Bir kadrla ölçülməyən ömür: Alimə hörmət haradadır?
Ötən gün AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə rəhbərləri və müxtəlif dövlət qurumlarının rəsmilərinin iştirak etdiyi toplantıda illik hesabatlar təqdim olunub, ötən ilin elmi nəticələri və qarşıda duran vəzifələr müzakirə edilib.
Belə ki, toplantıda alimlərin yatması ilə bağlı yayılan fotolar sosial mediada tənqid mövzusuna çevrilib. Bəzi jurnalistlərin iclas zamanı alimlərin yuxuya getdiyi anları çəkərək onları istehzalı şəkildə təqdim etməsi geniş etiraz doğurub.
Lakin elmi mühitdə iştirakçıların bu cür qeydə alınması və məsxərəyə çevrilməsi doğru deyil və etik prinsiplərə ziddir. Belə halların diqqəti elmi müzakirələrdən yayındırdığı vurğulanır.
AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev Crossmedia.az-a mövzu ilə bağlı münasibətini bildirib:

"Cəmiyyətin inkişafı elmə və alimə münasibətdən başlayır. Son günlər sosial şəbəkələrdə və bəzi platformalarda yaşlı alimlərin bir anlıq görüntüsü üzərindən lağlağı hədəfinə çevrilməsi düşündürücüdür. Halbuki “hesabatda mürgüləyən” bir alimin kağıza yazılmış tərcümeyi-halı ona istehza edənlərin cəminin çəkisindən daha ağırdır.
Bu gün istehza edənlərin neçəsi Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanasına gedib?
Neçəsi orada toplanmış minlərlə elmi nəşrə baxıb, beynəlxalq və respublika konfranslarının materiallarını vərəqləyib, alimlərin illərlə zəhmətlə ərsəyə gətirdiyi məqalələri oxuyub? Bir kadrın arxasında dayanan onillik zəhməti görmək üçün elm mühitinə yaxından baxmaq kifayətdir".
Müsahibin sözlərinə görə, alimin dəyəri sosial şəbəkə reaksiyaları ilə yox, illərlə formalaşan elmi irsi ilə müəyyən olunur:
"Bəs niyə Azərbaycan Milli Elmlər Akademiyası tez-tez hədəf seçilir? Çünki elm populizmlə qidalanmır. Onun “reklam müqaviləsi” adı ilə mətbuata təqdim ediləcək aylıq paketi yoxdur, troll ordusu saxlamır. Elm səs-küylə deyil, nəticə ilə danışır.
Yaşlı alimini və elmini məsxərəyə qoyan cəmiyyət öz gələcəyini kiçildir.
Alimini lağlağı obyekti edən cəmiyyət zamanla elmi əsaslı düşüncə qabiliyyətini itirir, innovasiya potensialı zəifləyir və qlobal rəqabətdə geri qalır. Elmə hörmət isə təkcə alimə deyil, ölkənin gələcəyinə sərmayədir".
Fatimə Məmmədova
13:24 26.02.2026
Oxunuş sayı: 572