Uşaqların təxminən 50 faizi sosial mediadan informasiya əldə edir - Emin Əmrullayev
Bu gün bir şagird ənənəvi dərsliklə cəlbedici video kontent arasında seçim edərkən, çox vaxt videonu seçir. Biz uşaqlardan yalnız ənənəvi dərslik ilə öyrənməyi tələb etsək, cəmiyyətin irəli gədə bilməyəcək.
Crossmedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, əsas yanaşma qadağa deyil, risklərin azaldılması olmalıdır.
"Uşaqların təxminən 50 faizi sosial mediadan informasiya əldə edir. Bu isə riskli hesab olunur, çünki yanlış məlumatların formalaşmasına səbəb ola bilər. Lakin burada əsas məsələ bunun həqiqətən yanlış düşüncə yaradıb-yaratmamasını ölçməkdir; fərziyyələri fakt kimi təqdim etmək doğru deyil.
Bildiyimiz əsas reallıq odur ki, uşaqlar sosial mediada daha çox vaxt keçirməyə meyillidirlər. Dövlət olaraq bu proses tənzimlənməlidir, amma eyni zamanda nəzərə almaq lazımdır ki, uşaqların elektron öyrənmə imkanları əvvəlki nəsillərlə müqayisədə daha geniş olacaq və bunu tamamilə məhdudlaşdırmaq mümkün deyil. Biz istəməsək də, məktəbə alternativ öyrənmə mənbələrinin sayı artır. Əsas məsələ bu alternativ mənbələrin düzgün tənzimlənməsi və məktəb sisteminə inteqrasiyasının təmin edilməsidir. Tədqiqatlar göstərir ki, nağıl dinləməklə böyüyən uşaqlar məktəb dərslərində, riyaziyyatda daha uğurlu olurlar. Təəssüf ki, bu gün valideynlərin uşaqlarla oyun oynamaq, zaman ayırmaq üçun vaxtı yoxdur", - deyə nazir qeyd edib.
17:35 10.06.2026
Oxunuş sayı: 57