyətinin sənəd dövriyyəsində sənəd-informasiya fondlarının səmərəli istifadəsi üçün süni intellekt problemlərinin işlənməsi ən perspektiv istiqamətdir. Belə ki, bizim kitabxanalar oxşar, yaxın, və eyni zamanda yeni bilikləri əks etdirən sənəd-informasiya fondlarına malikdir. Sənəd-informasiya fondlarında müəyyən ideyanı, faktı, proses və hadisəni, predmeti əks etdirən yüzlərlə müxtəlif sənədlər vardır. Onları müəyyən modellər və metodlar əsasında strukturlaşdırmaq, sistemləşdirmək və rasional bilikləri mühafizə edən bilik kitabxanalarına çevirmək sadə problem olmasa da həlli vacib problemdir.
Problemin mürəkkəbliyi bir də onunla bağlıdır ki, müasir kitabxanaların sənəd-informasiya fondları minlərlə elm, texnika və mədəniyyət sahələrinə dair müxtəlif növ sənədləri mühafizə edirlər. Həmin sənədlərin xarakteri biliklərin formalaşdırılması imkanları və təsvir vasitələri müxtəlifdir. Buna görə də müasir kitabxanalara süni intellekt modelinin yaradılması mürəkkəb və vacib problemdir. Bu model təkcə kitabxananın fəaliyyəti ilə məhdudlaşmır.
Müasir kitabxanalar üçün süni intellekt modelinin işlənməsi sahə mütəxəssislərinin vəzifəsidir. Kitabxana-informasiya fəaliyyəti üçün xüsusilə sual-cavab rejiminin operativliyi və obyektivliyi məqsədilə süni intellekt modeli vacibdir. Çünki burada yüksək, orta və zəif bilik səviyyələrinə malik olan mütəxəssis qrupları, tədris qrupları vardır. Kitabxanaların sənəd informasiya fondlarında biliklər əsasən təsviri formada olduğundan onların süni intellekt üçün modelləşdirilməsi və strukturlaşdırılması mürəkkəbliyi qədər də əhəmiyyətli və aktualdır. Eyni zamanda müasir və gələcək çağırışlara tam adekvatdır.
Ümumiyyətlə süni intellekt modelin işlənməsi ənənəvi informasiya proseslərinin avtomatlaşdırılması sahəsində xeyli təcrübə toplamış təşkilatlarda xeyli asandır. Yeni kitabxana informasiya texnologiyaları sahəsində dünyada mövcud olan təcrübələrə əsaslanaraq kitabxanalarda süni intellekt modelinin göstərilən predmet sahələrini ilk növbədə ayırmaq olur: sənəd informasiya axtarışı, kataloqlaşdırma, kitabxana informasiya fəaliyyətinin avtomatlaşdırılması, sənədlərin analitik-sintetik işlənməsi, maliyyələşdirmə və idarəetmə.
Cəmiyyətin bütün fəaliyyət sahələrində modelləşdirmə prinsiplərini özündə ehtiva edən süni intellekt axtarış sistemləri kontekstində daha da motivasiyalarla əhatə sahələrini genişləndirir. Sənəd informasiya dövriyyəsinin əsas sosial təsisatlarından olan kitabxanalar müasir və gələcək çağırışlara cavab verəcək qabaqcıl iş təcrübələrinə yiyələnməlidir. Yeni mədəniyyət konsepsiyasında müasir kitabxanalar idarəetmə, xidmət, maliyyələşdirmə, mütəxəssis kadrlarla təmin olunma prinsiplərinə nail olmaqla nəzərdə tutulan 2040-cı ilədək mərhələli formada öz fəaliyyətini innovasiyalarla təmin etməlidir. Kitabxanalarda sənəd informasiya dövriyyəsinin aktuallığını təmin edən sual-cavab rejimində modelləşdirilmə süni intellekt sistemlərinin daxili predmeti olaraq müasir kitabxanaların dinamik fəaliyyətinin səmərəlilik meyarına stimul verəcək.

Elçin Əhmədov
Bakı Dövlət Universitetinin İnformasiya və Sənəd Menecmentu fakültəsinin Kitabxanaşünaslıq kafedrasının müdiri,
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
14:14 11.06.2026
Oxunuş sayı: 137