Etnik zorakılıq Hindistanda vəziyyəti gərginləşdirib: XALQ NARAZIDIR
Son illər Hindistanda etnik və dini azlıqlara, xüsusilə zikh icmasına qarşı tətbiq edilən siyasət beynəlxalq müstəvidə ciddi narahatlıqlar doğurur. Ayrı-seçkilik, zorakılıq və insan hüquqlarının pozulması ilə bağlı iddialar bu ölkədə milli azlıqların vəziyyətini yenidən gündəmə gətirib. Qeyd edək ki, mövcud reallıqların beynəlxalq səviyyədə müzakirə olunması, insan hüquqları baxımından yaranan risklərin dəyərləndirilməsi və bu siyasətin regiona mümkün təsirlərinin təhlil edən Bakı Təşəbbüs Qrupu bu məsələni gündəmə gətirməkdədir.
Mövzu ətrafında Crossmedia.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev hesab edir ki, Hindistanda etnik azlıqlara, xüsusən zikhlər və digər milli azlıqlara qarşı zorakılıq və diskriminasiya halları uzunmüddətli tarixi, siyasi və sosial kompleksin nəticəsi kimi qiymətləndirilə bilər: "Son illərdəki artımda bir neçə əsas səbəb diqqət çəkir. Bir tərəfdən, Hindistanın daxili siyasi kontekstində hindu millətçiliyi əsas ideoloji xətt olaraq güclənir, xüsusilə Hindustan Xalq Partiyasının hakimiyyəti dövründə bu tendensiya daha da görünür. Bu ideologiya, milli kimliyi daha çox hindu əhalisinin üstünlüyü üzərində qurur və etnik-religioz azlıqların – xüsusilə müsəlmanlar, zikhlər, xristianlar və s. – hüquq və təhlükəsizliyini zəiflədə bilir. Sosial baxımdan, çoxsaylı regionlarda iqtisadi və sosial bərabərsizliklər mövcuddur. Azlıqların yaşadığı bölgələrdə resurslara çıxışın məhdud olması, təhsil və iş imkanlarının azlığı, həmçinin stereotiplərin yayılması onların daha çox təzyiq və zorakılığa məruz qalmasına səbəb olur".
Bundan əlavə, politoloq vurğulayıb ki, media və sosial şəbəkələrdə yayılan nifrət təbliğatı da ictimai qütbləşməni artırır və zorakılıq hallarını təşviq edir: "Hindistan hökuməti və beynəlxalq təşkilatlar bu halların qarşısını almaq üçün bir sıra tədbirlər görə bilər. Daxili siyasətdə qanunvericiliyin gücləndirilməsi, etnik və dini azlıqların hüquqlarını qoruyan effektiv mexanizmlərin tətbiqi, zorakılıq və diskriminasiyaya qarşı ciddi cinayət məsuliyyətinin yaradılması önəmlidir. Eyni zamanda, sosial inteqrasiya proqramları, təhsil və maarifləndirmə kampaniyaları vasitəsilə ictimai şüurun dəyişdirilməsi də uzunmüddətli həll yollarından biridir. Beynəlxalq səviyyədə isə BMT, İnsan Hüquqları üzrə Ali Komissarlıq və digər beynəlxalq qurumlar vasitəsilə monitorinq, hesabatların hazırlanması, diplomatik təzyiq və texniki yardımın göstərilməsi ilə vəziyyətin yaxşılaşdırılmasına çalışmaq mümkündür.
Hindistandakı etnik zorakılıq beynəlxalq ictimaiyyət və qonşu ölkələrlə münasibətlərə birbaşa təsir göstərə bilər".
Politoloq, həmçinin, insan hüquqları pozuntularının artmasının qlobal miqyasda tənqidləri gücləndirdiyini, Hindistanın diplomatik imicini zəiflədə və ticarət, investisiya və turizm sahələrində mənfi nəticələrə səbəb ola biləcəyini deyib: "Qonşu ölkələr, xüsusilə Pakistan, Bangladeş və Myanma, etnik və dini azlıqlarla bağlı məsələlərə həssas yanaşdıqları üçün Hindistanla siyasi gərginlik artacaq və regional əməkdaşlıq çətinləşə bilər. Bununla yanaşı, diaspora icmalarının da etirazları və beynəlxalq media vasitəsilə vəziyyətin diqqətə çatdırılması Hindistanın daxili və xarici siyasətinə əlavə təzyiqlər yarada bilər.
Beləliklə, Hindistanda etnik azlıqlara qarşı zorakılıq təkcə daxili sosial-siyasi problem deyil, həm də regional və qlobal kontekstdə əhəmiyyətli təsirləri olan məsələdir. Onun həlli həm daxili hüquqi və sosial islahatlar, həm də beynəlxalq monitorinq və əməkdaşlıq vasitəsilə mümkündür".
Fatimə Məmmədova
09:34 16.01.2026
Oxunuş sayı: 1595