İlham Əliyevin Avropa Parlamentinə mesajı: Bakı ilə Brüssel arasında nə dəyişir?
Azərbaycanla Avropa institutları arasında münasibətlər, xüsusilə Qarabağ münaqişəsi və 2023-cü ildən sonrakı siyasi proseslər fonunda ziddiyyətli olaraq qalır. Prezident İlham Əliyev də sentyabrın 15-də Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə Avropa Parlamentinin Azərbaycana münasibətini tənqid edib və qurumun Ermənistan-Azərbaycan münaqişəsi dövründəki mövqeyini ikili standartlarla əlaqələndirib.
Dövlət başçısı çıxışında həmçinin Avropa Parlamentində korrupsiya ilə bağlı əvvəlki araşdırmalara, o cümlədən “Qatargate” işi çərçivəsində Avropa Parlamentinin keçmiş vitse-prezidenti Eva Kailinin saxlanılmasına və parlamentdəki digər şəxslərlə bağlı istintaqa istinad edib. Avropa Parlamentinin öz sənədlərində də həmin araşdırma zamanı parlament üzvləri və keçmiş üzvləri arasında korrupsiya və xarici təsir iddiaları ilə bağlı həbslərin və axtarışların aparıldığı qeyd olunub.
Crossmedia.az-a açıqlamasında Azərbaycan-Avropa münasibətlərində siyasi fikir ayrılıqları ilə yanaşı, enerji, nəqliyyat və regional təhlükəsizlik kimi sahələrdə qarşılıqlı maraqların mövcud olduğunu bildirən Milli Məclisin deputatı Elnarə Akımova Prezident İlham Əliyevin Avropa Parlamentinə ünvanladığı fikirləri şərh edib:
“Prezident İlham Əliyevin Avropa Parlamentinin ünvanına səsləndirdiyi sərt fikirlər Azərbaycan-Avropa münasibətlərində son illər yığılan siyasi fikir ayrılıqlarının açıq ifadəsidir. Azərbaycanın narazılığının əsas səbəblərindən biri Avropa Parlamentinin Qarabağ məsələsinə və postmünaqişə dövründə regionda yaranmış yeni reallıqlara yanaşmasıdır. Dövlət başçısının fikrincə, bundan sonra Azərbaycana qarşı əvvəlki münaqişə reallığı üzərindən siyasi münasibət göstərilməsi qəbuledilməzdir”.
Elnarə Akımova Avropa Parlamentinin mövqeyi ilə Avropa İttifaqının digər institutları arasında fərqlərin olduğunu vurğulayıb: “Avropa Parlamentində Azərbaycanla bağlı sərt siyasi mövqelər səslənsə də, Avropa İttifaqının digər institutları ilə Bakı arasında dialoq davam edir. Bu, mühüm siyasi reallıqdır. Deməli, Azərbaycan Avropadan üz döndərmir, Avropa ilə əməkdaşlıqdan imtina etmir. Əksinə, Azərbaycanın mesajı ondan ibarətdir ki, əməkdaşlıq qarşılıqlı hörmət, bərabərlik və obyektiv yanaşma üzərində qurulmalıdır”.
Deputatın sözlərinə görə, enerji əməkdaşlığı, Orta Dəhliz, rəqəmsal bağlantılar, investisiya, yaşıl enerji və regional təhlükəsizlik Azərbaycan və Avropa arasında qarşılıqlı maraqların olduğu əsas istiqamətlərdəndir. “Azərbaycan enerji təhlükəsizliyindən tutmuş nəqliyyat bağlantılarına, yaşıl enerjidən regional təhlükəsizliyə qədər Avropanın maraqları baxımından da mühüm tərəfdaş olduğunu nümayiş etdirir. Ona görə də münasibətlərin gələcəyini yalnız siyasi bəyanatlarla ölçmək doğru olmaz. Dövlətlər arasında fikir ayrılıqları ola bilər, lakin strateji maraqlar da qalır. Azərbaycanla Avropa arasında məhz belə mürəkkəb, çoxşaxəli münasibət modeli formalaşıb”.
Elnarə Akımova hesab edir ki, gələcək mərhələdə tərəflər siyasi fikir ayrılıqlarına baxmayaraq qarşılıqlı maraqları qorumağa çalışmalıdır: “Azərbaycan üçün əsas məsələ Avropa ilə fikir ayrılıqlarının mövcudluğunu inkar etmək deyil, onları idarə etməkdir. Eyni zamanda Avropa institutları da Cənubi Qafqazda yaranmış yeni siyasi reallığı nəzərə almalı, Azərbaycanla münasibətlərə əvvəlki münaqişə çərçivəsindən deyil, yeni regional reallıqlar prizmasından yanaşmalıdır. Azərbaycan isə öz növbəsində Avropa ilə münasibətlərdə həm prinsipial, həm də praqmatik siyasət aparmaq niyyətindədir. Prinsipiallıq Azərbaycanın suverenliyi və milli maraqları məsələsində güzəştsiz mövqedə dayanmaq, praqmatizm isə qarşılıqlı fayda doğuran sahələrdə əməkdaşlıq imkanlarını qorumaqdır”.
Nigar Xəlilli
20:15 16.09.2026
Oxunuş sayı: 65