Sağlamlıq

Basdırılmış duyğular...

Duyğular neyrofizioloji dəyişikliklər nəticəsində yaranan düşüncələr, hisslər, davranış, razılıq və ya narazılıqla əlaqəli psixoloji və ya fiziki vəziyyətdir. Duyğuların təkamül mənşəyi haqqında nəzəriyyələr  Çarlz Darvinlə  bağlıdır. Ancaq bu haqda bir çox nəzəriyyəçilərin de araşdırma və fikirləri mövcuddur. 

Araşdırmalar nəticəsində emosiyaların bir neçə nəzəriyyəsi müəyyən edilmişdir. Həmin nəzəriyyələrdən bir neçəsi duyğularımızın əsasını təşkil edir:
•    Xoşbəxt
•    Həyəcanlı
•    Kədərli 
•    Qəzəbli
•    Qorxu
İnsan duyğuları bunlardan ibarət deyil, ancaq əsasında bu 6 nəzəriyyə dayanır. Gün içində yaşadığımız situasiyalar yaşadığımız duyğu, his və düşüncələrimizə təsir edir. İnsanlara, onların davranışlarına diqqətlə baxsaq görərik ki, birini xoşbəxt etmək elədə çətin deyil. Gün ərzində etdiyiniz  kiçik bir mənfi və ya müsbət  sözlə  o, şəxsin bütün gününü gözəlləşdirə və ya məhv edə bilərsiniz.

Duyğuların ifadə formaları:
İnsanlar öz duyğularını ifadə etmə şəklinə görə iki yerə bölünür.   Duyğularını açıq şəkildə ifadə edə bilənlər  və  əksinə ifadə edə bilməyənlər. İnsan qaçmaq istədiyi, üzləşməkdən qorxduğu, onu narahat edən ağrılı hisslərdən qaçır.Onları nə yaxınlarıyla, nə özüylə paylaşır. Özüylə paylaşmır dedikdə, yəni yaşadıqlarını qəbullanmır. Qəbul edib ifadə etmək əvəzinə şüurunun dərinliklərinə basdırır. Bunun bir çox səbəbləri ola bilər. Duyğusal basqı cəmiyyətin və ya ailənin gözləntilərini qarşılamadıqda yaxud qarşılamaqda çətinlik çəkdikdə, şəxsi travmaları olduqda, qorxu və narahatlıq səbəbindən bəzi duyğuları emal edə bilməmək bu səbələrə misal ola bilər.

Basdırılmış duyğular şəxsin uşaq yaşlarından öyrəndiyi müdafiə üsulu ilə də bağlı ola bilər. İnsanlar yaşadığı travmatik təcrübələrdən rədd edilmə qorxusudan və digər acı verən şeylərdən özünü qorumaq üçün müəyyən duyğuları basdıraraq onları bir daha yaşamamağa çalışırlar. Bununla həm də  etdikləri səhvləri  təkrarlamayacaqlarını düşünürlər. Özlərini buna inandırırlar. Ancaq bu hisləri yox sayıb ifadə etməmək, bir müddət sonra ciddi emosional,  fiziki və digər təsirlərə səbəb ola bilər.

İfadə edilməyən hislərin təsirləri 

• Fiziki sağlamlığa təsirləri
Bədənin stres səviyyəsi arta bilər. Bu özunu narahatlıq,baş ağrısı,mədə problemləri hətta bəzən ürək xəstəlikləri kimi də özünü büruzə  verə bilir. Çünkü emosiyalar bədəndə enerji olaraq saxlanılır.Enerji sərbəst buraxılmadıqda saydığımız hallarla özünü bədəndən atır. 

• Psixoloji təsirləri
Depressiya, xroniki narahatlıqlar ani duyğu partlayışlarına səbəb ola bilir. Çünkü fərd şüurlu şəkildə emosiyalarıyla məşğul olub, onları yaşamaq yerinə  görməzdən gəlib içində yaşayır, unutmağa çalışır. Bu o hislərin yox olduğu anlamına gəlmir. Onlar fərqində olmadan davranışlarına təsir edir. Bu da onun yaxınlarıyla,ətrafında olan insanlarla  münasibətinə təsir edir. Əgər bir insan qəzəbini,qısqanclığını yaxud da kədərini düzgün yaşamırsa, həmin adam zamanla bütün bu duyğuları özündə toplayaraq  yaxınlarına  qarşı gözlənilməz,qırıcı, kobud reksiyalar verə bilər.

• Təcrübənin qavrayışına təsiri
İfadə edilməyən hisslər fərdin öz həyat təcrubələrini yaşamasına imkan vermir.

Basdırılmış duyğularla necə mubarizə aparmaq olar?

• Şüurlu fərqindəlik 
İngilis dilində  adı “mindfulness” olan bu üsulla duyğularınızı daha yaxşı anlaya və onları diqqət mərkəzinə alıb dərk edə bilərsiniz.
• Gündəlik tutmaq
İfadə edə bilmədiyiniz, yaşamaqda çətinlik  çəkdiyiniz hisslərinizi və ya onları doğuran hadisələri  kağıza tökərək,onun enerjisini bədəninizdən kənarlaşdıra bilərsiniz. Bu onları görməzdən gəlmək yerinə,onlar üzerində düşünməyinizə də kömək ola bilər.
• Terapiya
Peşəkar yardım alaraq da bununla savaşa bilərsiniz. Əsas da bu zamanlarda tək mübarizə aparmamaq, həmin hisləri tanımaq və sağlam şəkildə ifadə etmək yollarını öyrənmək  üçün terapevtlərə müraciət edə bilərsiniz. Basdırılmış duyğuları üzə çıxarmaq və yaşadığınız travmaları aşmaq üçün terapevt doğru seçimdir.

Kim olduğunuzdan asılı olmayaraq yaşadığınız çətin anlarda özünüzü ifadə etməkdən çəkinməyin. Çünkü biz insanıq,  əsəbləşmək, kədərlənmək, sevinmək, utanmaq - bunların hamısı - bizim haqqımızdır. Ancaq bu qarşımızdakıları düşünməyək mənasına da gəlmir. Çünkü qarşınızdakı insanlar sizin içinizdə olanlardan xəbərsizdir. Sizi anlayacağından əmin olduğunuz insanlar sizdən uzaqlaşmasın deyə, içinizdə yaşadığınız hissləri onlarla paylaşın. Bəlkə sadəcə danışıb paylaşmaq belə nələrinsə həll olmasına kömək edəcək. Deyirlər, sevinc paylaşdıqca çoxalır. Bəs kədər? Unutmayın paylaşmadığınız və ya beyninizdə saxladığınız bütün duyğular yox olmur, sadəcə bir qartopu kimi üst-üstə yığılır və daha da ağırlaşır. Basdırdığınız hər duyğu siz irəlidə sevinc, həyəcan, hətta xoşbəxtliyi belə düzgün yaşamaqdan məhrum edə bilər.

Tərlan Əmrahova

11:27 03.12.2024

Oxunuş sayı: 10603

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR