Xərçəng əleyhinə yeni vaksin kəşf olunub, onkoloji xəstəliklərin müalicəsi asanlaşır - MÜSAHİBƏ
Tibb elminin son illərdə sürətlə inkişaf edən sahələrindən biri olan fərdiləşdirilmiş terapiyalar xərçənglə mübarizədə yeni ümidlər formalaşdırır. Genetik əsaslı müalicə yanaşmaları xüsusilə ağır və müalicəyə davamlı şiş xəstəlikləri zamanı ənənəvi üsulların imkanlarını genişləndirərək, daha dəqiq və hədəfli terapiya modellərinin tətbiqinə şərait yaradır. Bu kontekstdə Avstraliyada uşaqlar üçün nəzərdə tutulmuş xərçəng əleyhinə peyvəndin klinik sınaqlarına başlanması dünya səhiyyə tarixində mühüm hadisə kimi qiymətləndirilir. Beyin şişləri ilə mübarizədə yeni mərhələ açan bu təşəbbüs onkoloji müalicədə elmi-texnoloji innovasiyaların praktik nəticələrini nümayiş etdirir.
Tibb elmləri doktoru, həkim - onkoloq Fərid Museyibov bu barədə Crossmedia.az-ın suallarını cavablandırıb:
— Ümumiyyətlə, peyvəndlər xəstəliklərin qarşısının alınmasında nə qədər etibarlı və effektiv hesab olunur?
— İlk növbədə qeyd etmək lazımdır ki, peyvəndlər müasir tibbin ən mühüm nailiyyətlərindən biridir. Onlar bir çox infeksion və virus mənşəli xəstəliklərin qarşısının alınmasında son dərəcə yüksək effektivliyə malikdir. Bu gün dünyada çiçək, poliomielit, difteriya, hepatit və bir sıra digər ağır xəstəliklərin yayılmasının qarşısının alınmasında peyvəndlərin rolu danılmazdır. Azərbaycanda da uşaqlara qarşı aparılan peyvənd proqramları çərçivəsində bu xəstəliklərin əksəriyyəti faktiki olaraq nəzarət altına alınıb.
— Peyvəndlərin, xüsusilə də uşaqlarda hər hansı ciddi əks təsirləri varmı?
— Ümumiyyətlə, sertifikatlaşdırılmış və klinik sınaqlardan keçmiş peyvəndlər təhlükəsiz hesab olunur. Əks təsirlər adətən yüngül olur – qızdırma, inyeksiya yerində ağrı, halsızlıq və s. Bu reaksiyalar immun sisteminin peyvəndə verdiyi normal cavabdır. Ağır və ciddi yan təsirlər isə son dərəcə nadir hallarda müşahidə olunur. Məhz buna görə də peyvəndlər tətbiq olunmazdan öncə uzunmüddətli klinik sınaqlardan keçirilir.
— Hazırda uşaqlar üçün nəzərdə tutulan xərçəng əleyhinə peyvənd gələcəkdə böyüklər üçün də tətbiq edilə bilərmi?

— Bəli, bu ehtimal var. Tarixən bir çox peyvəndlər əvvəlcə uşaqlar üzərində sınaqdan keçirilmiş, sonradan böyüklər üçün də tətbiq olunmağa başlanmışdır. Bu gün bəzi onkoloji xəstəliklərin yaranmasında virus faktorlarının böyük rolu var. Məsələn, qaraciyər xərçənginin əsas səbəblərindən biri hepatit viruslarıdır. Uşaqlıq boynu xərçənginin əsas səbəbi isə HPV – insan papilloma virusudur. Bu viruslara qarşı artıq peyvəndlər mövcuddur və Azərbaycanda da tətbiq olunur. Yeni xərçəng əleyhinə peyvəndlərin də gələcəkdə həm uşaqlara, həm də böyüklərə şamil olunması mümkündür.
— Bu tip peyvəndlərin gələcəkdə Azərbaycanda tətbiqi mümkündürmü və səhiyyə sistemimiz buna hazırdırmı?
— Hazırda bu sahədə dünyada genişmiqyaslı elmi araşdırmalar və klinik sınaqlar aparılır. Avstraliyada başlanacaq bu yeni sınaqlar da məhz həmin prosesin bir hissəsidir. Əgər bu peyvəndlərin effektivliyi və təhlükəsizliyi elmi olaraq sübut olunsa, gələcəkdə onların Azərbaycanda da tətbiqi tam realdır. Azərbaycan səhiyyə sistemi artıq bir sıra müasir peyvənd proqramlarını uğurla həyata keçirir. Bu baxımdan, yeni nəsil onkoloji peyvəndlərin tətbiqi üçün həm hüquqi, həm də tibbi baza mövcuddur. Onkoloji xəstəliklərin həm dünyada, həm də ölkəmizdə getdikcə “cavanlaşdığını” nəzərə alsaq, bu cür innovativ yanaşmalar gələcək üçün son dərəcə ümidvericidir.
Elmir Heydərli
13:10 05.02.2026
Oxunuş sayı: 664