İsrailə qarşı sanksiyalar məsələsində Aİ daxilində vahid mövqe yoxdur - RƏY
Avropa İttifaqının (Aİ) İsrailə münasibətdə mövqeyi son dövrlər beynəlxalq müzakirələrin əsas mövzularından birinə çevrilib. Xüsusilə insan hüquqları, beynəlxalq hüquq və demokratiya prinsiplərinin tətbiqi məsələsində Aİ-nin fərqli regionlara və münaqişələrə müxtəlif yanaşma sərgilədiyi barədə fikirlər səsləndirilir. Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın İsrailə qarşı genişmiqyaslı sanksiyaların tətbiq edilməməsini üzv ölkələr arasında yekdil mövqenin olmaması ilə izah etməsi də bu müzakirələri yenidən aktuallaşdırıb.
Bu fonda belə bir sual ortaya çıxır: Aİ beynəlxalq münasibətlərdə dəyərlər, demokratiya və insan hüquqları məsələsində prinsipial mövqe nümayiş etdirdiyini bəyan etdiyi halda, İsrail məsələsində niyə daha ehtiyatlı və məhdud yanaşma sərgiləyir? Bu, siyasi reallıqlardan, daxili qərarvermə mexanizmlərindən, yoxsa beynəlxalq maraqlar balansından irəli gəlir?

Mövzu ilə bağlı politoloq Aydın Quliyev Crossmedia.az-a açıqlama verib: “Ümumiyyətlə, Aİ-nin ikili standartlarla bağlı tənqid olunmasına səbəb olan çoxsaylı faktlar mövcuddur. Bu yanaşma əvvəllər də müxtəlif məsələlərdə özünü göstərib — istər Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana və Ermənistana münasibətdə, istər müxtəlif ölkələrin Aİ-yə üzvlük məsələsində, istərsə də ayrı-ayrı dövlətlərdə baş verən daxili proseslərə münasibətdə. Lakin xüsusilə 2023-cü ildən etibarən İsrailin Qəzza və ümumilikdə Fələstin istiqamətində həyata keçirdiyi siyasətə münasibətdə Aİ-nin mövqeyi ayrıca diqqət çəkir. Ümumi mənzərəyə baxdıqda görünür ki, Aİ müəyyən məsələlərdə İsrailin siyasətinə tənqidi yanaşma nümayiş etdirir və onun addımlarını birmənalı şəkildə dəstəkləmir. Məsələn, son dövrlərdə İsrailin bəzi nazirlərinin radikal və sərt bəyanatlarına cavab olaraq onlara qarşı sanksiya tətbiqi ilə bağlı təşəbbüslər irəli sürülüb. Eyni zamanda, İsrailin baş naziri Benyamin Netanyahu ilə bağlı müəyyən beynəlxalq hüquqi müstəvidə qəbul edilən qərarlara Avropa tərəfindən açıq etiraz da müşahidə olunmayıb”.
Politoloqun fikrincə, təkcə onu qeyd etmək kifayətdir ki, Netanyahu ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin qərarı gündəmə gələndə ABŞ Prezidenti Donald Tramp buna açıq şəkildə etiraz etmişdi və sonradan Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan da təzyiqlərlə üzləşmişdi: “Bu fonda Avropa müəyyən məsələlərdə daha prinsipial mövqe nümayiş etdirməyə çalışır. Ancaq İsrailə qarşı ümumi sanksiyaların tətbiqi və İsraillə ticarət razılaşmalarının dayandırılması məsələsində Aİ-nin öz daxili prosedur məhdudiyyətləri mövcuddur. Birliyin qərar qəbul etmə mexanizmlərində bəzi məsələlər üzrə üzv dövlətlərin yekdil razılığı tələb olunur və bu da prosesə ciddi təsir göstərir. Əvvəllər Macarıstanın keçmiş baş naziri Viktor Orban hakimiyyətdə olduğu dövrdə Rusiyaya qarşı bəzi sanksiyaların qəbulunu bloklayırdı. Eyni zamanda, Ukraynaya maliyyə dəstəyi və onun Aİ-yə inteqrasiyası ilə bağlı qərarlar da müəyyən üzv ölkələrin etirazı ilə qarşılaşırdı. Hazırda da İsrailə qarşı sanksiyaların tətbiqi məsələsində Aİ daxilində vahid mövqenin olmaması ciddi problemlərdən biri hesab olunur. Ehtimal etmək olar ki, zaman keçdikcə Aİ bu uyğunsuzluğu aradan qaldırmağa və daxili prosedurların qərarların qəbuluna təsirini azaltmağa çalışacaq. Bu baxımdan düşünmək olar ki, Aİ hələlik daha balanslı və ardıcıl mövqe tutmağa çalışır. Əgər prosedur maneələri olmasa, İsrailə qarşı daha sərt qərarların və sanksiyaların tətbiqi ehtimalı arta bilər. Çünki İsrailin hazırkı siyasəti təkcə Aİ-nin regionla bağlı maraqları və yanaşmaları ilə deyil, həm də ərəb və islam dünyasında Avropaya münasibətlə bağlı müəyyən risklər yaradır. Əgər Avropa Fələstin məsələsində tam səssiz qalsa, bu, onun Yaxın Şərq regionundakı nüfuzuna da təsir göstərə bilər. Məhz buna görə Aİ uzun müddətdir Fələstin dövlətinin yaradılması ideyasını dəstəkləyən mövqe nümayiş etdirir və Fələstin xalqının müstəqil dövlət qurmaq hüququnu tanıyır. Bu isə belə bir nəticəyə gəlməyə əsas verir ki, əgər daxili prosedur qaydaları və siyasi fikir ayrılıqları mane olmasa, gələcəkdə Avropa İsrailə qarşı daha sərt sanksiya siyasətinə keçməsi ehtimalı istisna edilmir”.
Ayhan
12:29 11.06.2026
Oxunuş sayı: 53